Zahid Oruc: “Bəzən şəxsi hikkəmizi və ya nifrətimizi gətirib milli məsələdə nifaq yaradacaq həddə çatdırırıq”
Ötən həftə təhsil naziri Ceyhun Bayramov Azərbaycanda “Rus dilinin intensiv tədrisi” layihəsinin davam etdirilməsi ilə bağlı əmr imzaladı.
Nazirlikdən verilən məlumata görə, qeyd olunan layihə hazırda 50 ümumi təhsil müəssisəsində həyata keçirilir.
Bu məktəblər isə həm Bakıda, həm də regionlarda yerləşdirilir. Əldə etdiyimiz məlumata görə, bu layihənin davamlı olması nəzərdə tutulur.
Azərbaycanda orta məktəblərdə ingilis dili də tədris olunur. Bir sıra ali məktəblərdə isə bəzi ixtisaslar tamamilə ingilis dilindədir.
Bəs ümumilikdə Azərbaycan gənclərinə ingilis, yoxsa rus dili daha vacibdir?
Bəzi şəxslər bildirirlər ki, Azərbaycan Qafqaz ölkəsi olduğu üçün gənclərimizin rus dilini bilməzi vacibdir. Bunun əksini düşünənlər isə hesab edirlər ki, hazırda dünyada əsas elmi ədəbiyyatlar, informasiyalar ingilis dilindədir. Ona görə də Azərbaycan gəncinin ingilis dilini mükəmməl bilməsi, onun üçün daha geniş qapıların açılması deməkdir.
“Yeni Müsavat”a danışan deputat Zahid Oruc söyləyib ki, Azərbaycanın keçmişdə sovetlər birliyinin tərkib hissəsi olması səbəbindən iki reallıq formalaşıb:
“Bunun birincisi ondan ibarətdir ki, bizim elmi həmçinin bədii nəşrlərimizin böyük bir hissəsi rus dilindədir. Elə bilin ki, adını sovet mirası qoyub, onları dəfn edirik. Hər birimiz də bunun ağrısını sonrakı dövrdə həyatımızda hiss edirik. Belə ki, mühəndis çatışmayanda, iqtisadiyyatın müxtəlif sferalarında hansısa problem yaşayan zaman bunu başa düşürük. Ancaq buna baxmayaraq, səbəbi də öz adı ilə çağırmaq fikrində deyilik. Yəni məsələn, görürük ki, müxtəlif kitabxanalardan ayrı-ayrı şəxslərin özünün evində qoruyub saxladığı kitablardan rus dilində olanlar ayaq altına tökülür. Hesab edirik ki, bu, bizim həyatımız üçün heç bir önəm daşımır və eləcə də gələcəyimizə də münasibətdə qərarımız həmin düşüncədən olur. Deyirik ki, bu gün dünyada ingilis dili böyük populyarlığa malikdirsə, beynəlxalq məkana çıxışın ən yaxşı vasitəsidirsə dövrün idealojisinin üzərinə pərçimlənməliyik, ingilis dilinin hökmranlığını tanıyıb, rus dilindən vaz keçməliyik. Bu, hesab edirəm ki, çox yanlış qərar olar. Nəticə etibarı ilə bu, zamanın trendidir və bu trend əsasında da balalarımızı formalaşdırmalıyıq. Məsələyə yanaşmamız bir neçə əsas prinsipial ehtiyaclarımızı nəzərə almaqla qurulmalıdır. Azərbaycanın coğrafiyası, bütövlükdə Qarabağın işğaldan azad olunması şəraitində artan əhalimizin ehtiyaclarını tam ödəməyə imkan verməyəcək. Bunu, açıq şəkildə söyləmək lazımdır. Qəti şəkildə bu, hakimiyyətlərin nə dərəcədə sənaye müəssisələri, aparıcı iqtisadi sahələr yaratmasından asılı olmayacaq. Yəni əhalinin müəyyən bir hissəsi bütün hallarda iş, təhsil və sairə ehtiyacları üçün dünyada olduğu kimi müxtəlif məkanlara üz tutacaqlar. Vahid bir mədəniyyətin içərisində yer aldığımız rus xalqı ilə çox əlaqələrimiz formalaşıb. Hər şeyi yalnız rus ideologiyası, işğal, imperiya, başqa millətlərə asanlıqla mənəvi cəhətdən təmsil olma, köləlik saymağın əleyhinəyəm. Dil nə üçün maneə olsun ki?”
Deputat bildirib ki, dil üzərindən şovinizm ideyaları daşınırsa bu, başa düşüləndir:
“Yaxşı, məgər ingilis dilində bu edilmir? Həmin vasitələrlə, yumşaq güc siyasəti ilə o imperiyalar öz mövqelərini dünyada bərqərar etmirlər ki? Ona görə də “bir dil pisdir, ona görə ki, işğala xidmət edir” formulu doğrudan da düzgün səslənmir. Ancaq hər bir fikrə hörmətlə yanaşmağın da tərəfindəyəm. Çünki burada baxışlar nə qədər müxtəlif olsa, o qədər faydalıdır. Məsələnin başqa tərəfi də var; burada könüllü seçim hissələri önəmlidir. Üçüncüsü də iqtisadiyyatın ehtiyacları nədirsə, biz də onun əsasında qərar verməliyik. Əgər görürüksə ki, Azərbaycan insanının müəyyən bir qismi Rusiyaya gedib, hansısa sahələrdə özünə yer tuta bilər və yalnız onların xidmətçi sektorda yerlərini görməli deyilik. Sabah Rusiyanın idarəetmə strukturlarında, Azərbaycanlıların görkəmli nümayəndələrinin olacağı təqdirdə bundan niyə qürurlanmayaq? Ona görə də balalarımızı indidən kor qoyaq ki, gedib orada yalnız xidmət sektorunda fəaliyyət aparsınlar? “Rus dili ilə aramızda çəpər çəkməliyik, ingilis dili ilə bizi xoşbəxtlik gözləyir” fikri çox qəribə səslənir. Bölgənin dilləri ilə danışmağı bacaran vətəndaşlarımız olmalıdır. Hətta lehinəyəm ki, insanlarımız fars dilində də öyrənsinlər. Formul doğrudur ki, neçə dil bilirsənsə, o sayda da adamsan. Biz rus dövlətinə münasibətimizi bəzən gətirib dilə də şamil edirik. Bu məkanda bütövlükdə bir xalq olaraq ingilis dilində də danışsaq, təzədən məcbur qalıb, ruslarla ünsiyyət qurmağa, sosial proseslərdə bərabər iştirak etməyə, ticarətdə olmağa möhtacıq. Nəhayət biz bunu dərk etməliyik ki, uzun on illər boyu hər birimiz 1990-cı illər hadisələri ucbatından tarixə indekslənərək, o dövlətin lap çarizm dövründə də siyasətini pisləmişik. Lakin ondan sonrakı dövrdə daxildə məlum patriot, Rusiyanın içərisində şovinist və bir də Qərbin fitvası ilə bu toqquşmalar dərinləşib, müəyyən düşmənçilik münasibətləri yaranıb. Onu da aşıb, insanlarımızın rus dilində danışması referendumda həll olunası məsələyə çevrilib. Əlbəttə ki, bu fikirləri söyləyərkən, əsas ana dilimizi qoyub, ikinci, üçüncü dillərə üstünlük verilməsini söyləmədim. Dünyada Belçika kimi ölkələr var ki, orada 2-3 dil dövlətin rəsmi dili sırasında yer alıb. Onlar nə etsinlər? Məgər onlar parçalanıblar? Biz çalışmalıyıq ki, gələcək dövrdə də bölgədə bizim milli-mənəvi həyatımızı, elmi prosesləri rus dilində dərc olunmuş külli miqdarda əsərlərə çıxışı bərqərar edək. O dil danışmağı bacarmalıyıq. Dmitri Peskov Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri olaraq türk dilində gözəl danışır. Jirinoviski də türk dilini bilir. Biz bəzən şəxsi hikkəmizi və ya nifrətimizi gətirib milli məsələdə nifaq yaradacaq həddə çatdırırıq. Nazir tərəfindən verilən qərarın, Azərbaycan millətinin maraqlarına xidmət etdiyi düşüncəsindəyəm. Burada başqa maraqlar axtarmaq yanlış olar. Azərbaycanda rus dilli məktəblərin olması bizdə yadlaşma problemini doğurmayacaq”