İNKLÜZİV TƏHSİL və yaxud BİZ DƏ VARIQ

2118

Bu günlərdə Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin xətti ilə keçirilən bir tədbirə dəvət olunmuşdum. Həm dəvətçi, həm də tədbirin keçirildiyi məkan mənə doğma olduğundan böyük məmnuniyyətlə iştirak edəcəyimi bildirdim. Dəvət edən istedadlı jurnalist dostumuz, “168 saat” qəzetinin baş redaktoru Vüsal Məmmədov, məkan isə tanınmış şairə, respublikanın Əməkdar müəllimi, “Şöhrət” ordenli, bütün ömrünü Sumqayıt təhsilinə həsr etmiş Ofelya xanım Babayevanın rəhbərlik etdiyi 11 saylı tam orta məktəb idi.

Tədbirlə bağlı düşüncələrimi bölüşməzdən öncə inklüziv təhsil haqqında bəzi rəsmi məlumatları diqqətinizə çatdırmaq istərdim. Hazırda Azərbaycanda 60 mindən artıq əlil uşaq mövcuddur ki, bunlardan da yalnız 12 mininin inklüziv təhsilə cəlb edildiyi haqda məlumatlar var. Mövcud əlil uşaqlardan 1200 nəfəri xüsusi təhsil məktəblərinə, 2700 nəfəri isə xüsusi internat məktəblərinə cəlb olunub. İnternatlarda təhsil alan uşaqlardan təxminən 1400 nəfəri gecələr də həmin məktəblərdə qalırlar. Bu təhsilə cəlb edilən uşaqların mütləq çoxluğu – 7800 nəfəri isə evdə təhsil alır. Cəmi 300 uşaq isə inklüziv təhsilə cəlb edilib.

60 min əlil uşaqdan 12 mininin inklüziv təhsilə cəlb edilməsini ekspertlər, həmçinin UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbərləri çox aşağı göstərici olduğunu vurğulayırlar. Uşaqların inklüziv təhsilə cəlb olunmasına əsas maneələrdən biri kimi valideyn faktorunu ortaya qoyan ekspertlər bu sahədə həyata keçiriləcək proqramlar çərçivəsində valideynlərlə iş aparmağın vacibliyini ön plana çəkirlər. Qeyd edək ki, artıq Təhsil Nazirliyi, UNİCEF və Heydər Əliyev Fondu tərəfindən inklüziv təhsil haqqında dövlət proqramı layihəsi hazırlanaraq hökumətə təqdim olunub. Mənə elə gəlir ki, bu dövlət proqramının həyata keçirilməsi Azərbaycanda bu sahənin vəziyyətinə müsbət təsir göstərməklə, köklü dəyişikliklərə gətirib çıxaracaqdır.

Mən əslində, orta məktəblərin nəzdində yaradılmış inklüziv təhsilə daha müsbət yanaşmışam. Çünki xüsusi təhsil məktəblərinə və internat məktəblərinə nisbətdə ümumtəhsil məktəblərində bu qəbildən olan uşaqlar özlərini daha rahat, daha sərbəst, hər cür qayğı ilə əhatə olunmuş kimi hiss edirlər. Cəmiyyətə bu qaydada inteqrasiya olunmaları onlara əlilliklərini unutdurur, sabaha inamlarını artırır, oxumağa, yazmağa, müəyyən yaradıcılıq potensiallarını ortaya qoymağa imkan verir, ən əsası isə özlərini cəmiyyətin bərabərhüquqlu üzvü hiss edirlər.

Mən bunun Sumqayıt şəhərindəki 11 saylı tam orta məktəbdə “Əlillik mövzusunda əsaslı maarifləndirmə kampaniyası” çərçivəsində keçirilən tədbirdə iştirakım zamanı tam şahidi oldum. Tədbir məktəbdə inklüziv təhsil alan şagirdlərin əl işlərindən ibarət sərgiyə tamaşa ilə başlandı. Bəzi məqamlarda bu əl işlərinin fiziki cəhətdən qüsurlu olan uşaqlara aid olmasına adamın inanmağı gəlmirdi. Müəyyən məqamlarda isə adam heyrətlənmək dərəcəsinə çatırdı. Əl işlərinin əksəriyyətinin vətənpərvərlik mövzusunda olması, bir çoxlarının təbiət mənzərələrini özündə əks etdirməsi, bu rəsmlərin arasında hətta neft buruqlarını belə görməyin özü insana sevincqarışıq kövrək duyğular bəxş edirdi. Tədbirin davamı kimi akt zalında aparılan söhbətlər, bu uşaqların ifasında təqdim olunan musiqi və rəqs nümunələri, bəstəkar mahnıları, bir sıra musiqi alətlərində solo ifalar və nəhayətdə bu tədbirin məntiqi nəticəsi olaraq məktəb və “Azərikimya” İstehsalat Birliyi tərəfindən onlara verilən halal-hümmət hədiyyələr sanki bizim hər birimizi adını belə bilmədiyimiz başqa bir məkana götürmüşdü. Elə bir məkana ki, o məkanda hamı şad idi, o məkanda hamı xoşbəxt idi, o məkanda hamı bir-birinə can deyib can eşidirdi.

Tədbirdə o da məlum oldu ki, 2 sinif 5 uşaqla inklüziv təhsilə öz qoynunda yer verən məktəbdə hazırda 20 sinifdə 38 uşaq inklüziv təhsil alır.

Bu tədbirin Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi tərəfindən keçirilməsindən və Açıq Cəmiyyət İnstitutunun “Uşaqlara yardım üçün Qafqaz Şəbəkəsi” layihəsi tərəfindən dəstəklənməsindən asılı olmayaraq, nədənsə tədbirdən ayrılarkən “168 saat” qəzetinin baş redaktoru Vüsal Məmmədova və 11 saylı tam orta məktəbin direktoru Ofelya xanım Babayevaya dərin minnətdarlıq hissi keçdi ürəyimdən və bu hissimi onlarla bölüşmək qərarına gəldim.

Rafiq ODAY,

Azərbaycan Jurnalisitlər Birliyi  Sumqayıt şəhər təşkilatının sədri

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər