İnsan amilinə xidmət edən mütərəqqi siyasət

689

İcbari tibbi sığorta bütün ölkə üzrə uğurla tətbiq olunur

Sağlam ömür yaşamaq, xəstəliklərdən uzaq olmaq hər bir insan üçün həyatının əvəzolunmaz sərvətidir. Qürur hissi ilə qeyd etməliyik ki, Azərbaycan dövləti bu məsələdə hər zaman vətəndaşının yanındadır və əhalinin sağlamlığının qorunması Prezident İlham Əliyevin xüsusi diqqət mərkəzindədir. Respublikamızda tibb sahəsində aparılan köklü islahatlar, səhiyyə sisteminin maddi-texniki bazasının gücləndirilməsi, müasirləşdirilməsi, tibbi xidmətlərin keyfiyyətinin artırılması buna bariz nümunədir.

Məqsəd vətəndaşların sağlamlığıdır

Əhalinin sağlamlığının qorunmasına yönəlik və həmrəylik prinsipinə əsaslanan sosial layihə olan icbari tibbi sığortanın bu ildən etibarən respublikamızda tam tətbiqi də bir daha təsdiq edir ki, həyata keçirilən dövlət siyasətinin mərkəzində, ilk növbədə, insan amili dayanır. İcbari tibbi sığorta tibbi xidmətlərin vətəndaş tərəfindən tam ödənişsiz əldə olunması üçün tətbiq olunan sistemdir. Məqsədi tibbi xidmətləri vətəndaşlar üçün əlçatan etmək, əhalini sağlamlığı ilə bağlı maliyyə risklərindən qorumaq və səhiyyə sisteminin maliyyələşdirilməsini dayanıqlı iqtisadi əsaslarla təmin etməkdir. Bu, tibb sektorunun yeni maliyyələşmə metodudur. Ona görə icbari tibbi sığorta həm də səhiyyə sahəsinə ayrılan maliyyə vəsaitlərindən səmərəli istifadə edilməsinə zəmin yaradır.

Xatırladaq ki, Prezident İlham Əliyevin fərmanlarına əsasən, Mingəçevir şəhərində, Yevlax və Ağdaş rayonlarında icbari tibbi sığorta pilot layihə kimi həyata keçirilib. 2017-2019-cu illər ərzində keçirilmiş layihənin nəticələri dövlət başçısı tərəfindən yüksək qiymətləndirilib və sistemin ölkənin digər ərazilərində mərhələli tətbiqinə dair qərar verilib. Bu il yanvarın 1-dən Azərbaycanda icbari tibbi sığortanın ikinci mərhələdə tətbiqinə başlanılıb. Ölkənin Gəncə, Şirvan, Qazax, Lənkəran, Salyan da daxil olmaqla, daha 36 şəhər və rayonu icbari tibbi sığorta sisteminə qoşulub. Aprelin 1-dən isə tibbi sığorta bütövlükdə ölkə ərazisini əhatə edib. Sonuncu – üçüncü mərhələdə Bakı, Sumqayıt, Abşeron, Xankəndi, Qubadlı, Zəngilan və Şuşa əhalisi icbari tibbi sığorta sisteminə cəlb olunublar. Beləliklə, 2021-ci ilin 1 aprel tarixindən isə icbari tibbi sığorta bütün ölkə ərazisini əhatə edir.

2550 sayda tibbi xidmət

İcbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlər “Xidmətlər Zərfi”ndə əks olunub. Hazırda “Xidmətlər Zərfi”nə 2550-yə yaxın tibbi xidmət daxildir. Vətəndaşlar 35 ilkin səhiyyə, 6 təcili və təxirəsalınmaz tibbi yardım, 508 ixtisaslaşdırılmış ambulator yardım, 731 laboratoriya, 26 fizioterapiya, 39 invaziv radiologiya və 1205 stasionar tibbi xidmətdən istifadə edə bilirlər.

İcbari tibbi sığortanın uğurlu tətbiqi üçün ilkin səhiyyə xidmətinin inkişafı və səmərəli təşkili əsas məsələdir. Bu xidmət sayəsində xəstəliklərin erkən aşkarlanması və xəstənin vaxtında müalicəsi mümkün olur. İcbari tibbi sığortada ilkin səhiyyə xidməti ailə həkimi (sahə-terapevti, sahə-pediatrı) tərəfindən göstərilir. Burada tibbi xidmət çərçivəsində ixtisaslaşdırılmış yardım tələb etməyən vəziyyətlərin, xəstəliklərin diaqnostikası və müalicəsi, ixtisaslı həkimlərə sığortaolunanların müayinə və müalicəsi üçün göndərişlərin verilməsi, tibbi profilaktik tədbirlər və tibbi-sanitar maarifləndirmə işinin aparılması, eyni zamanda qanın ümumi analizi üçün qan nümunəsinin alınması və s. xidmətlər qarşılanır.

“Xidmətlər Zərfi”ndə daha çox yer alan stasionar tibbi xidmət terapevtik və cərrahi növlərdən ibarətdir. Buraya ixtisaslı həkimin müayinəsi, stasionar müalicə önü tələb olunan müayinələr, instrumental və laborator müayinələrin aparılması, cərrahi əməliyyat, stasionar və ya reanimasiyada yatış və s. aiddir. Daha dəqiq ifadə etsək, stasionar tibbi xidmətlərə miokard infarktı, beyin insultu, ürəyin işemik xəstəliyi, ürək çatışmazlığı və digər qan dövranı sistemi xəstəlikləri, eləcə də mədə-bağırsaq xəstəliklərinin, uroloji xəstəliklərin, infeksion və parazitar xəstəliklərin müalicəsi, o cümlədən hamiləlik, doğuş və zahılıq dövründə xəstəliklərin müalicəsi, travmalar, yanıqlar, zəhərlənmələr zamanı müalicə və digər xəstəliklərin müalicəsi daxildir. Bu xidmətlər 3500-dən artıq diaqnozu əhatə edir.

“Xidmətlər Zərfi” ilə fizioterapiya xidmətləri də təminata alınır. Bunlara elektroforez, fonoforez, müalicəvi masaj, maqnitterapiya, vakum terapiya və s. xidmətlər daxildir. Fizioterapiya xidmətlərinə sığorta limiti tətbiq olunur. Belə ki, il ərzində hər bir fizioterapiya xidməti üzrə 10 prosedurdan artıq olmamaq şərtilə həkimin göndərişi əsasında sığortaolunana xidmət göstərilir.

On min manata başa gələn ürək əməliyyatı artıq ödənişsizdir

Koxlear protez cihazının implantasiyası və ya dəyişdirilməsi, oynaqdaxili endoprotezlərin yerləşdirilməsi, açıq və qapalı ürək əməliyyatları – aorto-koronar şuntlama əməliyyatı, ürək qapaqlarında aparılan əməliyyatlar, anadangəlmə ürək qüsurlarının cərrahi müalicəsi, eləcə də minimal invaziv üsulla həyata keçirilən kardiocərrahiyyə əməliyyatları və s. kimi 950 sayda cərrahi əməliyyat “Xidmətlər Zərfi” ilə qarşılanır.

Vətəndaşlara icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrində göstərilir. Vətəndaş qeydiyyatda olduğu ərazi üzrə dövlət tibb müəssisəsinə müraciət edir, həmin tibb müəssisəsində ona lazım olan tibbi xidmətin göstərilməsi mümkün olmursa, müqaviləli tibb müəssisələrində göndəriş əsasında tibbi xidmətlər göstərilir. Tibbi xidmətlərə göndəriş vərəqəsi TƏBİB-in tabeliyindəki tibb müəssisəsi tərəfindən verilir.

Müqaviləli tibb müəssisələrinə təkcə dövlət tibb müəssisələri deyil, özəl xəstəxanalar da aiddir. Elə xidmətlər var ki, onları dövlət xəstəxanası göstərə bilmir. Ona görə də özəl tibb müəssisələri ilə müqavilələr imzalanır. Özəl xəstəxanaların seçimi prosesində müəyyən meyarlar nəzərə alınır. Məsələn, belə müəssisələr daha geniş spektrda xidmət təklif edən xəstəxanalar olmalıdır ki, vətəndaş ona lazım olan ambulator və ya stasionar tibbi xidməti əldə edə bilsin.

Beləliklə, vətəndaş ödəniş etmədən həmin xidmətlərdən yararlana bilir. Məsələn, icbari tibbi sığorta tətbiq edilmədən öncə vətəndaş açıq ürək əməliyyatı üçün on min manata yaxın ödəniş etməli idi. Hazırda isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi müqaviləli özəl tibb müəssisələrində bu xidmətləri ödənişsiz şəkildə təmin edir. Bunun üçün ilkin mərhələdə vətəndaşın tibbi müayinələrdən keçməsi lazımdır. Həmin müayinələr TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində həyata keçirilir. Diaqnoz təsdiq olunduqdan sonra növbəti mərhələdə həmin şəxsin açıq və ya qapalı ürək əməliyyatına ehtiyacı varsa, bu xidməti göstərmək imkanına malik olan müqaviləli tibb müəssisəsinə göndəriş verilir.

Yatış və əməliyyat zamanı istifadə olunan dərman və tibbi sərf, koxlear implant sistemi, nitq prosessoru, stent, endoprotez və digər xüsusi tibbi sərflər də “Xidmətlər Zərfi” ilə təminata alınıb.

Tibbi xidmətlərin sayı artacaq

“Xidmətlər Zərfi”nə rəsmi statistik göstəricilərə əsasən, son 5 il müddətində əhali arasında əlillik və ölüm faizi yüksək olan xəstəliklər, eləcə də sayında davamlı artım müşahidə olunan sağlamlığın pozulması ilə bağlı digər xəstəliklər daxil olunub. Bununla belə hər il İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşların tibb müəssisələrinə müraciətlərini araşdırır, ən çox rast gəlinən xəstəlikləri, ən çox müraciət edilən tibbi xidmətləri və “Xidmətlər Zərfi”nə daxil olmayan tibbi xidmətlərə ehtiyacları müəyyənləşdirir. Bütün bunların nəticəsində də “Xidmətlər Zərfi”nə dəyişikliklərin edilməsi ilə bağlı əsaslandırılmış təklifin təqdim olunması barədə qərar verilir. Hazırda “Xidmətlər Zərfi”ndə dəyişikliklərin edilməsi, tibbi xidmətlərin sayının və çeşidinin artırılması ilə bağlı layihə hazırlanıb və aidiyyəti qurumlara təqdim olunub. Dəyişikliyə əsasən 2800-dən çox tibbi xidmətin icbari tibbi sığorta çərçivəsində göstərilməsi nəzərdə tutulur.

Məlum olduğu kimi, bir sıra xəstəliklərlə bağlı dövlət proqramları mövcuddur və bu səbəbdən onlar “Xidmətlər Zərfi”nə daxil edilməyib. Dövlət proqramlarının icra müddəti bitdikdən sonra həmin xəstəliklərin də müayinə və müalicəsi ilə bağlı xidmətlərin “Xidmətlər Zərfi”nə daxil edilməsi nəzərdə tutulur. Kosmetik prosedurlar və plastik cərrahiyyə, stomatoloji xidmətlər, orqan transplantasiyası, süni mayalanma və s. kimi tibbi xidmətlər icbari tibbi sığorta çərçivəsində təminata alınmır.

İstənilən sahədə islahatların uğurlarını şərtləndirən mühüm amillər var. Şəffaflığın təmin olunması, mütərəqqi idarəçilik və kadr potensialından düzgün istifadə istisnasız əsas şərtlər sırasında yer alır. İcbari tibbi sığorta sisteminin tətbiqi zamanı da qarşıya qoyulan hədəflərə uğurla çatmaq üçün düzgün həkim-kadr siyasətinin həyata keçirilməsi, vətəndaş müraciətlərinə çevik reaksiya göstərilməsi, tibbi sərfiyyatdan optimal istifadə, bu məqsədlə satınalmalar zamanı büdcə vəsaitlərinin səmərəli xərclənməsi vacibdir.

Bu baxımdan icbari sığorta sistemi yalnız tibb müəssisələrinin yeni strukturlarının yaradılması ilə bitmir. Vətəndaşlara keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün kadrlar düzgün seçilməli, zamanın tələbinə uyğun tibbi texnika ilə təminat həyata keçirilməlidir. Bu prosesdə şəffaflığın təmin olunması, sığorta haqlarının səmərəli istifadəsi icbari tibbi sığortanın daha da effektiv tətbiqinə, vətəndaşlarda icbari tibbi sığortaya etimadını daha da güclənməsinə və tibbi xidmətin zamanla daha yüksək səviyyəyə çatmasına yol açacaq.

Azərbaycanda vətəndaşların keyfiyyətli tibbi xidmətlə təmin olunması Prezident İlham Əliyevin uzaqgörənliklə yürütdüyü sosial siyasətin əsas istiqamətlərindən biridir. Bu sahədə mühüm addımlardan biri olan icbari tibbi sığortanın tətbiq olunması isə özünü uğurla doğrultmaqdadır. Bu sistem tədricən daha da təkmilləşəcək və nəticədə həm əhalinin daha çox tibbi xidmətlərə əlçatanlığı artacaq, həm də tibb müəssisələrinin infrastrukturu yaxşılaşacaq.

Müşfiq MƏMMƏDLİ,

Milli Məclisin deputatı, parlamentin Səhiyyə  komitəsinin üzvü

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər