Çoxəsrlik tarixi köklərə malik olan milli xeyriyyəçilik və mərhəmət ənənələrinə arxalanan çoxşaxəli fəaliyyəti ilə xalqının inamını və etimadını qazan ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva, həm də XXI əsr Azərbaycan qadının ən yüksək keyfiyyətlərini, bilik və intellektektə arxalanan müasirliyini, inam və əzmindən qaynaqlanan iradəsini bütün dünyaya ən gözəl şəkildə nümayiş etdirir. Milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və təbliği, vətəninə və xalqına bəslədiyi məhəbbət və sədaqət ruhunda fəaliyyətinin nəticəsidir ki, Azərbaycan Respublikasının siyasi tarixində ilk dəfə yaradılmış Birinci vitse-prezident vəzifəsində uğurla fəaliyyət göstərən Mehriban xanım Əliyeva tərəfindən irəli sürülən təşəbbüslər, qısa zaman kəsiyində reallaşdırılıan layihələr dövlətimizin mənafeyinə, xalqımızın rifahına öz müsbət təsirini göstərməklə yanaşı, beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir.
Milli-mənəvi dəyərlərə arxalanan, müasir siyasi fəaliyyət
Prezident İlham Əliyevin 2017-ci il 21 fevral tarixində imzaladığı müvafiq Sərəncama əsasən, Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması, ümumbəşəri ideyalara arxalanan fəaliyyətin, xalqa xidmət ruhunda milli və ictimai məzmunlu işlərin, yorulmaz çoxşaxəli fəaliyyətin qanunauyğun nəticəsidir.
Cənubi Qafqazın ən böyük siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının sədr müavini kimi fəaliyyətində də Mehriban xanım Əliyeva müasirləşən, yeniləşən və dünyaya qovuşan Azərbaycanın ictimai və mədəni həyatına dəyərli töhfələr verir, onun beynəlxalq aləmdə geniş fəaliyyəti Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın dünyaya təqdimatının misilsiz və qüsursuz nümunəsidir
İstər 2005-2017-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı kimi, istər Azərbaycan Milli Olimpiya Komitəsinin və İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Gimnastika Federasiyasının prezidenti kimi, istərsə də nüfuzlu beynəlxalq təşkilatlar olan UNESCO-nun və ISESCO-nun Xoşməramlı səfiri kimi fəaliyyətləri istiqamətində apardığı işlər, ictimai-siyasi fəaliyyəti geniş, maraqlı və zəngin olmaqla bərabər ənənəviliklə müasirliyin, tarixi köklərə bağlılıqla dünyəviliyin vəhdətinin təzahürüdür.
Mehriban xanım Əliyeva 2004-cü ildən bu günə qədər Ulu Öndərin adını daşıyan və ölkəmizdə sosial siyasətin uğurla reallaşdırılmasına layiqli töhfələrini verən Fondun prezidentidir. Təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edən Heydər Əliyev Fondu ölkənin sosial-iqtisadi inkişafına da öz töhfəsini verir. Azərbaycanın zəngin tarixi və mədəni irsinin qorunub saxlanması, təbliğ edilməsi və dünya ictimaiyyətinə tanıdılması istiqamətində işlər aparan Fondun dəstəyi ilə Azərbaycanın müxtəlif regionlarında onlarla tarixi-memarlıq, dini abidələr, məscidlər, kilsələr, sinaqoqlar təmir və bərpa olunur. Azərbaycan muğamı dünya arenasında ən yüksək səviyyədə təbliğ edilərək, UNESCO-nun dünya qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir.
Bakının ev sahibliyi etdiyi “Eurovision-2012” mahnı yarışması, tarixdə ilk dəfə keçirilən Birinci Avropa Oyunlarını kimi mötəbər tədbirlərin təşkil edilməsinə böyük əzmkarlıq və iradə ilə rəhbərlik edən Mehriban xanım Əliyeva bu prosesdə də özünün yüksək təşkilatçılıq qabiliyyətini nümayiş etdirmişdi. Bu nüfuzlu tədbirlərin keyfiyyətli səviyyədə təşkil edilməsi ilə Azərbaycan yeni yüksək standartlar nümayiş etdirdi, özünü güclü, hər şeyə qadir olan dövlət kimi göstərdi.
İnsanlara qayğı və humanizm prinsipləri Mehriban xanım Əliyevanın fəaliyyətinin əsas priotetləri kimi
Mehriban xanım Əliyevanın təşəbbüsləri ilə reallaşdırılan “Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması”, “Tolerantlığın ünvanı Azərbaycan”, “Təhsilə dəstək”, “Uşaq evləri və internat məktəblərinin inkişafı”, “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə” və s. layihələrin nəticələrini artıq görürük. Bu gün Müstəqil Azərbaycanın hər bir vətəndaşı, o cümlədən ziyalılar, alimlər, mədəniyyət və incəsənət xadimləri dövlət qayğısını və himayəsini daim öz üzərində hiss edirlər.
Ermənistanın Azərbaycana təcavüzü nəticəsində, düşmən hücumunun dəf edilməsi zamanı şəhid olmuş şəxslərin ailələrinə diqqət və qayğı göstərilməsi, qazilərin müalicəsi və sosial problemlərinin həllinə dəstək olmaq dövlətin diqqətindən başqa, Mehriban xanım Əliyevanın da fəaliyyət sahəsinin ana xəttini təşkil edir. Qəhrəman şəhidlərimizin övladları, valideynləri və doğmalarına xüsusi diqqət və qayğı Heydər Əliyev Fondu vasitəsilə heç bir ictimai məlumatlandırma olmadan həyata keçirilməkdədir.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva onu əhatə edən hər həsə – körpələrə, uşaqlara, qayğıya ehtiyacı olan şəxslərə hər zaman ana nəvazişi ilə yanaşmışdır. Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin, Şağan və Saray qəsəbələrində əlil uşaqlar üçün internat evlərinin, Bilgəhdəki Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsinin yüksək səviyyədə yenidən qurulması, internat məktəblərində yaşayan uşaqların sonrakı həyatının təhlükəsiz və sağlam təminatı üçün yaşayış binalarının tikilib istifadəyə verilməsi, ölkəmizdə irsi qan xəstəliyindən əziyyət çəkən şəxslərin sağlamlığının qorunması və müalicəsi üçün Bakı şəhərində Talassemiya Mərkəzinin yaradılması və sair çoxşaxəli fəaliyyət də ölkəmizdə məhz Mehriban xanım Əliyevanın rəhbərliyi altında həyata keçirilmişdir.
Ölkə prezidenti cənab İlham Əliyevlə birgə Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinə tez-tez səfər edən ölkəmizin birinci xanımı Mehriban Əliyevanın tapşırığına əsasən Heydər Əliyev Fondu tərəfindən Qarabağ ərazisində Azərbaycan xalqının milli sərvəti olan dini abidələrin, məscidlərin, bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması həyata keçiriləcək. Şuşada və Ağdamda dağıntılara məruz qalmış dini ibadət yerlərinin bərpası üzrə müvafiq işlərə artıq başlanıb.
Bütün qüvvələr dövlət və xalqın rifahı naminə yönləndirilir
Bütün dünyada tüğyan edən Pandemiya dövründə Mehriban xanım Əliyevanın peşəkarlığı sayəsində idarətmədə güc birliyi təmin olunmuşdur. Heydər Əliyev Fondu tərəfindən aztəminatlı ailələrin sosial ehtiyaclarının qarşılanması, onların ərzaq və tibbi ləvazimatlarla təminatı həyata keçirilmiş, Bakı və regionlardakı körpələr və uşaq evləri, internat məktəbləri koronavirusla mübarizə tədbirləri çərçivəsində dezinfeksiyaedici vasitələrlə, maskalar, digər qoruyucu vasitələr və zəruri ehtiyaclarla mütəmadi təmin edilmişdir;
Valideyn himayəsindən məhrum olan uşaqlara, qocalara, qaçqın və məcburi köçkünlərə, müxtəlif xəstəliklərdən əzab çəkən insanlara yardım, şəhid ailələrinə və qazilərə mənəvi dayaq olmağı prioritet məsələ kimi daim diqqət mərkəzində saxlayan Mehriban xanım Əliyevanın fəaliyyətinin əsas amillərindən biri insanlara qayğı və kömək prinsipləridir. Etiraf edək ki, görülən bütün bu işlər Azərbaycanın ümumi inkişaf strategiyasının tərkib hissəsinə çevrilib.
Mehriban xanım Əliyevanın yüksək səriştə, bacarıq nümayış etdirərək, həyata keçirdiyi, ölçüyəgəlməyən işləri, sadalamaqla bitməyən xidmətləri vardır. Mehriban xanım böyük və dərin vətənpərvərlik, mərhəmət, insansevərlik keyfiyyətlərinə malık olduğunu öz əməli işi ilə sübut etmişdir.
Yüksək təltifləri Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin əhəmiyyətini əks etdirir
Xeyirxahlıq, mərhəmət, insanpərvərlik nümunəsi olan Mehriban xanım Əliyeva “Heydər Əliyev” ordeninə və Heydər Əliyev Mükafatına layiq görülmüşdür.
Bununla yanaşı Mehriban xanım Əliyeva Fransanın “Şərəf Legionu”, Rusiyanın “Dostluq” və “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə”, İtaliyanın “Xidmətlərə görə” Böyük Xaç Kavaleri, Vatikanın IX Piy Ordeninin Böyük Xaçı, Polşanın “Xidmətlərə görə” Böyük Komandor Xaçı, Pakistanın “Hilal-e Pakistan”, Serbiyanın “Sreten”, Macarıstanın “Xidmətlərə görə” Komandor Xaçı, Rus Pravoslav Kilsəsinin II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordenləri, UNESCO-nun “Qızıl Motsart” medalı, BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Qızıl medalı və digər çoxsaylı mükafatlara layiq görülmüşdür.
Aygün Zülfüqarlı, Tərəqqi medallı jurnalist, YAP Sumqayıt şəhər təşkilatının şura üzvü