Son illər elektron ticarət sektoru getdikcə daha geniş yayılmağa başlayıb.
Bu bir faktdır ki, e-ticarət dünyanın inkişaf etmiş ölkələrində əsas ticarət vasitəsinə çevrilib. ABŞ-da ticarət əməliyyatlarının 75, Avropa ölkələrində isə 60 faizi elektron şəklində aparılır. Hazırda sosial şəbəkələr vasitəsilə də bu ticarət həyata keçirilir. Bu gün bu ticarət növünün inkişaf etdiyi Avropanı bölgələrə ayırdıqda qitənin ən aşağı e-ticarət rəqəmləri Şərqi Avropa ölkələrində müşahidə edilir. İnternet istifadəçiləri arasında onlayn alış-verişin 4 faiz olduğu Rumıniya və 5 faiz olduğu Bolqarıstan ən aşağı yerləri tutur. Yunanıstan isə 12 faizlə bölgənin digər ölkələrinə görə daha irəlidə olsa da, qərbdəkilərdən geridədir. Onlayn ticarət etmə faizi İtaliyada 15 faiz, İspaniyada 24, Fransada 56 faiz olduğu halda bu sektorda yaşlı “dostu” İngiltərə, Almaniya, Norveçdir.
Ümumilikdə 2011-ci ildə Avropa e-ticarət bazarının həcminin 200,5 milyard avro olduğu açıqlanıb. Üç ölkədə – İngiltərə, Almaniya və Fransa – onlayn pərakəndə satış Avropa e-ticarətinin 71 faizini təşkil edir. 2012-ci ildə Avropada onlayn satışların öncəki ildən fərqli olaraq 232,76 milyard avro olacağı gözlənilir. 6 Avropa ölkəsində 1500 istehlakçı arasında aparılan araşdırmada onların 30 faizi internetdən alış-verişi getdikcə artırdıqlarını bildirib. Onların 62 faizi internetdən geyim, 59 faizi kitab və jurnal almağa üstünlük verir. 100 mindən artıq internet saytı olan, 37,7 milyard avroluq bir e-ticarət həcmi ilə Fransanın pərakəndə sektorundakı 90 böyük mağaza zəncirinin 70-də onlayn ticarət imkanı var. Hazırda Fransa e-ticarət sektoru iki nəhəng pərakəndəçi ətrafında birləşib ki, bu, aylıq 9,1 milyon ziyarətçisi olan eBay, digəri isə 7,8 milyon ziyarətçisi olan PrinceMiniter-dir. Moda və idman məhsullarının ən populyar olduğu İngiltərədə e-ticarət portalı B2C-nin 2011-ci ildə e-ticarət satışlarının 70 milyard sterlinqə çatdığı və bu rəqəmin il sonunda 80 milyardı keçəcəyi bildirilir. Burada isə Amazon öz liderliyini saxlayır. İspaniyada isə 2012-ci ildə e-ticarət gəlirinin 18,57 milyarda, 2016-cı ildə isə 30 milyard dollara çatacağı gözlənilir.
Ölkəmizdə e-ticarətin sürətli inkişafına nə mane olur?
Ölkəmizə gəldikə isə son illər bu sektorda yavaş-yavaş inkişaf özünü göstərir. Artıq bəzi insanlar e-ticarətə üstünlük verirlər. Xatırladaq ki, hələ bir müddət öncə ölkəmizdə elektron ticarət portalının təqdimatı da keçirilmişdi. Portalın məqsədi ölkədə elektron ticarət sahəsinin inkişafının intensivləşdirilməsidir. Onu da vurğulayaq ki, cari ilin 9 ayı ərzində ölkədə 33 hüquqi və fiziki şəxsə məxsus ticarət müəssisələri öz fəaliyyətində elektron ödəniş sistemlərindən istifadə edərək elektron ticarət tətbiq edib. DSK-nin məlumatına görə, bu müddət ərzində elektron ticarət dövriyyəsinin həcmi 905,1 min manat olub. Elektron ticarət dövriyyəsinin 94,1 faizini qeyri-ərzaq mallarının satışı təşkil edib.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin şöbə müdiri İsfəndiyar Əliyev
bildirdi ki, elektron ticarətin inkişafı üçün bir neçə amil lazımdır: “Birincisi, qanunvericilik bazasıdır ki, bu, ölkəmizdə var. İkincisi, ticarətin işləməsi üçün onlayn ödəmə sistemi olmalıdır ki, bu da öz əksini tapıb. Bundan başqa, çatdırılma məsələsi var ki, “Azərpoçt”, özəl poçt xidmətləri geniş yayılıb. Həmçinin ticarət portallarının olması lazımdır. Ayrı-ayrı şirkətlər özlərinin saytlarında elektron xidmətlərini təşkil edirlər”.
Lakin şöbə müdiri deyir ki, böyük, tanınmış portalların sayı çox azdır və bunun bir neçə səbəbi var: “Əsas səbəblərdən biri odur ki, əhali onlayn ödəmə sistemlərindən az istifadə edir. Bu gün istənilən bir ticarət mərkəzinə getdikdə vətəndaşların çoxunda kartlar olmasına baxmayaraq nəğd pulla ödəməni daha üstün tutduqlarının şahidi olmaq olar. Hətta biz kredit kartlarından maaşı çıxarıb cibimizə qoyuruq.
Kommunal xidmətlər, mobil telefonlarla bağlı ödəmələrdə onlayndan daha çox istifadə edilir. Ümumiyyətlə, bizdə də bu mədəniyyət formalaşmalıdır ki, insanlar daha çox onlayn xidmətlərdən istifadə etsinlər. Digər tərəfdən, inam yaranmalıdır ki, vətəndaşın onlayn ödəməsi zamanı ticarət sahibləri bəzən təhlükəsizlik problemləri ilə qarşılaşırlar. Ona görə də bu istiqamətdə maarifləndirmə aparılmalıdır ki, bu sahə inkişaf etsin. Eləcə də bizdə bir şeyi alarkən onu əyani görmədən, toxunmadan almaq istəmirik. Bütün bunlar e-ticarətin sürətli inkişafına mane olur. Ancaq bizim texniki baxımdan internet imkanlarımız var”.
E-ticarəti əhalinin gözündən nə salır?
Şöbə müdiri onu da deyir ki, internetdə alış-veriş zamanı ƏDV yoxdur, hətta müəyyən güzəştlər verirlər: “Sadəcə, malı alarkən xoşuna gəlmədiyi, qüsur aşkarlandığı zaman, internetdə gördüyü ilə aldığı arasında müəyyən fərq olduğu halda geri qaytarmaq mexanizmi tam olaraq işlənməyib. Bu kimi problemlər e-ticarətin geniş yayılmasının qarşısını alan amillərdən biridir. Amma e-ticarətlə realizə edilən malların vergiyə cəlb olunması ilə bağlı qanunvericiliyin inkişaf etdirilməsinə ehtiyac var. Məsələn, bu gün xarici ticarət portalından bir mal aldıqda onun qiyməti 200 dollardan yüksək deyilsə, o zaman gömrükdən keçən zaman vergiyə cəlb olunmur. Ancaq çoxdursa, vergiyə cəlb olunur. Hazırda Gömrük Komitəsi istəyir ki, bu rəqəm 1000 dollara qədər artırılsın ki, əhali daha çox e-ticarətdən istifadə etsin”.
O da vurğulandı ki, hazırda kitab, turizm xidmətləri, aviabiletlərin alınması ilə bağlı bir problem yoxdur.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə bildirdi ki, ölkədə bu sahədə qanun qəbul olunsa da, birliyə bu istiqamətdə bir sıra şikayətlər daxil olur: “Ölkədə 23-dək e-ticarət resursu var. Bunlardan da bəziləri piramidal ticarət yaradıb. Əslində işədüzəlmə kampaniyası adı altında insanlar buraya gəlir gətirmək üçün cəlb olunurlar. Adam 35 manat verib qeydiyyata düşür. Sonra iki adam gətirməlidir ki, onlar da qeydiyyata keçib pul ödəsinlər və beləcə piramida şəklində bu davam edir. E-ticarət bu gün dünyada rəqabətdədir və əhali ona üstünlük verir. Biz AİB olaraq bu sahədə hüquqları pozulan istehlakçıların hüquqlarını qoruyuruq. Lakin işədüzəlmə kampaniyaları kimi hallar e-ticarəti əhalinin gözündən salır”.
Fikirlərini öyrəndiyimiz Bakı sakinlərindən biri Kəmalə Əliyeva bildirdi ki, indiyə qədər heç vaxt internet vasitəsilə mal almayıb: “Məlumatım olsa da, üstünlük verməmişəm. Son dövrlər marağım artıb və almağı düşünürəm. Ailəmizdə internet seçimi ilə Türkiyədən mal alan var. Mən də paltar, aksesuar, bijuteriya, uşaq üçün kitab dəsti almaq istərdim”.
Digər həmsöhbətimiz olan Ramin Qasımov da deyir ki, heç vaxt onlayn mal almayıb: “Çünki etibarım yoxdur. Hətta belə bir fikir var ki, internetdə gördüyün məhsulun əvəzinə saxta, orijinal olmayan mallar göndərilir. Bununla da istehlakçı aldadılmış olur”.
Nigar Abdullayeva
Milli.Az