Böyük Qarabağ Zəfərindən sonra regionda yeni geosiyasi və geostrateji vəziyyət yaranıb, proseslər sürətlə davam etməkdədir. Xüsusilə 10 noyabr Bəyanatına əsasən Zəngəzur dəhlizinin açılması Rusiya və Azərbaycan kimi siyasi və iqtisadi fəaliyyət istiqamətlərində güclü, etibarlı tərəfdaşlıq əlaqələri olan qonşu dövlətlərin strateji maraqlarına uyğundur.
Bunu AZƏRTAC-a açıqlamasında iqtisad elmləri doktoru, Sumqayıt Dövlət Universiteti Dünya iqtisadiyyatı və marketinq kafedrasının professoru Şəfa Əliyev deyib.
“Zəngəzur dəhlizi Avrasiya məkanını bir-biri ilə birləşdirən çox mühüm kommunikasiya qovşağı olaraq Qafqazın və Mərkəzi Asiyanın qapısıdır”, – deyən iqtisadçı alim fikrini belə əsaslandırıb: “Bu il martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilən qeyri-formal Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev Zəngəzur dəhlizinin geosiyasi və geostrateji baxımdan əhəmiyyəti barədə deyib: “Zəngəzur dəhlizi tarixi nailiyyətdir. Üçtərəfli Bəyanatda, xüsusilə bu məsələnin əks olunması bizim, eyni zamanda, böyük siyasi qələbəmizdir… Qədim Azərbaycan torpağı olan Zəngəzur, indi türk dünyasının birləşməsi rolunu oynayacaq”.
Eyni zamanda, bu dəhliz vasitəsilə Rusiya Federasiyasının onun üçün çox mühüm strateji tərəfdaş ölkə olan Türkiyə ilə ticarət-iqtisadi əlaqələrinin əhəmiyyətli dərəcədə genişləndirilməsi imkanlarını əldə edəcəyini bildirən professor açılacaq kommunikasiyadan region və dünya iqtisadiyyatının da bəhrələnəcəyinə əminliyini ifadə edib. O deyib: “İlkin hesablamalara görə, Zəngəzur dəhlizi vasitəsilə daşınacaq yüklərin dəyəri milyardlarla dollar ekvivalenti ilə ölçüləcək və bu, regionda reallaşdırılacaq yükdaşımaları, ticari-iqtisadi əlaqələri, daha genişhəcmli əmtəə bazarlarını əhatə edəcək. Əgər nəhəng Çin bazarını da buraya əlavə etsək, həmin rəqəmin artacağını proqnozlaşdırmaq olar. Maraqlıdır ki, bu bazarın 1,2 trilyon dollarına qədəri Türkiyə başda olmaqla, türkdilli dövlətlərin payına düşür. Qeyd etdiyimiz kimi, Azərbaycan və Rusiya bu önəmli əmtəə bazarlarından maksimum bəhrələnmək imkanları əldə edəcək”.
Professor qeyd edib ki, Zəngəzur dəhlizi vasitəsilə Azərbaycan və Rusiya çoxsaylı dünya dövlətləri ilə inteqrativ əlaqələrinin möhkəmləndirilməsi potensialına yiyələnəcək. Qərblə Şərq, Şimalla Cənub arasındakı yükdaşımaların intensivliyinin artırılması, beynəlxalq ticarət əməliyyatlarının genişləndirilməsi, nəqliyyat-logistika sektorunun əhəmiyyətli dərəcədə inkişaf etdirilməsi sayəsində Azərbaycanın və Rusiyanın siyasi və iqtisadi qüdrətinin artması üçün əlavə real potensial formalaşacaq.