İqtisadçıdan uşaq pulunun bərpa edilməsi ilə bağlı – TƏKLİFLƏR

1200

2019-cu ilin ilk iki ayında sosial sahədə qəbul edilən qərarlardan sonra ən çox verilən sual daha hansı addımların atılmasına ehtiyacın olması ilə bağlıdır.

İqtisadçı Vüqar Bayramov “Facebook” hesabında verdiyi açıqlamada əsas sualın uşaq pulunun bərpası ilə bağlı olduğunu bildirib.

V.Bayramov qeyd edib ki, İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) uşaq pulunun bərpa edilməsi ilə bağlı təkliflərini artıq hökumətə təqdim edib.

 Təkliflər nələrdən ibarətdir və mexanizm necədir?

Ekspert hesab edir ki, uşaq pulunun bərpası və onun differensial şəkildə tətbiqi məqsədəuyğundur:

“Hazırda ölkəmizdə 17 yaşadək olan uşaqların sayı 2 milyon 614 min nəfərdir. Yaşına görə xərcin məbləğindən asılı olaraq, uşaq pulu üçün ödənilən vəsaitin həcmi də dəyişə bilir. Təklif etidyimiz mexanizmə görə, uşaq pulunun məbləği üç yaş qruplarına görə qruplaşdırılır. Üç yaşınadək uşaqlara aylıq 80 manat ödənilməsini təklif edirik.

Üç yaş daxil olmaqla, bu yaşadək uşaqların sayı 634.4 min nəfərdir. Belə ki, yaşı tamam olmayan uşaqların sayı 144 min nəfər, bir yaşda olanlar 157.8 min nəfər, iki yaşda olanlar 164.4 min nəfər və üç yaşı tamam olanlar 168.2 min nəfərdır. Üç yaşadək uşaqlara təklif edilən aylıq uşaq pulunun məbləği 50 milyon 752 min manat edir”.

V.Bayramovun sözlərinə görə, digər differensial uşaq pulu məbləği dörd yaşdan məktəb yaşınadək olan uşaqları əhatə edir.

“Həmin uşaqlar üçün ayda 50 manat ödənilməsini təklif edirik. Bu yaş qrupunda ölkəmizdə 516.8 min uşaq var. Belə ki, 170.7 min uşağın dörd, 172.3 min uşağın beş və 173.8 min uşağın isə altı yaşı var. Bu yaş qrupu üçün təklif edilən uşaq pulunun aylıq məbləği 25 milyon 840 min manatdır.

Digər uşaq pulu ödəniləcək qrup məktəblilərdir. Bu yaşda olanlar üçün aylıq 40 manat ödənilməsi mümkündür. Hazırda 1 milyon 462 min 800 məktəbli var. Bu yaş üzrə uşaqların sayı belədir: yeddi yaş 163.3 min, səkkiz yaş 149.8 min, doqquz yaş 150 min, 10 yaş 124.7 min, 11 yaş 121 min, 12 yaş 120.8 min, 13 yaş 121.1 min, 14 yaş 132.3 min, 15 yaş 126.9 min, 16 yaş 124.2 min, 17 yaş 129.4 min məktəbli. Bu yaş kateqoriyasına daxil olacaq uşaqlara ödəniləcək aylıq uşaq pulun məbləği 58 milyon 512 min manat edir”.

O əlavə edib ki, bütövlükdə, bütün uşaqlara ödənilməsi təklif edilən aylıq uşaq pulunun məbləği 135 milyon 104 min manat edir.

“Bu, illik 1 milyard 612 milyon manat deməkdir. Bəzi uşaqların müavinət aldığını nəzərə alsaq, məbləğ nisbətən aşağı olacaq. Məsələn, 58.4 min uşaq fiziki imkanları məhdud olduğu üçün sosial müavinət alır”.

Ekspert bildirib ki, tətbiq edilən mexanizmdə illik məbləğ nisbətən böyük görünə bilər, amma CESD bu məbləğin ödənilməsi yollarını da təklif edir:

“Əvvəlla, bu ilin dövlət büdcəsinin xərcləri 24 milyard 780 milyon manatdır. Bu, o deməkdir ki, təklif edilən illik uşaq pulu məbləği ümumi büdcə xərclərimizin 6.5 faizini təşkil edəcək. Göründüyü kimi, büdcənin mövcud imkanları və xərci qarşılaya bilər.

Bununla belə, büdcə xərclərinin strukturunda dəyişikliklər edib, bu istiqamətə vəsait ayırmaq mümkündür. Özünü maliyyələşdirən rayonların sayını artırmaqla və eləcə də, rayonların inzibati birləşdirilməsi yolu ilə onların sayını azaltmaqla, ünvanlı sosial yardım alanların özünüməşğulluq proqramına transfer etməklə və ölkəmizdə son illər infrastrukturun inkişaf etməsi səbəbindən büdcənin investisiya xərclərini optimallaşdırmaqla uşaq pullarının ödənilməsi üçün vəsaitin ayrılmasını təklif edirik”, – o əlavə edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər