Azərbaycanın iqtisadi cəhətdən ən güclü və ən zəif rayonları məlum olub. Dövlət Statistika Komitəsindən FED.az-a verilən məlumatda 2018-ci ilin ilk 9 ayında ölkənin rayon və şəhərlərinin əsas sahələrdə məhsul buraxılışı açıqlanıb.
Həmin göstərici, əslində şəhər və rayonun iqtisadi dövriyyəsi və gücünü göstərir.
FED.az xəbər verir ki, əsas sahələrdə məhsul istehsalına görə, ilk yeri təbii ki, Bakı şəhəri tutur. Bakı şəhəri üzrə məhsul buraxılışının dəyəri 2018-ci ilin 9 ayında 46,1 mlrd manat olub. Bu bütün ölkə üzrə ÜDM-nin 72,3%-ni təşkil edir.
Bakı şəhərindən sonrakı yerləri ölkənin ənənəvi iqtisadi mərkəzləri – Sumqayıt, Naxçıvan və Gəncə şəhərləri tutur.
Naxçıvan və Sumqayıt şəhərlərində ilk 9 ayda hərəyə təqribən 1,5 milyard manatlıq ümumdaxili məhsul istehsal edilib. Bu ölkə üzrə ümumi göstəricinin 2,3%-ni təşkil edir.
İqtisadiyyatının böyüklüyünə görə fərqlənən 10 şəhər və rayonun sırasına Abşeron, Şirvan, Şəmkir, Xaçmaz, Şərur, Cəlilabad və Ağcabədi də daxildir.
Bunlardan sonra ölkənin ən güclü rayon və şəhərləri siyahısında Sabirabadı (376,7 milyon manat istehsal həcmi), Şəkini (368,3 milyon manat), İmişlini (352,8 milyon manat), Lənkəranı (340,6 milyon manat), Tovuzu (319,7 milyon manat), Masallını (319,3 milyon manat) və başqalarını qeyd etmək olar.
Maraqlıdır ki, ölkədə turizm məkanı kimi populyarlaşan və iri qida müəssisələrinin yerləşdiyi bəzi rayonların rəsmi iqtisadi dövriyyəsi çox aşağıdır. Məsələn, Qəbələ rayonunda əsas məhsul istehsalı cəmi 212 milyon manat təşkil edib və Qəbələ bu göstəriciyə görə, ölkədə heç ilk 20-likdə də deyil. Bu siyahıda Yevlax (238,4 milyon), Neftçala (237,9 milyon), Salyan (287,4 milyon), Ağdaş (253,1 milyon), Hacıqabal (234,1 milyon) və sair rayonlar bu siyahıda Qəbələni qabaqlayır.
İqtisadiyyatı o qədər də böyük olmayan rayonların siyahısına isə əsasən işğal altında olan rayonlar başçılıq edir. Zəngilan (1 mln 394 min manat),Qubadlı (5 mln 294 min manat), Şuşa ( 10 mln 160 min manat), Xocavənd (10 mln 986 min manat), Laçın (17 mln 26 min manat). İşğal altında olan rayonları nəzərə almasaq iqtisadiyyatı kiçik olan 10 rayon aşağdakı cədvəldə əks olunub.
İqtisadiyyatı ən kiçik olan rayonlar Naftalan və Sədərəkdir. 20-yə yaxın sanatoriya və hotelin cəmləşdiyi, ölkənin əsas müalicə turizmi mərkəzi sayılan Naçtalan hələ də ən kiçik iqtisadiyyatı olan rayondur. Belə ki, ilk 9 ayda burada cəmi 15,6 milyon manatlıq məhsul istehsl edilib. Müqayisə üçün bildirək ki, bu rəqəm, işğal altında olan Laçın rayonundan 10%, Sumqayıtdan 100 dəfə, siyahıda axırıncı yerlərdən birini tutan Daşkəsəndən isə 4 dəfə azdır.