İranın bir sıra əyalətlərində, o cümlədən Mərkəzi Azərbaycan və Loristan bölgələrində işçilər əmək haqlarının gecikdirilməsinə etiraz olaraq tətilə, habelə küçə aksiyalarına başlayıb. Virtualaz.org İLHA agentliyinin məlumatlarına istinadən bildirir ki, ən irimiqyaslı aksiya ötən gün Ahvaz əyalətində keçirilib. “Ahvaz Polad” şirkətinin təxminən 5 minə yaxın işçisi yerli valiliyin qarşısına toplaşaraq əmək haqlarının 3 aydır gecikdirilməsinə etiraz ediblər.
Ahvaz Valiliyinin rəsmisi Gulamrza Şəriəti bildirib ki, şirkətlərin Ahvazda və bir neçə başqa əyalətdə fəaliyyət göstərən metallurgiya şirkətlərində işçilərin əmək haqlarını gecikdirməsi məsələsini Daxili İşlər Nazirliyi araşdırır. Valilik bildirib ki, məsələnin həlli üçün nazirlik işçi təmsilçiləri ilə toplantı keçirməyə hazırlaşır.
Xəbərlərə görə iranlıların Novruz bayramına hazırlaşdıqları bir vaxtda əmək haqlarının aylardır gecikdirilməsi işçilər arasında kütləvi narazılıqlara səbəb olur. Yaranmış vəziyyətlə bağlı İranın Ali dini lideri Ayətullah Əli Xameneyi özünün internet səhifəsindən bəyanatla çıxış edərək ölkədə iqtisadi vəziyyətin pisləşməsi ilə bağlı işçi hərəkatlarının miqyasının genişlənə biləcəyi haqda xəbərdarlıq edib. Dini lider ölkəsinin “daxildən və xaricdən fövqəladə təzyiqlərə məruz qaldığını” bildirərək bütün tərəfləri dialoq çağırıb.
Bundan əvvəl Xameneyi dini liderlər qarşısında çıxışı zamanı üstüörtülü şəkildə sahibkarların əmək haqlarının vaxtında ödənilməsi məsələsinə həssas yanaşmalı olduğunu bildirmişdi.
Xatırladaq ki, ötən il dekabrın sonlarında İranı güclü etiraz aksiyaları bürüyüb, təhlükəsizlik qüvvələri ilə toqquşmalarda onlarla nümayişçi öldürülüb. Minlərlə etirazçı həbs olunub. Bu aksiyalar yanvarın ortalarından səngisə də ara-sıra yenə də ölkənin müxtəlif bölgələrində etirazlar baş qaldırır. Narazılığın əsas səbəbi ölkədə sosial-iqtisadi vəziyyətin pisləşməsidir.