İrimiqyaslı söküntü işləri gəlir

1183

yiximAbşeron yarımadasında, o cümlədən Sumqayıtda infrastruktur xətlərinin mühafizə zolağında yerləşən əksər tikililər söküləcək

Abşeron yarımadasında infrastruktur xətlərinin mühafizə zolağında yerləşən tikililərlə bağlı məsələ hazırda hökumətdə ən yüksək səviyyədə müzakirə olunur. Ümumiyyətlə, bu ərazilərdə elektrik və qaz xəttlərinin, eləcə də ayrı-ayrı nəqliyyat yollarının yaxınlığında yerləşən çoxsaylı tikililər, xüsusilə də yaşayış binaları mövcuddur ki, onların da çoxu qanunsuz olaraq tikilmiş binalardır. Müəyyən dövrdən sonra buna hökumət səviyyəsində reaksiya gələcəyi gözlənilirdi və belə də oldu. Fevralın sonlarında problem ciddi şəkildə diqqət mərkəzinə gətirildi. Məlumatlı mənbələr bunun Abşeronda böyük miqyaslı söküntü işlərinin başlanğıcı hesab edirlər.

Qeyd edilir ki, ölkənin dayanıqlı enerji təchizatını həyata keçirmək, baş verən qəza hallarının vaxtında qarşısını almaq, qabaqlayıcı-proflaktik tədbirlərin həyata keçirilməsi üçün hökumət bu sahədə müəyyən tədbirlər həyata keçirməyi planlaşdırır.

Infrastruktur xətlərinin mühafizə zolağında yerləşən tikililərin yekun siyahısı qısa zamanda Nazirlər Kabinetinə təqdim olmalıdır.

Artıq fevralın 15-dən etibarən bununla bağlı müvafiq qurumlar tərəfindən siyahıyaalma aparılır. Siyahıyaalma çərçivəsində vətəndaşlardan tikililərin sənədlərinin nüsxələri götürülərək siyahıya əlavə edilir.

Sənədsiz obyektlər kompensasiya ala bilməyəcək

Siyahıyaalma işləri hazırda «Azəryolservis» ASC, «Azərbaycan Dəmir Yolları» QSC, «Azərenerji» ASC, «Bakıelektrikşəbəkə» ASC, «Azərsu» SC və Azərbaycan Dövlət Neft Şirkətinin «Azəriqaz» İB tərəfindən aparılır. Ümumilikdə, hökumətin aprel ayının əvvəlində yekun qərarla çıxış edəcəyi gözlənilir.

Ancaq bu proses bütün hallarda tikililərin sökülməsi demək olmayacaq. Nazirlər Kabinetindən verilən məlumata görə, bəzi ərazilərdə evlərin sökülməsi, bəzi ərazilərdə isə infrastruktur xətlərinin yerinin dəyişdirilməsi gözlənilir.

Hökumətdə hesab edirlər ki, respublika əhəmiyyətli infrastrukturun mühafizə zolaqlarında inşa olunmuş bütün tikililərə kompensasiyanın verilməsi hazırkı şəraitdə mümkün deyil. Yalnız sənədi olan və dövlət reyestrinə daxil edilmiş obyektlərə kompensasiya ödənə bilər.

«Azərenerji» başladı, hər kəs davam etdi…

Hər şey ondan başladı ki, ötən aykı məlum çovğunlu hava şəraitindən sonra yaşanmış enerji böhranını «Azərenerji» ASC həm də yüksək gərginlikli xətlərin altında inşa olunmuş obyektlərlə əlaqələndirdi və bildirdi ki, elektrik xətlərinin mühafizə zolaqlarındakı tikililər və çoxillik əkmələr xətlərin təmiri, yeniləşdirilməsi, eləcə də qəza hallarının vaxtında aradan qaldırılmasına maneçilik törədir. Digər tərəfdən, bu, ərazidə yaşayanların həyatına da təhlükə törədir.

Müvafiq qurumlar özləri də onlara məxsus kommunikasiya xətləri üzərində qeyri-qanuni tikililərdən şikayətlənirlər. Aparılan sorğu zamanı bütün qurumlar kommunkasiyalar üzərində tikinti işlərinin aparılmasında, bu ərazilərin vətəndaşlara satılmasında yerli icra hakimiyyətlərini və bələdiyyələri ittiham edib.

Qeyd edək ki, qanunvericiliyə əsasən, yüksək gərginlikli xətlərin 250 metrliyində yaşayış məskəni salmaq olar. Bu xətlərin altında azillik əkmələrə (ot, bostan, tərəvəz və s.) icazə verilir. Bu ərazilərdə bağ salmaq, çoxillik ağaclar əkmək isə qadağandır. Faktlarla bağlı «Azərenerji» tərəfindən dəfələrlə müvafiq icra hakimiyyətlərinə bu problemlərin aradan qaldırılması üçün müraciətlər olunsa da, cavabsız qalıb.

ARDNŞ-in «Azəriqaz» İB isə Bakı və Sumqayıt şəhərlərində magistral və rayondaxili qaz kəmərlərinin üzərində inşa olunmuş tikililərin kiçik bir ehtiyatsızlıqdan böyük faciələrlə üzləşə biləcəyindən ehtiyatlanır. «Azəriqaz»ın apardığı araşdırmalara görə, hazırda paytaxt və onun rayonlarında qaz kəmərləri üzərində və mühafizə zolağında ümumilikdə 3 mindən artıq tikili var. Binəqədi rayonunda və bəzi yerlərdə hətta yaşayış evlərinin divarları belə qaz kəmərlərinin üzərindədir. Bakı şəhərinin qaz təchizatının yaxşılaşdırılması ilə bağlı həyata keçirilən layihələr çərçivəsində bəzi kəmərlərin evlərdən uzaqlaşdırılması həyata keçirilsə də, hazırda istehsalat birliyi bu faktlarla bağlı yenidən dəqiqləşdirmələr aparır.

«Azərsu» SC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aqşin Rüstəmov bildirib ki, analoji vəziyyətlə «Azərsu» da üzləşib. Hazırda Abşeron yarımadasında magistral su və kanalizasiya xətlərinin üzərində və mühafizə zolağında tikilmiş onlarla ev var. Bu evlər üçün yerli icra hakimiyyətləri və bələdiyyələr tərəfindən yer ayrılarkən «Azərsu»dan heç bir texniki şərt və icazə alınmayıb. A. Rüstəmovun sözlərinə görə, tikinti işləri torpağın qruntundan asılı olaraq su anbarları və kəmərlərindən 5-10 metrdən 50 metrədək uzaqlıqda aparılmalıdır.

Azərbaycanın energetika siyasətini həyata keçirən Sənaye və Energetika Nazirliyində isə hesab edirlər ki, enerji infrastrukturlarına aid ərazilərdə torpaqları vətəndaşlara bələdiyyələr və yerli icra hakimiyyətləri satıb. Evlərin əksəriyyətinin heç bir sənədi olmasa da, həmin insanların illərdir yaşadıqları ərazilərdən çıxarılması problem yaradır. Nazirliyin mətbuat katibi Azər Mənsimlinin fikrincə, cavabdeh qurumlar bu məsələni qanunvericilik çərçivəsində, müəyyən edilmiş normativlərə uyğun həll etməlidir: «Yüksək gərginlikli xəttin altında və ya qaz, su kəmərinin üzərində evi tikən də məlumdur, ona icazə verən də. Öncə bu tikililərin sayı dəqiqləşdirilməli, hökumətə müraciət edilməlidir. Cavabdeh qurumlar məhkəmələrə müraciət edib, bu məsələni qanunvericiliklə həll etməlidirlər».

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) isə bildirir ki, tikililər rabitə xətlərindən (kabellərin) minimum 2-3 metr uzaqda inşa olunmalıdır. Nazirlikdən verilən məlumata görə, keçirilən reydlər zamanı bu kimi hallar müəyyən olunur və tədbirlər görülməsi üçün məhkəmələrə göndərilir. Rabitə xətləri üzərində ən çox tikili isə Abşeron ərazisindədir.

«Azərbaycan Dəmir Yolları» QSC də artıq 4 ildən çoxdur qanunsuz tikililərlə mübarizə aparır. Səhmdar cəmiyyətinin mətbuat xidmətindən bildirilib ki, «Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları»na əsasən dəmir yolunun xüsusi mühafizə zonası hüdudlarında yalnız dəmir yolu obyektlərinin möhkəmliyi və dayanıqlığının təmin edilməsinə yönəldilmiş işlər görülə bilər. Xüsusi mühafizə zonası ərazisində hər hansı digər təsərrüfat fəaliyyəti qadağandır. Dəmir yolunun sanitariya-mühafizə zonasında torpaq sahələri onların mülkiyyətçiləri və ya istifadəçiləri tərəfindən yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalımı məqsədləri üçün fiziki və hüquqi şəxslərə qısamüddətli istifadəyə verilə bilər. Lakin bu sənədlərə məhəl qoymayan vətəndaşlar dəmir yoluna bir neçə metr məsafədə evlər inşa edib ki, bu həm qatarlar, həm də sakinlərin özləri üçün təhlükə yaradır. Dəmir yolu idarəsi tərəfindən bu məqsədlə keçirilən reydlər zamanı təkcə 2007-ci ildə Bakı və paytaxt ətrafı yaşayış massivlərində 400-dək qanunsuz tikili və hasar sökülüb.
Xatırladaq ki, Bakı-Sumqayıt yolunun üstündə, eləcə də Sumqayıtın Yaşıl Dərə ərazilərində bu cür çoxsaylı tikililər mövcuddur.

Azərbaycanda qanunsuz tikililərin sayının dəqiqləşdirilməsi və onların taleyinə aydınlıq gətirilməsi üçün Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yanında Dövlət Əmlakının Dövlət Reyestri Xidməti (DƏDRX) beynəlxalq ekspertlərlə birlikdə iş aparır.
Bunu isə jurnalistlərə açıqlamasında DƏDRX-nin rəisi Damət Bağırov deyib.
Onun sözlərinə görə, bu işlər Dünya Bankının (DB) maliyyələşdirdiyi “Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı Layihəsi” çərçivəsində həyata keçirilir: “prosesə əcnəbi ekspertlər də cəlb olunub. Bütün məlumatlar toplanılır, təhlil olunur. Qiymətləndirmədən

sonra hökumət müvafiq qərar verəcək”.
D.Bağırov qeyd edib ki, qanunsuz tikililərin taleyinin beynəlxalq ekspertlərin rəyi olmadan hansı yolla həll olunacağını demək tezdir: “Qanunsuz tikililərin sayına gəlincə, bunu müəyyənləşdirmək üçün xüsusi metodologiya hazırlanmasına ehtiyac var”.
Vüsal Mətləboğlu “168 saat”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • rauf
    Mart 30, 2011 - 11:05

    hec bir ganunsuz tikili yoxdur bu bizim vetenimizin torpagidir.burdan biz kasiblarada pay dushur.varlilarin hektarlarla torpag saheleri villalari ganunsuz sayilmir bizim komalar ganunsuz sayilir?pulumuz olsa bizde gedib normal ev alib yashiyardig daha gedib heyatimizi tehlukeye atib demir yolu,gaz kemeri,ishig xetlerinin altinda yashamarig.ve sonda bu insanlar prezdentimizden ve onun xanimindan bashga hec kimden haray gozlemir.

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər