İşğaldan azad olunmuş ərazilərimizin bərpasında da gənclər fəal iştirak edir

884

30 il ərzində işğal altında olan torpaqlarımız bu gün öz sahiblərinin əlindədir. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu 2020-ci ildə, 44 günlük Vətən müharibəsində düşməni məhv edərək işğal altında olan torpaqlarımızı azad etdi. Son 18 il ərzində formalaşmış Azərbaycan gəncliyi Vətən müharibəsində ön cərgədə oldu. Düşmənin üzərinə gedən, doğma torpaqlarımızı azad edən məhz bu gənclər idi. Hansı ki, onlar bu torpaqları görməmişdilər. Lakin işğal altında olan torpaqlarımızı azad etmək üçün canlarından, qanlarından keçdilər. Çünki, bu torpaqlar Azərbaycanın ayrılmaz hissəsidir, doğma vətəndir.

Torpaqlarımızın işğaldan azad olunmasında ön cərgədə olduqları kimi, bu gün burada həyata keçirilən bərpa, quruculuq işlərində də gənclərimiz öndədir. Bərpa prosesində də gənclərimiz fəal şəkildə iştirak edirlər.

Müharibədən qısa müddət keçməsinə baxmayaraq bu gün bərpa işləri sürətlə həyata keçirilir. Bölgədə genişmiqyaslı infrastruktur layihələri reallaşdırılır. Bütövlükdə yol infrastrukturu yenidən qurulur, regionu elektrik enerjisi ilə təchiz etmək üçün kompleks tədbirlər görülür. Rayonların baş planları işlənib hazırlanır və artıq bir çox rayonlarda bərpa işlərinə başlanılıb. Prezident İlham Əliyevin sərəncamı ilə bu il “Şuşa İli”elan olunub. Şuşa şəhərində də qısa müddət ərzində yenidənqurma işləri sürətlə aparılıb, bir çox açılışlar baş tutub. Az müddət keçməsinə baxmayaraq işğaldan azad olunmuş ərazilərdə görülmüş işlərin miqyası ölkəmizin iqtisadi qüdrətin göstərir.

Pilot layihə kimi Zəngilan rayonunun Ağalı kəndi “Ağıllı kənd” konsepsiyası əsasında yenidən qurulur. Artıq kəndin inşası yekunlaşmaq üzrədir. Qısa müddət ərzində Ağalı kəndinin sakinləri öz doğma kəndlərinə köç edəcəklər. Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşdırılan “Ağıllı kənd” konsepsiyası ölkə başçısının istəklərinin təcəssümüdür. Bəli, ölkə başçısı bütövlükdə işğaldan azad olunmuş ərazilərin bərpasını bu cür görür. Dövlətimizin başçısı bu torpaqlarda hansı səviyyəni görmək istəyirsə, insanlar üçün yaradılacaq hansı rahatlığı görmək istəyirsə, bu layihədə öz əksini tapıb.

Bu günlərdə Prezident İlham Əliyev gənclərlə görüşü zamanı işğaldan azad olunmuş ərazilərimizin bərpası, böyük qayıdışla bağlı hər birimizi sevindirəcək xəbərlər verdi. Ölkə başçısı bildirdi ki, bu il Zəngilan Hava limanı istifadəyə veriləcək. Burada kifayət qədər yeni iş yerləri açılacaq. 2023-cü ilə kimi dəmir yolu mütləq Ermənistan sərhədinə kimi çəkiləcək. Prezident İlham Əliyev vurğuladı ki, bütün bu işlərdə Azərbaycan gəncliyi fəal iştirak edir. Çalışanların əksəriyyəti məhz gənclərdir. Bütün şəhərlərimiz bərpa olunduqca bu iş yerlərində, ilk növbədə, müasir biliklərə malik olan gənclər, azad edilmiş rayonlardan olan gənclər işləməlidirlər.

Azad edilmiş torpaqlarda bu il 5 su elektrik stansiyası inşa ediləcək. İnşa olunacaq elektrik stansiyaları ümumi enerji potensialımızı gücləndirməklə yanaşı burada da yeni iş yerləri açılacaq. Sözsüz ki, bu addım böyük qayıdış prosesi üçün olduqca vacib amildir. Necə ki, biz Şuşa şəhərində bunu görürük. Burada çalışanların əksəriyyəti məhz gənclərdir.

Azərbaycan gəncliyi hər zaman dövlətimizin yanında olub. Ölkəmizin inkişafı naminə reallaşdırılan bütün layihələrdə fəal iştirak edib. İşğaldan azad olunmuş rayonlarımızın bərpası, burada yaradılacaq yeni infrastruktur layihələri ölkəmizin qüdrətini daha da artıracaq. Azərbaycan gəncliyi bu işlərin əsas avanqard qüvvəsi olacaq. Eyni zamanda bu işlərdən faydalananlar da məhz gənclik olacaq. Bütün bu işlər məhz gənclərimizin inkişafı, daha firavan və təhlükəsiz yaşaması üçün həyata keçirilir.

Tayfun Hacılı,
Sumqayıt Dövlət Universiteti Tələbə gənclər təşkilatının sədri

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər