Azərbaycan respublikası prezidenti İlham Əliyevin işğaldan azad olunmuş rayonlara səfər etməsi, rayon ictimaiyyəti ilə görüşlər keçirməsi xalqımızı daha da qürurlandırır. Prezidentin işğaldan azad olunmuş rayonlara səfər edərək abadlıq quruculuq işləri ilə yaxından tanış olması, Ali baş komandanın Qarabağın inkişafına nə dərəcədə önəm verdiyini, siyasi iradəsinin gücünü sübut edir.Belə səfərlərdən biri də Xocavənd rayonunun işğaldan azad olunmasının ildönümü ilə əlaqədar olaraq rayonunun Hadrut qəsəbəsi və Tuğ kəndində baş tutdu.
2020 ci il 9 oktyabr tarixində Azərbaycan respublikası silahlı qüvvələrinin həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində Hadrut qəsəbəsi Ermənistan işğalından azad olunmuşdur. Hadrut əməliyyatı xüsusi əhəmiyyət daşıyan hərbi əməliyyat idi .
Həm hərbi nöqteyi-nəzərdən, həm də strateji nöqteyi-nəzərdən Qarabağın azad edilməsinin açarı məhz Hadrut əməliyyatı oldu. Ən ağır, gərgin döyüşlərin keçdiyi Hadrutda savaşan Azərbaycan Silahlı Qüvvələrinin döyüş əzmi, cəsarəti, inamı Azərbaycanın qələbəsinə yol açdı.
Ermənistan siyası liderlərinin yalan üzərində qurulmuş siyasəti vətən müharibəsində tamamilə iflasa uğradı. Müharibə başlayan gündən uydurulmuş ssenari üzrə xalqa danışılan yalanın ömrü cəmi 44 gün sürdü. Sonrakı proseslərdə də Azərbaycan Prezidentinin siyasəti qarşısında aciz qalan Ermənistanın xarici havadarlarından da dəstək görməməsi ölkəni çıxılmaz vəziyyətə sürüklədi. Bir daha sübut olundu ki Ermənistan hakimiyyəti şəxsi maraqları naminə əhalinin gələcəyini təhlükəyə atmaqdan çəkinməyəcək qədər riyakardır. Bu gün hələ də Ermənistanda anarxiya hökm sürür.
Bundan sonra bizim üçün qarşıda duran əsas vəzifələrdən biri düşmən tapdağından azad olunmuş rayonlarda təmir bərpa işləri apararaq, mənfur qonşularımız tərəfindən məhv edilmiş torpaqlarımızı yenidən dirçəltməkdir.
İşğaldan azad olunmuş rayonlara yolların çəkilməsi əsas infrastruktur layihələrindən biridir. Hadruta 4 zolaqlı Hadrut-Cəbrayıl-Şükürbəyli, Hadrut-Füzuli, Tuğ-Hadrut avtomobil yolları çəkiləcək. Qeyd etmək lazımdır ki, işğaldan azad edilmiş Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindən keçən Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu Hadrut qəsəbəsi və Cəbrayıl şəhəri də daxil olmaqla sözügedən rayonların 20-yə yaxın yaşayış məntəqəsini əhatə edəcək.
Dövlət başçımız buraya son səfəri zamanı 250 nəfərin ibadəti üçün nəzərdə tutulmuş məscidin təməlini qoymuş eyni zamanda Hünərli və Tuğ kəndlərindəki Alban məbədlərinin də bərpa olunaraq udi qardaşlarımıza qaytarılacağını vurğulamışdır. Bununla da Prezident İlham Əliyev ölkəmizdə bütün dinlərə, inanclara, və etiqadlara hörmətlə yanaşıldığını, müxtəlif dinlərə aid məbədlərin fərq qoyulmadan mühafizə olunduğunu, bərpa edildiyini bir daha bildirərək, Azərbaycanın çoxmillətli, çoxkonfessiyalı dövlət olduğunu, multikultural dəyərlərə üstünlük verdiyini dünyaya çatdırdı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da yeni “Hadrut” qovşaq yarımstansiyasının təməlini də qoyub. “Hadrut” yarımstansiyasının əvəzində tikiləcək müasir tipli bu yeni yarımstansiya Xocavənd rayonunun bir hissəsinin, Şuşa və ətraf ərazilərin elektrik təchizatının etibarlılığını və dayanıqlılığını təmin edəcək.
Ali baş komandanın bu səfərini əlamətdar edən məqamlardan biri də onun Azıx kəndinə getməsi oldu. Azıx mağarasını tarixi sərvətimiz adlandıran Prezident Ermənistanın bu mağarada qanunsuz işlər apararaq, bizim tarixi irsimizə böyük ziyan vurduğunu bildirib.
Həyata keçirilməkdə olan bütün layihələr məhz Qarabağın inkişafına təkan vermək, Erməni vandalizminin qurbanı olaraq xarabalığa çevrilmiş doğma torpaqlarımızı yenidən dirçəltmək məqsədi daşıyır.
Baş verənlər onu deməyə əsas verir ki, Azərbaycan qələbə qazanmaq üçün müharibədə olduğu qədər işğaldan azad olunmuş ərazilərin bərpası və qurulmasında, eyni zamanda həmin ərazilərdəki mədəniyyət, tarixi-dini abidələrin bərpası və qorunmasında da qətiyyətlidir.
44 günlük haqq savaşımız dövründə cənab Prezident İlham Əliyevin dünya televiziya və mətbuat orqanlarına verdiyi müsahibələri zamanı beynəlxalq ictimaiyyəti haqq işimizə inandıra bilməsi, o cümlədən ermənipərəst jurnalistlərin suallarını faktlarla cavablandıraraq susdurmasından sonra dünya ictimaiyyətinin Azərbaycana baxışlarında köklü dəyişiklik baş verməsi,
ordumuzun vaxtında alınmış müasir hərbi texnologiya ilə silahlanması, xarici amillərin müdaxiləsinə imkan verməyən güclü iqtisadiyyatımızın olması, müzəffər ordumuzun əsgər və zabitlərinin gücü eləcə də xalqın milli həmrəyliyi vətən müharibəsində qələbəmizin təminatçısına çevrildi.
Ali baş komandanın rəhbərliyi ilə rəşadətli ordumuzun igid, qəhrəman oğulları öz qanı və canı bahasına bu qələbəni bizə yaşatdı. Minlərlə könüllü vətənpərvər gənclərimiz silaha sarılaraq Ali Baş Komandanın döyüş tapşırıqlarını yüksək səviyyədə icra etdi.
Vətənin bütövlüyü uğrunda yüzlərlə vətənpərvər Azərbaycan gənci canlarını fəda edərək, şəhidlik zirvəsinə ucaldı.
Siyasi baxışından, dini və milli mənsubiyyətindən asıllı olmayaraq bütün xalqımız Ali Baş Komandanın ətrafında birləşərək zəfər qazandı.
Doğma torpaqlarımızın düşmən işğalından azad olunması ilə nəticələnən Vətən müharibəsində xalqımız bir Ali baş komandanın ətrafında bir yumruq kimi birləşərək bir daha dünyaya birlik və güc nümayiş etdirdi.Biz inanırıq ki bundan sonra da xalq olaraq Ali baş komandanın siyasi kursunu rəhbər tutaraq rəşadətli ordumuzun gücü və milli birliyin sayəsində şəhidlərin qanı qarışmış vətən torpağını mənfur düşməndən qoruyacaq, gələcək nəsillərə miras qoyacağıq.
Allah şəhidlərimizə rəhmət eləsin!
Yaşasın Azərbaycan!
Fəridə Qafarova, YAP Sumqayıt şəhər təşkilatı Gənclər birliyinin sədri