İşlənmiş geyimlərə, yırtıqlı parçalara yenidən nəfəs verən qadın – REPORTAJ

1080

Bu gün ekoloji mühiti zəhərləməsinə və su israfına görə tekstil sahəsi dünyada ön pillədə qərarlaşıb. Bir kilo pambığa görə 2 min litr su sərf olunur, bu isə itki deməkdir

Bu gün dünyada ekoloji sağlamlığın pozulması, iqlim dəyişikliyinin qarşısının alınmasına diqqət çəkmək məqsədilə müxtəlif aksiyalar təşkil olunur. Hətta bu yaxınlarda ölkələrin birində moda nümayişi zamanı modellər səhnəyə çıxan zaman gözlənilmədən sərgilədikləri geyimlərin üzərinə al qırmızı rəng dağıtmaqla, bir qismi isə öldürülmüş kimi yerə uzanmaqla dünya ictimaiyyətinin diqqətini iqlim dəyişikliyi, ekoloji sağlamlıq kimi həssas mövzulara cəlb etməyə çalışıblar.

Parçadan, geyimdən danışmışkən qeyd etməliyik ki, hazırda dünyada ekoloji mühiti, sağlamlığı təhdid altında saxlayan əsas amillərdən biri də elə parça istehsal edən iri zavodlar və onların ətraf mühitə buraxdığı kimyəvi qazlardır. Təbii ki, parça və müxtəlif geyimlərin istehsal prosesində və ondan sonrakı mərhələsində, yəni geyim məhsullarının tullanmasından sonra da qatqı və rənglərin zərərlərindən də çox yazmaq olar. Zərərin azaldılması, itkinin minimuma endirilməsi üçün bir sıra ölkələr artıq istehlakçılar tərəfindən lazımsız hesab edilən bu parçaları, geyimləri istehsala geri qaytarırlar.

 Renara Şəmsiyevanın emalatxanası
Renara Şəmsiyevanın emalatxanası

Maraqlıdır, dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi Azərbaycanda bu istiqamətdə hansı işlər görülür?

Kiçik araşdırma zamanı tanış olduğumuz “ABAD”çı dizaynerlərdən biri olan Renara Şəmsiyeva artıq bir neçə ildir ki, bir dizayner olaraq fəaliyyətini məhz bu istiqamətə yönəldib. O, evində, eləcə də emalatxanasında artıq parçalar, işlənmiş geyimlərin istehsala yararlı olan hissələrini saxlayır. Dizaynerin tanış olduğumuz emalatxanasında belə parça və hissəciklərin qədərini kilolarla ölçmək olar. Dizayner daha sonra isə həmin hissəciklərdən müxtəlif geyim məhsullarının, yəni papaqlar, çantalar, ətəklər, üst geyimləri və şalvarların hazırlanmasında istifadə edir. Bu parçaları müxtəlif fabriklər və bir sıra şəxslərdən pulsuz əldə edən R.Şəmsiyeva onlara yeni nəfəs verməsindən və məqsədlərindən danışır: “Belə bir addım atmaqda əsas məqsədim ekoloji sağlamlığa diqqət çəkmək, insanları düşünməyə vadar etməkdir. Yəni biz artıq istifadə etmədiyimiz və yararlı olan bu məhsullardan ya tam olaraq, ya da yararlı olan bir hissəsindən istifadə edirik. Yəni yenidən istehsalla məşğul oluruq. Bununla da əlbəttə ki, həm su, həm enerji, həm də kimyəvi rənglərin vura biləcəyi ziyanın qarşısını ala bilərik. Çünki bu geyimlər poliqonlara atıldıqda onlarda olan kimyəvi rənglər ekologiyamız üçün ciddi fəsad törədir. Belə ucuz kimyəvi boyalarla boyanan parçalar səhhətimiz, eləcə də ekologiyamız üçün çox böyük təhlükədir”.

Dizayner Renara Şəmsiyeva parça və hissəciklərdən müxtəlif geyim məhsullarının hazırlanmasında istifadə edir
Dizayner Renara Şəmsiyeva parça və hissəciklərdən müxtəlif geyim məhsullarının hazırlanmasında istifadə edir

O, bu geyimlərin qiymətinin digərləri ilə müqayisədə daha münasib olduğunu söyləyib. Əslində dizayner bu cür geyimləri münasib qiymətə təklif etməklə həm diqqət çəkmək, həm də alıcılıq qabiliyyətinin artımına təsir etmək istəyir: “Bu geyimlər adi mağazalarda gördüyünüz kütləvi istehsal olunan belə məhsullardan tamamilə fərqlidir. Yəni belə geyimlərin qiyməti digər mağazalarda satılan geyimlərlə ya eynilik təşkil edir, ya da ki, bir qədər aşağı olur. Mənim dizayn etdiyim ən ucuz çantalar 15-18 manatdır. Ən bahalı geyimlər isə üst geyimləridir. Onların qiyməti 200 manatadəkdir. Mağazalarda isə bu cür geyimlərin qiyməti elə 160-200 manat arası olur. Amma etiraf edim ki, bizdən fərqli olaraq başqa ölkələrdə bu cür geyimlər daha yüksək qiymətdə bazarlara təklif olunur”.

“Məsələn, uzunluğu 50 santimetr olan, 38 M ölçülü ətəyin qiyməti 70 manatdır. Bu ətəyin qiymətinə təsir edən amillərdən bir neçəsini sadalayım. Ətəkdə altı cür parça növündən istifadə olunması, onların bir-biri ilə əlaqələndirilməsi, bir sözlə beyin məhsulu olaraq belə bir kompozisiyanın düşünülməsi qiymətə təsir edib. Nəticədə ortaya çıxan bu dizayn isə ətəyi digərlərindən fərqləndirir”, – deyə dizayner əlavə edib.

Renara Şəmsiyevanın hazırladığı gödəkçə
Renara Şəmsiyevanın hazırladığı gödəkçə

O deyir ki, parçanın ikinci, yaxud da birinci əl olması isə qiymətə heç bir təsir etmir: “Çünki bu parçalar lazımi səviyyədə təmizlənir və yuyulur. Elə parçalar var ki, onun ikinci əl olmasının o qədər də fərqi yoxdur. Məsələn, cins parçaları da buna nümunə olaraq göstərmək olar. Çünki bu cür parçalar, işlənmiş geyimlərdən əldə olunan müəyyən hissələr yuyulduqdan sonra yeni biçimdə təqdim olunur. Bu işə əmək qoyduğum üçün, zəhmət çəkdiyim üçün özüm də mağazalardan alıb geyindiyim, bir müddət sonra yararsız olan bu geyimlərin istifadəyə yararlı parçalarını kəsərək saxlayıram”.

Amma bu işin xırdalıqları, çətinlikləri də az deyil. R.Şəmsiyeva deyir ki, elə modellər var ki, onları yenidən hazırlamaq istəyərkən eyni parçaları, rəng çalarlarını tapmaq mümkünsüz olur. Bu səbəbdən də geyimlər arasında müəyyən fərq nəzərə çarpır.

Ekoloji zəhərlənmənin, çirklənmənin və itkinin qarşısını almaq üçün dizaynerin irəli sürdüyü təkliflərindən biri isə istifadə olunmayan geyimlərin başqalarına, ehtiyacı olanlara, müxtəlif xeyriyyə təşkilatlarına ötürülməsidir.

Renara Şəmsiyevanın hazırladığı geyimlərin qiyməti digərləri ilə müqayisədə daha münasibdir
© SPUTNİK / NİGAR MAHARRAM.
Renara Şəmsiyevanın hazırladığı geyimlərin qiyməti digərləri ilə müqayisədə daha münasibdir

Hələlik ki, hazırladığı geyimlərin yalnız onlayn satışını təşkil edən dizayner deyir ki, qatıldığı son sərgilərdə müxtəlif mağaza sahibləri tərəfindən onun işlərinə maraq yaranıb. O deyir ki, istehsal böyük olsa, yəqin ki, başqa ölkələrdən də bu cür geyimlər, yaxud da parçalar gətirəcək.

Ekoloji sağlamlığa diqqət çəkmək üçün qeyd edək ki, bu gün atdığımız geyim məhsullarında istifadə olunan pambığın hər kilosuna görə 20 min litr su sərf olunur. Bu gün ekoloji mühiti zəhərləməsinə və su israfına görə tekstil sahəsi dünyada ön pillədə qərarlaşıb. Məlumata görə, fabriklərin yalnız 15 faizi bu parçaları yenidən istehsal etmə gücünə malikdir. Bu isə o deməkdir ki, istehsal olunan parçaların 85 faizi yenidən istehsala geri qaytarılmır.

Renara Şəmsiyevanın hazırladığı geyimlər
© SPUTNİK / NİGAR MAHARRAM.
Renara Şəmsiyevanın hazırladığı geyimlər

Qeyd edək ki, Sputnik Azərbaycan tərəfindən bundan öncə də ekoloji sağlamlığın qorunması, disbalansın aradan qalxması üçün müxtəlif materiallar hazırlanıb. Plastik tullantıların ətraf mühitə vurduğu zərər, bununla mübarizə üçün çıxış yolları haqda da silsiləli məqalələr dərc olunub. Bir neçə gün öncə isə oxucularımızı ekoloji sağlamlığın qorunması üçün dünyanın 10 ölkəsini gəzərək nümunə yaradacaq daha bir azərbaycanlı Ağa Mehdi ilə tanış etdik. Təxminən 5-6 ay nəqliyyat vasitəsi olmadan dünyanın 10-dan artıq ölkəsini gəzəcək Ağa Mehdinin əsas şüarı isə çox yox, yalnız bir günümüzü nəqliyyatsız təsəvvür etmək, işə piyada gedib gəlmək və bununla da ekoloji mühitə müəyyən töhfə verməkdir.

Əlbəttə hər birimiz bacardığımız qədər ekoloji sağlamlığın qorunması istiqamətində müəyyən töhfələr versək, daha tez müəyyən nəticə əldə etmiş olarıq. Bunun üçün kimdənsə hərəkət gözləməməliyik, özümüz hərəkətə keçməliyik.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər