Bu il aprelin 27-də Türkiyənin İstanbul şəhərində Dünya Azərbaycanlı Gənclər Birliyi Mərkəzi Şurasının iclası keçiriləcək. İclasda 40 ölkədən 70-dən çox təşkilatın rəhbərləri və üzvlərinin iştirakı gözlənilir.
Birliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, gündəlikdə olan məsələlər, əsasən, Mərkəzi Şuraya daxil olan üzv təşkilatların il ərzində gördükləri işlərin və həyata keçirilən layihələrin hesabatlarının dinlənilməsi, bu barədə müzakirələrin aparılmasıdır. Bununla yanaşı, iclasın keçirilməsində əsas məqsədlərdən biri dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən azərbaycanlı gənclər təşkilatlarının xalqımızın zəngin mədəni irsinin təbliği, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, soydaşlarımızın hüquq və azadlıqlarının müdafiəsi sahəsində gördüyü işlərin müzakirəsi və gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsidir.
İclasda Dünya Azərbaycanlı Gənclər Birliyinin elm, təhsil, mədəniyyət və digər sahələrdə xarici ölkələrin gənclər təşkilatları ilə əməkdaşlığının qurulması, həmvətənlərimizin yaşadıqları cəmiyyətə intеqrasiyası, ictimai-siyasi həyatda daha fəal iştirakının təmin olunması istiqamətində fəaliyyətinə dair fikir mübadiləsinin aparılması da gözlənilir.
Bundan əlavə, növbəti iclasa qədər layihələrin, görüləcək işlərin istiqamətləri və həyata keçirilməsi barədə müzakirələrin aparılması da nəzərdə tutulub. İclasda, həmçinin Dünya Azərbaycanlı Gənclər Birliyinin növbəti qurultayının gündəliyi və müzakirə olunacaq məsələlər dəqiqləşdiriləcək.
Qeyd edək ki, tədbir çərçivəsində Dünya Azərbaycanlı Gənclər Birliyi və Avropa Azərbaycanlı Konqresi arasında əməkdaşlıq memorandumunun imzalanması da gözlənilir.