İtaliyanın Azərbaycandakı səfirindən MÜSAHİBƏ: SUMQAYITLA BAĞLI NƏ DEDİ?

1567

sumqayitxeber.com İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massarinin APA-ya müsahibəsini təqdim edir:

– İtaliya ilə Azərbaycan arasında ikitərəfli əməkdaşlığın səviyyəsini necə qiymətləndirirsiniz?

– Bir sözlə, mükəmməl! İtaliya və Azərbaycan arasında dərin və yaxşı dostluq əlaqələri, eləcə də yüksək səviyyəli siyasi dialoq mövcuddur. Ticarət və iqtisadiyyat sahəsində çox yaxşı əlaqələrimiz var. İtaliya dünyada Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır və Azərbaycan ölkəmizin xam neftlə əsas təchizatçısıdır. Ölkəmizin Azərbaycana yatırdığı investisiyaların həcmi yüksək səviyyədədir. Düşünürəm ki, gələcəkdə bu, daha da yüksələcək, TAP və digər sənaye layihələrinin sayəsində əlaqələrimiz indiki ilə müqayisədə daha güclü olacaq.

– Bu il İtaliyadan Azərbaycana yüksək səviyyəli səfərlər gözlənilirmi?  Yaxın zamanlarda iki ölkə arasında yeni sazişlərin imzalanması planlaşdırılırmı?

– 2018-ci il İtaliya üçün ümumi seçkilər ilidir. Martda yeni parlament seçəcəyik. Buna görə, səfərlərlə bağlı təqvimin bir qədər durğunluğu normaldır. Bununla belə, əvvəlki aylarda artan siyasi əməkdaşlığın şahidi olduq, yeni müqavilələr qüvvəyə minib və bir neçə razılaşma ilə bağlı danışıqlara başlamışıq. Hazırda müdafiə sahəsində və dəniz nəqliyyatı ilə bağlı iki yeni müqavilə qüvvədədir. Biz ətraf mühitin qorunması, yaşıl iqtisadiyyatla bağlı İtaliyanın Ətraf Mühit Nazirliyi və Azərbaycanın Ekologiya Nazirliyi arasında danışıqlar aparırıq. Həmçinin, ikitərəfli investisiyaları qorumaq üçün investisiya müqaviləsini müzakirə edəcəyik. Bir neçə ay bundan əvvəl AMEA-nın prezidenti Akif Əlizadə ilə görüşdən sonra elmi-texnoloji əməkdaşlıq üçün ortaq maraqlara xidmət edəcək bəzi sahələrin aşkar edilməsi ilə bağlı icra protokollarının davam etdirilməsi qərarına gəldik. Bu Protokol birgə tədqiqat layihələri və proqramları maliyyələşdirməyi nəzərdə tutur. Bu, bizim əməkdaşlığımız üçün yeni innovativ sektor, texnologiyaların tapılması baxımından vacibdir.

Səfərlərə gəldikdə, fevralın 15-də İtaliya Nazirlər Şurasının dövlət katibi Klaudio De Vinsentin Bakıya gələcək. O, Cənub Qaz Dəhlizi layihəsi üzrə baş tutacaq Məsləhət Şurasının iclasında iştirak edəcək. Kaludio De Vinsentin bir neçə ildir ki, İtaliya hökumətinin TAP layihəsini izləyən nümayəndəsidir. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da dəfələrlə İtaliyada olub, sonuncu dəfə Palermoda ATƏT-in təşkil etdiyi konfransda iştirak edib. Konfrans “Aralıq dənizi və qaçqınların regional problemi” mövzusu ətrafında olub. Bu il yanvarın 30-da Azərbaycanın gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov Romada keçiriləcək “Sport Integrity Global Alliance” forumunda iştirak edəcək.

– Dünyada baş verən iqtisadi proseslər ikitərəfli ticarətə nə kimi təsir edib? Ticarət dövriyyəsi ilə bağlı vəziyyəti necə qiymətləndirirsiniz?

– İtaliya və Azərbaycan arasında ticari əməkdaşlıq dünyada baş verən ümumi iqtisadi proseslərdən təsirlənib. Neftin qiyməti düşdü və buna görə, Azərbaycandan İtaliyaya ixracatın həcmi də azaldı. Həm də İtaliyadan Azərbaycana ixracatın səviyyəsi azaldı.

“Azərbaycandan İtaliyaya ixracatın həcmi ölkənizin dünyada ümumi ixracatının 31%-ni təşkil edir.”

Baş verən iki devalvasiya istehlak əhəmiyyətli malların tutumunun azalmasına səbəb oldu. Buna görə, 2015-2016-cı illərdə Azərbaycana ixracatımızda böyük azalma var idi. 2017-ci ildə isə ixracatda bir az artım qeydə alsaq da, İtaliya ixracatı hələ də çox aşağı həddə qalır. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 5 milyard dollar təşkil edib. Bu da 2016-cı illə müqayisədə yüksəkdir. Azərbaycandan İtaliyaya ixracatın həcmi ölkənizin dünyada ümumi ixracatının 31%-ni təşkil edir. Ticarət balansını tarazlamaq üçün işləməyə ehtiyacımız var. İxraclarımızı genişləndirə biləcəyimiz sahələr hələ də var. Azərbaycanın iqtisadiyyatı əvvəlki illərdə olduğu kimi, yenidən yüksəlməyə başlasa, İtaliya maşın, innovativ texnologiya, tikinti materialları sahəsində imkanlarından istifadə edə bilər. İtaliya Avropada Almaniyadan sonra sənaye istehsalının həcminə görə ikinci ölkədir. Düşünürəm ki, Azərbaycan hökumətinin iqtisadiyyatın inkişafı ilə bağlı həyata keçirdiyi islahatlar proqramı çox mühümdür, artıq müsbət nəticələr də əldə olunub.

– Azərbaycanda İtaliyanın neçə şirkəti fəaliyyət göstərir? Onların bu günə qədər Azərbaycan iqtisadiyyatına sərmayəsi nə qədər təşkil edir?

– Azərbaycanda 87 İtaliya sərmayəli şirkət fəaliyyət göstərir. Başlanğıcdan bu günə qədər onların Azərbaycana qoyduqları investisiyanın ümumi həcmi 800 milyon dollar təşkil edir. İtaliya Azərbaycanın ilk iqtisadi əməkdaşıdır və sərmayələr baxımından biz 2 ya 3 əsas investorlar arasında yer alırıq. Digər yandan, Azərbaycanın İtaliya iqtisadiyyatına sərmayəsi isə 130 milyon dollar təşkil edir. TAP layihəsi bu rəqəmi artıra bilər. TAP təkcə Avropanın enerji təchizatı baxımından vacib alternativlər yaratmayacaq, həm də Azərbaycan və İtaliya arasında birbaşa əlaqə olacaq.

“TAP təkcə neft-qaz sektorunda deyil, həm də digər sahələrdə yeni əlaqələr və müqavilələrə zəmin yaradacaq.”

TAP təkcə neft-qaz sektorunda deyil, həm də digər sahələrdə yeni əlaqələr və müqavilələrə zəmin yaradacaq. Əgər hökumətlər daha sıx əməkdaşlıqda olsalar, insanlar da daha çox əlaqə yaratsalar, siyasi, mədəni bağlar da daha güclü inkişaf edə bilər.

– İtalyanın “Leonardo” şirkəti maşınqayırma ilə məşğul olan böyük bir şirkətdir. Şirkətin Azərbaycanla bağlı planları nədir?

– “Leonardo” ən böyük çoxmillətli, yüksək texnologiyalı şirkətlərdən biridir və aerokosmik, müdafiə və təhlükəsizlik sahələrdə dünyanın aparıcı qurumlarından biridir. Şirkətin Azərbaycanla bağlı planlarına gəldikdə isə bu, Azərbaycanın ehtiyaclarından asılıdır. Şirkətin CEO-su keçən ilin oktyabr ayında bura gəlmişdi və bir sıra yüksək səviyyəli görüşləri olmuşdu. Bəzi şeylər ardıcıllığı təqib etməkdən asılıdır. Düşünürəm ki, əməkdaşlıq üçün çox geniş sahələr mövcuddur. Hesab edirəm ki, “Leonardo” müəyyən edilmiş sahələr – sərhəd təhlükəsizliyi, helikopterlər, dəniz platformalarının qorunması, fövqəladə halların və mülki müdafiə tədbirlərinin hər biri üzərində işləməyə hazırdır.  Buna baxmayaraq, mən də düşünürəm ki, bu, “Leonardo”dan asılı deyil.

– Ötən il neçə azərbaycanlı viza almaq üçün səfirliyə müraciət edib? Viza verilməsi ilə bağlı hansı problemlər yaşanır?

– Ötən il 10200-dən çox viza işi həyata keçirmişik. Bu rəqəm 2016-cı ildən daha yüksəkdir. Həmin il 8 min viza vermişdik. Viza müraciətləri əsasən biznes və turizmlə bağlı olub. Bundan əlavə, ötən il İtaliya universitetlərinə qəbul olan 530-dan çox tələbənin viza müraciətini qəbul etmişik. Avropa ölkələri sırasında İtaliya Azərbaycan tələbələri tərəfindən viza üçün ən çox müraciət edilən ölkədir. Bu, bir daha iki ölkə arasında necə dərin və konkret dostluq bağlarının mövcud olduğunu göstərir. Mən görülən işdən çox razıyam və Azərbaycan rəsmilərinə, xüsusilə, Azərbaycan Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinə minnətdaram. Onlarla yeni akademik sessiya üçün birgə işləməyi planlaşdırmışıq.

– Turizmlə əlaqədar hansı yenilikləri planlaşdırırsınız?

– Hazırda Milana birbaşa reyslər var. Milan şopinqə getmək istəyən ya da bizneslə məşğul olmaq istəyən azərbaycanlıların üstünlük verdiyi bir şəhərdir.

“Belə başa düşdüm ki, AZAL aprel ayından etibarən Bakı-Roma birbaşa uçuşlarını yenidən açmağa hazırdır. Bu qərar turizmi gələcəkdə inkişaf etdirə bilər.”

Belə başa düşdüm ki, AZAL aprel ayından etibarən Bakı-Roma birbaşa uçuşlarını yenidən açmağa hazırdır. Bu qərar turizmi gələcəkdə inkişaf etdirə bilər. Mən Azərbaycan hökumətinin evisa.gov.az saytında italyan dili səhifəsinin də olmasını yüksək qiymətləndirirəm və bu, mənim ölkəmdən çoxlu turistləri cəlb edir. Ötən bir neçə il ərzində Azərbaycana çoxlu əcnəbi turist axını oldu. Ancaq onların əksəriyyəti Avropadan deyildi. Mən burada çoxlu sayda italiyalı turist görməkdən şad olaram. Bu yaxınlarda Mədəniyyət və Turizm Nazirliyinin səlahiyyətli orqanları əməkdaşlığın yeni yollarını yaratmaq üçün səfirliyə müraciət ediblər. Bakıda diqqət çəkən yerlər çoxdur. Bakı xoşagələn və müasir şəhərdir. İçərişəhər fantastikdir. Düşünürəm ki, hökumətiniz xaricdən turistləri cəlb etmək üçün çox yaxşı işlər görür. Bir neçə həftə əvvəl elə sizin informasiya agentliyinizdə prezident İlham Əliyevin Yanardağa səfəri ilə bağlı xəbəri oxudum. Dövlət başçısı daha çox sayda turist cəlb etmək üçün ərazinin təkmilləşdirilməsinin vacibliyini vurğuladı. Ötən il bir italyan memar Yanardağda Enerji Muzeyi yaratmaq üçün layihə hazırladı. Marko Polo da Uzaq şərqə səfəri çərçivəsində bu əraziyə gəlmiş və “Million” kitabında bunu qeyd etmişdi. Azərbaycan enerjisi TAP vasitəsilə İtaliyaya gedəcək, italyan memarlarının və azərbaycanlı tərəfdaşların iştirakı ilə Yanardağa Enerji Muzeyi yaradılacaq və bu, iki ölkə arasında simvolik bağ, Azərbaycan-İtaliya əlaqələri üçün bir digər potensial olacaq. Nəhayət, Bakıda keçiriləcək “EXPO 2025” sərgisi turizm sektorunun inkişafına öz töhfəsini verəcək.

– Azərbaycanla İtaliya arasında hansı sahələrdə əməkdaşlığın genişləndirilməsi planlaşdırılır?

– Biz siyasi, mədəni, iqtisadi və elmi sahələrdə əlaqələri inkişaf etdirə bilərik.

Mən tez-tez Azərbaycanın 1918-ci il Konstitusiyasını xatırlayıram. Siz qadınlara səsvermə hüququnu 1918-ci ildə vermisiniz. İtaliya isə qadınlara bu hüququ 1946-cı ildə verib. Və siz bu qərarı verən ilk islam ənənəli ölkə olmusunuz. Azərbaycan xalqı bununla həqiqətən qürur duymalıdır. İtaliya səfirliyi Azərbaycan Cümhuriyyətinin 100 illik ildönümü münasibətilə Azərbaycan və İtaliya Konstitusiya hüququ ekspertlərinin qadınların cəmiyyətin siyasi həyatında rolu ilə bağlı fikirlərini koordinasiyalı bölüşmək üçün tədbir təşkil etməyə hazırdır.

 

“Siz qadınlara səsvermə hüququnu 1918-ci ildə vermisiniz. İtaliya isə qadınlara bu hüququ 1946-cı ildə verib. Və siz bu qərarı verən ilk islam ənənəli ölkə olmusunuz. Azərbaycan xalqı bununla həqiqətən qürur duymalıdır.”

Ötən il mədəniyyət sahəsində bir sıra yüksək səviyyəli tədbirlər təşkil etdik. Heydər Əliyev Mərkəzində “Karavacco-Opera Omnia” adlı sərgi buna nümunədir. Bu, yüksək səviyyəli sərgi idi və ortaq işə görə Heydər Əliyev Fonduna təşəkkür edirəm. Fond yüksək səviyyəli mədəni tədbirlərin təşkilində dərin həssaslığa malikdir. 2018-ci ildə də bu cür tədbirlər həyata keçirməyə çalışacağıq. Florensiyadakı “Uffizi” qalereyasında olan Səfəvi sülaləsinin banisi I Şah İsmayıl Xətainin portretini bura gətirib, sərgi təşkil etməyə çalışacağıq. Bundan başqa, hər il noyabrın ortasında bütün dünyada, eləcə də Bakıda  İtaliya mətbəxi həftəsini qeyd edirik. Bu il də bununla bağlı tədbir təşkil edəcəyik. İtaliyadan yaxşı aşpazlar gətirməyi planlaşdırırıq. Bu il təşkil edəcəyimiz növbəti tədbir martın 1-də olacaq. Bakıda şəhər planlamasına uyğun olan italyan dizaynını qeyd edəcəyik. Tədbir Bakı Media Mərkəzində baş tutacaq. Şəhər planlamasına, müasir şəhərlərdəki insan kapitalının dəyəri və yaşıl texnologiyalara həsr olunmuş maraqlı seminarlar, sərgilər təşkil olunacaq. İqtisadiyyat sahəsində isə enerji və qeyri-enerji sahəsində əlaqələri genişləndirməyə ehtiyac duyulur. Kimya və neft-kimya sahələrində gerçəkləşdirə biləcəyimiz yaxşı birgə layihələr var: İtaliyanın “Maire Technimonet” şirkəti Sumqayıtda böyük sənaye layihəsini tamamlayır və tezliklə Azərbaycan polipropilen ixrac edə biləcək. Düşünürəm ki, əczaçılıq sahəsində də eyni şeyləri etmək imkanlarımız var. İtaliya şirkətləri bura gəlib, sənaye layihələri həyata keçirməyə maraqlıdırlar. Sonra tekstil və aqro-qida sahələrində əlaqələri genişləndirə bilərik. Biz aqro-qida sahəsində olduqca güclüyük və Azərbaycanda bu sektorda çox şey inkişaf edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər