“Jurnalist bilməlidir ki, onu “İtin insanı dişləməsi xəbər deyil, insanın iti dişləməsi xəbərdir” kimi oxucu marağından doğan bir formul izləyir”

1130

Vüsal Məmmədov: “Ən maraqlı müsahibim Tahir Əmiraslanov olub. Müsahibə təkcə ona görə dadlı deyildi ki, biz yemək-içməkdən danışırdıq – daha çox ona görə maraqlı idi ki, adam yalnız kulinar deyil, sanki ensiklopediyadır.”

“Əvvəlcə oxucunun arxasınca getmək lazımdır ki, sonra onu öz ardınca gətirə biləsən”

Heydər Əliyevin 88-ci doğum günü ilə bağlı Yeni Azərbaycan Partiyasının keçirdiyi yazı müsabiqəsinin qalibi, Azərbaycan Universitetinin tələbəsi, sumqayıtlı gənc Səbinə Əliyeva bu günlərdə 20 yaşı tamam olmuş, ölkə mətbuatının flaqmanlarından biri “168 saat” qəzetinin baş redaktoru Vüsal Məmmədovu sual atəşinə tutub

İnsan həyatının taleyüklü məsələlərindən biri onun ixtisas və peşə seçməsidir. Təcrübə göstərir ki, bir çox insanlar yaşadığı yerin iqtisadiyyatının inkişafını, bir sözlə əmək bazarının tələbatını nəzərə almadan doğmalarının və yaxud da ətrafdakı  insanların təhriki ilə müəyyən ixtisas və ya peşə seçirlər. Onlar seçdikləri sahə üzrə ali təhsil aldıqdan sonra, bir çox halda isə  müəyyən müddət fəaliyyət göstərdikdən sonra peşə seçimində yanıldıqlarını anlayır və başa düşürlər ki, bu iş onlar üçün maraqsızdır, qəlblərində bu peşəni sevmirlər, beləliklə yenidən öz gələcəklərini müəyyənləşdirən qərarlar qəbul etməli olurlar. Bəzənsə, buraxılan səhvi düzəltmək mümkün olmur, insan bütün  ömrünü sevmədiyi, onda maraq doğurmayan bir işə həsr etməli olur.

Deyilənə görə, qabiliyyətsiz insan yoxdur, həyatda öz layiqli yerini tapmayan insan var, cəmiyyət isə ona həyatda öz yerini tapmaqda, peşə seçimində yardımçı olmalıdır. Onu qeyd etmək istəyirəm ki, peşə seçimində gənclərə hər birimiz kömək etməli və onlara düzgün yol, onların xarakterinə, qabiliyyət və bacarığına uyğun fəaliyyət sahəsi göstərməliyik. Bu zaman gənclərin maraq və meylləri,eyni zamanda  əmək bazarında olan mövcud tələbat mütləq nəzərə alınmalıdır.

Düzgün peşə seçimində hər kəs öz yerini və imkanlarını dəqiq bilməlidir. Aydındır ki, hamıda eyni qabiliyyət, eyni maraq və eyni bacarıq ola bilməz. Amma hər kəsdə hər hansı bir sahəyə müəyyən meyl və maraq vardır. Gənclərin peşə seçimində və onların faydalı, davamlı əməyə hazırlanmasında məktəblərin və Məşğulluq orqanlarının rolu böyükdür.

Peşə təkcə pul qazanmaq, dolanışıq məqsədi ilə seçilmir ,bəlkə bunlardan da əhəmiyyətlisi özünü ifadə etmək, özünü doğrultmaq üçün seçilir.

Bu yazımda  təbii ki, peşə mövzusunu əbəs yerə açmadım.Müasir dövrümüzdə öz peşəsinə, işinə böyük sevgisi olub onu layiqincə dəyərləndirən gənclərimiz də kifayət qədərdir. Belə gənclərimizdən biri də ölkə mətbuatında kifayət qədər tanınan bir qəzetin baş redaktoru Vüsal Məmmədovdur. Söhbət o qəzetdən gedir ki, bu günlərdə 20 yaşı tamam olub. Söhbət o qəzetdən gedir ki, o, ölkə üzrə 5 beynəlxalq mükafata layiq görülmüş yeganə mətbu orqandır. Söhbət “168 saat” qəzetindən gedir.

Xatırladım ki, müsahibim 2009-cu ildə Gənclər və İdman Nazirliyi və Sumqayıt şəhər Gənclər və İdman Baş idarəsi tərəfindən “İlin jurnalisti” kimi mükafatlandırılmışdır.

-Vüsal bəy, jurnalist olmağa nə vaxt və necə qərar verdiniz?

-O vaxt ki, mən AzTV-nin “Səhər” kanalının aparıcısı Esmira Çərkəzqızının aparıcılıq etdiyi buraxılışları maraqla izləməyə başlamışdım. Daha sonralar isə ANS və xüsusilə Mirşahinin virtual təsirini hiss edirdim… Bir az sonra BDU-nun nəşriyyat işi və redaktəetmə ixtisasına qəbul olunmağım bu qərar üçün həlledici oldu. Sonra isə “168 saat” və o vaxtkı redaktorumuz Varis müəllim mənim və mənimlə eyni vaxtda orada çalışan gənc komandanın peşəkar jurnalistlər kimi yetişməsində əvəzsiz rol oynadı.

-Universitet illərində mətbuatla aranız necə idi?

-Gündəlik də olmasa, həftədə 3-4 dəfə qəzet oxumağa çalışırdım… və artıq birinci kursda “Azadlıq” qəzetində ilk yazım dərc olunmuşdu. Sonra “Yüksəliş naminə” qəzeti ilə əməkdaşlıq etməyə başladım. Peşəkar jurnalistika fəaliyyətim isə müəyyən müddət fasilədən sonra fəaliyyətini bərpa etmiş “168 saat”da, 2005-ci ildən başladı.

-Yazılarınızın çoxu siyasi yönümlüdür, bunun səbəbi nədir?

-Yox, bu, 2-3 il öncə belə idi. İndi daha çox sosial və ictimai mövzulara üstünlük verirəm. Çünki siyasi yazıların oxucu kütləsi çox azdır. İnsanları daha çox onların həyatına bilvasitə təsir edən məsələlər maraqlandırır, nəinki bilavasitə.

– “168 saat” nə ilə fərqlənir?

-Azərbaycan mətbuatının hazırda ən böyük problemlərindən biri onun siyasiləşməsindədir. Elə mətbuatın reklam böhranının kökündə duran səbəblərdən biri də budur. “168 saat” siyasiləşməməyə, ictimailiyini və ən əsası isə maksimal dərəcədə neytrallığını qorumağa çalışır. Doğrudur, deyə bilərsiniz ki, onda nəyə görə, qəzetinizin hər səhifəsində bir reklam görmürük – mən də sizə cavab verərəm ki, Sumqayıt istənilən halda, əyalətdir. Burda qəzet çıxarmaq, oxucu dairəsini genişləndirmək, böyük həcmdə reklam payı qazanmaq çox çətindir. Bunun üçün uzun zaman lazımdır. Hansı ki, biz son aylar bu istiqamətdə müəyyən irəliləyişlər hiss edirik. Bu gün “168 saat” Sumqayıtda reklamçılar üçün ən maraqlı nəşrdir. Sumqayıtda yerləşən restoranın paytaxt mətbuatında reklam olunması reklam strategiyasının yoxluğunun təzahürüdür. Ölkənin heç bir mətbu orqanı Sumqayıtda “168 saat” qədər yayılmır. Biz hər həftə 3000 oxucuya çatırıq. Yox, yox, 100 faizlik satışımız yoxdur, sadəcə abunə kampaniyaları və pulsuz qəzet paylama aksiyalarımız bizi oxucularımızla bir qədər də yaxın edir.

– Bəs oxucu kütləniz əsasən hansı təbəqədəndir?

-Çalışırıq ki, hər təbəqə üçün maraqlı qəzet buraxaq. Maksimum rəngarəngliyə, müxtəlifliyə nail olmağa səy göstəririk. Nə qədər maarifləndirici və konservativ olsan belə, həm də oxucu marağının ardınca getməli olursan – məsələn, sensassion material və ya hətta yarıçılpaq gözəlin fotosu daha çəkicidir oxucu üçün, nəinki BMT-nin İranla bağlı qətnamənin hansısa bəndinə ciddi praktik əhəmiyyət daşımayan düzəliş etməsi. Ümumiyyətlə, bu, jurnalistlər üçün mübahisəli məsələdir – oxucunumu öz ardınca aparmalı, yoxsa özün oxucunun dalıncamı getməli? Mənə elə gəlir ki, əvvəlcə oxucunun dalınca getmək lazımdır ki, sonra onu ardınca gətirə biləsən.

-Müasir Azərbaycan mətbuatının ən stajlı qəzetlərindən birisiniz. Uğurlarınız necə bunu uyğundurmu?

-Beş beynəlxalq mükafat qazanıb “168 saat”. Bu, ölkə üzrə yeganə bu cür göstəricidir. Bu sıraya çoxsaylı beynəlxalq qurumların təmsilçilərindən gələn təşəkkür və təbrikləri də əlavə etmək olar. Məsələn, FİFA prezidenti Ze Platterin təşəkkür məktubu və s.

-Bu gün ölkədə yetərincə tanınan, nüfuzlu və oxunan bir qəzetin baş redaktorusunuz. Belə gənc yaşda belə məsuliyyyət sizə ağır gəlmirmi?

-Əlbəttə, bu, ciddi məsuliyyət, həm peşəkarlıq, həm də psixoloji baxımdan yük deməkdir. Kimsə bu maşınla xeyli yüksəklərə uçub və indi sənə etimad göstərilib. Məsələnin psixoloji məsuliyyəti burasındadır. Ancaq çalışırıq ki, bu məsuliyyətin öhdəsindən gələk. Mən ona görə cəm formasında danışıram ki, “168 saat” mənim solo ifam deyil – burda böyük və peşəkar bir kollektiv çalışır. Müəyyən uğurlar da var. Oxucular da, peşəkarlar da deyir ki, qəzet 3-4 il əvvəlkindən daha yaxşı səviyyədədir. Bir neçə iri layimiz olub – məsələn, ABŞ səfirliyi ilə və yerli QHT-lərlə birgə iki iri layihəmiz olub. Biz 2009-cu ildə Mətbuat Şurasına üzv olmuşuq… Və ən əsası isə sumqayıtlılar müstəqil media qurumu olaraq problemlərinin həllində bizə inanır, redaksiyamıza üz tuturlar.

– Sizə və komandanıza bu çətin, məsulliyətli və eləcə də maraqlı işinizdə uğurlar arzulayıram. Mümkünsə “168 saat”ın ilk sayı barəsində bir qədər oxucularımıza məlumat verərdiniz..

– “168 saat”ın ilk sayı işıq üzü görəndə mən hələ qələm tutmağı bacarmırdım, orta məktəbə getmirdim. Söhbət 20 il öncədən gedir. Bu suala ən yaxşı cavabı, yəqin ki, qəzetin ilk sayının redaktoru, o vaxt üçün olduqca çətin, riskli bir işin altına girmiş – indi hamımızın romançı kimi tanıdığımız Varis bəy cavab verə bilər.

– İndiyə kimi ən maraqlı musahibiniz kim olub?

– Tahir Əmiraslanov. Müsahibə təkcə ona görə dadlı deyildi ki, biz yemək-içməkdən danışırdıq – daha çox ona görə maraqlı idi ki, adam yalnız kulinar deyil, sanki ensiklopediyadır. 3-4 saatlıq söhbətimizin necə keçdiyini bilməmişdim.

– Çox maraqlıdır. Bəs ilk musahibiniz kim olub?

– Sumqayıtlı siyasi partiya funkisonerlərindən biri olub yəqin ki. Çünki ilk yazılarım yerli siyasi məsələlərlə bağlı idi – 2005-ci ilin parlament seçkiləri dövrü idi onda. Ancaq təssüf, ad xatırlamıram.

– Sizə görə jurnalistin həyat düsturu nədir?

– Neytrallıq, qərəzsizlik və bunun üçün yazarkən hisslərin təsirindən qaçmaq. Bu, yalnız mənim düsturum deyil, peşəkar jurnalistikanın tələbidir. Eyni zamanda jurnalist bilməlidir ki, onu “İtin insanı dişləməsi xəbər deyil, insanın iti dişləməsi xəbərdir” kimi oxucu marağından doğan bir formul izləyir.

O ki qaldı, şəxsi həyat düsturuna – vicdanlılıq – hər bir peşə sahibi kimi jurnalist üçün də birinci olmalıdır yəqin ki. Bəlkə də jurnalist daha vicdanlı olmağa borcludur – çünki o hər kəsə aid bir nəsnə ilə işləyir – sözlə. Yəqin buna görədir ki, hamı jurnalistə necə yazmağı, hansı mövqedə durmağı öyrədir, ancaq heç vaxt rastlaşmırııq ki, kimsə həkimə necə müalicə etməyi, müəllimə necə dərs keçməyi öyrətməyə çalışsın.

-Həmişə siz musahibə almısınız. Müsahib olmaq çətindirmi?

-Çox çətindir. Cəmi bir neçə dəfə müsahibə vermişəm və hər dəfə də başa düşmüşəm ki, gör, müsahiblərimiz bizim əlimizdən nə çəkir. Suallar cavab vermək imtahanı xatırladır. İmtahan deyəndə isə Napaleonun imtahan qorxusu yada düşür. Bəlkə də bu adi prosesdir, ancaq adı zəhmlidir: Söhbət həm müsahibədən, həm də imtahandan gedir

– Gələcək planlarınız haqqında qısaca olaraq məlumat verin mümkünsə. Sonda oxucularınıza nə demək istərdiniz?

– Planlarımız çoxdur, məsələn, qəzetin həcmini artırmaq – 32, heç olmasa 24 səhifəyə çatdırmaq. Və ya ölkədə ilk dəfə regional informasiya agentliyi yaratmaq niyyətimiz var. Ancaq bunlar hazırkı şərtlər altında plandan daha çox, arzuya oxşayır…

Oxucularımıza isə yaxşı xəbərlər arzu edirəm, böyük hərflərlə yalnız: YAXŞI XƏBƏRLƏR!

– Bu günkü müsahibəyə görə sizə minnətdaram.

– Mən minnətdaram.

Ümid edək ki, çox yaxın gələcəkdə hər bir Azərbaycanlı ailəsinin evində qəzetə olan maraq yüksələcək,  hər birimiz alış-veriş barədə düşünərkən ərzaqla, çörəklə bərabər ən azı 1 qəzet də axtaracaq.

Səbinə Əliyeva

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər