Rusiyanın Həştərxan vilayətində avtomobilin vuraraq öldürdüyü azərbaycanlı jurnalist Ülviyyə Şamilqızı (Məmmədova) dəfn olunub.
“Report” xəbər verir ki, mərhumun cənazəsi Azərbaycana gətirilib və bu gün Gəncə şəhərindəki qəbiristanlıqda torpağa tapşırılıb.
Dəfndə Ü.Şamilqızının ailə üzvləri, yaxınları, jurnalist həmkarları iştirak ediblər.
Qeyd edək ki, hadisə yanvarın 23-də vilayətin Trusovsk rayonunda Tambov-Volqoqrad-Həştərxan şosesinin 1378-ci kilometrliyində, Magistral küçəsində baş verib.
Rusiya Daxili İşlər Nazirliyinin (DİN) Həştərxan vilayəti üzrə Polis İdarəsinin yaydığı məlumata görə, Ü.Şamilqızını adı açıqlanmayan 30 yaşlı şəxsin idarə etdiyi “Volkswagen Passat” markalı avtomobil vurub. Hadisə tənzimlənməyən piyada keçidində baş verib. Şosenin həmin hissəsindən piyadanın keçməsi qayda pozuntusu sayılmır. Orada işıqfor və keçid üçün zolaq qoyulmadığından tənzimlənməyən piyada keçidi adlanır.
Faktla bağlı Rusiya DİN-nin İstintaq İdarəsinin Həştərxan vilayəti üzrə şöbəsində prosessual yoxlama aparılır.
Xatırladaq ki, 1986-cı il təvəllüdlü Ü.Şamilqızı uzun müddət Azərbaycanın bir sıra KİV-lərində, o cümlədən “Xalq Cəbhəsi” qəzetində, “Report” İnformasiya Agentliyində çalışıb. O, fəaliyyəti dövründə dəfələrlə jurnalistlər arasında keçirilən müsabiqələrin qalibi və mükafatçısı olub. Ü.Şamilqızı təhsilini davam etdirmək üçün ötən ildən Rusiyanın Həştərxan şəhərində yaşayırdı.
Ü.Şamilqızının atası Qarabağ müharibəsində itkin düşüb və sonrakı taleyindən indiyədək heç bir məlumat əldə etmək mümkün olmayıb. Mərhum jurnalist uşaq yaşlarında olanda anasını da vəfat edib.
Allah rəhmət eləsin!