Kabarda-Balkar nümayəndə heyətinin üzvləri Sumqayıtda olublar

689

Kabarda-Balkar Respublikası (RF) baş nazirinin müavini Kazım Uyanayevin başçılığı ilə Azərbaycanda səfərdə olan Rusiya Federasiyasının bu subyektinin nümayəndə heyətinə daxil olan bir qrup nazir və sahibkar iyunun 20-də Sumqayıtın sənaye müəssisələrində olmuşdur.
AzərTAc xəbər verir ki, qonaqlar əvvəlcə unikal istehsalat kompleksi- Sumqayıt Texnoparkının (STP) fəaliyyəti ilə tanış olmuşlar. Bu iri istehsalat kompleksi hazırda Azərbaycanın çoxprofilli innovasiya mühəndisliyi mərkəzidir.
Texnoparkın direktoru Sahib Musayev nümayəndə heyətinin üzvlərini müəssisənin dislokasiyası və strukturu ilə tanış edərək bildirmişdir ki, postsovet məkanında nadir olan bu texnopark AZENCO SC-nin tərkibinə daxildir. Texnopark ölkəmizin başçısı İlham Əliyev tərəfindən 2009-cu ildə işə salınmışdır. Bütövlükdə texnopark 130 hektar ərazidə yerləşir. Onun fəaliyyətini altı departament əlaqələndirir. Onların hər birinin sərəncamında bir neçə zavod yerləşir. Hazırda 17 zavod işləyir, ilin axırında isə daha 5 zavod işə salınacaqdır. Bütövlükdə STP-da 30 müəssisə, o cümlədən gəmiqayırma zavodu fəaliyyət göstərəcəkdir. Elə buradaca liman körpüsü inşa ediləcəkdir.
Kadr resurslarından danışan texnoparkın direktoru bildirmişdir ki, bu sənaye nəhənginin işə salınması nəticəsində yeni iş yerləri açılmışdır. Hazırda zavodlarda və tikinti işlərində təxminən 4,5 min adam çalışır. Əməkdaşların 70 faizi ali təhsilli mütəxəssislərdir. Əməkçilərin orta əmək haqqı ümumrespublika göstəricisindən yüksəkdir.
Qonaqlar STP-in istehsalatları, müasir avadanlığı və modernləşdirilmiş texnologiyası ilə tanış olmuşlar. Bildirilmişdir ki, burada daxili bazar üçün çeşidli məhsullar, o cümlədən kabellər, transformatorlar, yüksəkgərginlikli avadanlıq, hidroturbinlər, su nasosları, elektrik mühərrikləri, borular, elektron sayğaclar və s. istehsal edilir. Texnoparkın direktorunun sözlərinə görə, ilin axırınadək burada daha dörd zavod işə salınacaqdır.
Sonra qonaqlar tanışlıq məqsədi ilə müəssisənin zavodlarına ekskursiyaya çıxmışlar. Onlar kabel zavodunda, mis və alüminium çubuqlar istehsalı üzrə sexdə, plastik borular, isti sinkləmə, yüksək voltlu elektrik avadanlığı, günəş kollektorları istehsalı, habelə elektron cihazqayırma, metal konstruksiya zavodlarında, Dəqiq Emal Mərkəzində  və diqərlərində olmuşlar.
Kabarda-Balkar Respublikasından olan qonaqlar ümumi ərazisi 2,8 hektar olan polimer məhsul istehsalı zavodunun fəaliyyətinə xüsusi maraq göstərmişlər. Hazırda burada 400 adam işləyir. Zavod texnoparkın müəssisələri arasında birincilər sırasında işə salınmışdır. Əvvəlcə zavodda cəmi beş xətt fəaliyyət göstərirdi. Zavodun genişləndirilməsi işləri aparıldıqdan sonra xətlərin sayı 25-dək artırılmışdır. Onların hər biri saatda 1300 kiloqram polietilen boru emal etməyə qadirdir. Müəssisə tamamilə avtomatik idarə olunur. Bu, müasir tələblərə cavab verən alüminium təbəqəli, çoxlaylı polietilen və polipropilen boruların keyfiyyətinə zəmanət verir. Zavod gün ərzində 396 ton polietilen boru istehsal edir.
Daha sonra nümayəndə heyətinin üzvləri Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Şirkəti tərəfindən Sumqayıtda inşa olunmuş “Azgüntex” zavodunda olmuşlar. Burada günəş modullarının istehsalı yaradılmışdır. Zavodda dünyanın məşhur şirkətlərinin alternativ və bərpa olunan enerji sahəsində ən müasir texnologiyaları istifadə olunur. Burada istehsal edilən 42-250 vatt gücündə günəş panelləri 60 fotoelementlə təchiz edilmişdir.
Bildirilmişdir ki, tezliklə zavodun ərazisində yüksək texnologiyalar parkı inşa ediləcəkdir. Burada optik linza, şüşə və bazalt lif, akkumulyator və s. istehsalı üzrə 15 zavod yaratmaq planlaşdırılır. Ətrabə Rzayeva (AzərTAc)

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər