Kal gavalılar

1604

bff50f870341Bizim cəmiyyət yatmağa yaman meyllidir, dəyməsən, silkələyib oyatmasan elə hey yatacaq. Amma sözün açığı iş gedən yerdə kiminsə yatması heç xoşagələn vəziyyət deyil. Bu mənada akademik Ramiz Mehdiyev yaxşı ki, hərdən tənqidi çıxışlar edir, məqalələr yazır. Çünki məhz onun yazılarından sonra hamının yadına düşür ki, ayə bəs sən demə bu problemlər var imiş, biz isə fil qulağında yatmışıq. Bəzi ağzıgöyçəklər də var ki, deyirlər, nə problem, problem zad yoxdur bizim sahədə, verin yenə yeyək, üstümüzü də örtün yataq, gözləyin canımız çıxmasın. Adlarını da qoyublar nə bilim professor, yazıçı, şair, daha nə bilim nə. Çoxu heç qara qəpiyə də dəyməz.

Rəsul Rza adına Yazıçılar Birliyinin 500 üzvü var, amma içərisində beynəlxalq mükafata layiq görülən əsər yazan bir nəfər də tapmaq olmaz. Halbuki bu quruma dövlət külli miqdarda vəsait xərcləyir. İndi də deyirlər guya Ramiz Mehdiyevin vaxtı yox imiş bunların kitablarını oxumağa, yoxsa bilərdi ki, bunlar necə dahiyanə əsərlar yaradıblar. Bir azdan yəqin ki, iddia edəcklər ki, hətta Ədəbiyyat üzrə Nobel mükafatını alan Herta Müller də “Kal gavalılar diyarı” adlı əsərini bunlardan köçürüb. Çünki məhz Azərbaycan ədəbiyyatında imtiyazlı kal gavalı daha çoxdur. Yazmağa gələndə ortaya sanballı bir əsər yazıb qoya bilmirlər, amma danışmağa gələndə elə danışırlar ki, Tolstoy, Dostoyevski və ya Drayzer dirilib bunları görsə etiraf edib deyərdi ki, “mənim yazdıqlarım cızmaqaradan özgə bir şey deyilmiş”. Yeri gəlmişkən dahi yazıçımız Anar da deyib ki, “…görüşəndə Ramiz müəllimə bir neçə kitab, habelə o kitablar haqqında rəyləri verə bilərəm ki, oxusun.”. Heç şübhəsiz ki, Anar dediyi kimi eləsə, məsələn oxucuların yolunu həsrətlə gözlədikləri, yatanda da başlarının altına qoyduqları “Ulduz” jurnalının baş redaktoru, məşhur yazıçı Elçin Hüseynbəylinin “Yüz qırx birinci Don Juan” və “Şah Abbas” əsərlərini hörmətli akademikə təqdim eləsə yaxşı olar. Düzdür məşhur yazıçı E.Hüseynbəylinin “Media Forum”a dediyinə görə, o bu əsərləri akademikə artıq göndərib, amma görünür ya məktub yetişməyib, ya da akademik həqiqətən də vaxt tapmayıb bu hadisə sayıla biləcək əsərləri oxumağa. Şübhə etmirəm ki, həmin kitablardan başqa akademiklərə də göndərilib və onlar bəlkə də artıq hər iki şah əsəri oxuyublar. Hamı mənimlə razılaşar ki, E. Hüseynbəyli kimi yazıçını oxuyub təsirlənməmək, ağlamamaq mümkün deyil. Belə yazıçılar ölkəmizdə çoxdur, amma qədrini bilən yoxdur. Səbəbi məlumdur. Çünki bizim yazıçılar indiyədək Nobel mükafatı ala bilməyiblər, kitabları bestsellerə çevrilməyib, çünki bu gün dünyada yalnız insan psixologiyasını, iztirablarını, daxili dünyasını aça bilən əsərlər mükafat qazanır, belə əsərlər yazmaq üçün isə yazıçı gərək kasıb ola ki, o hissləri yaşaya. Bizdə isə adətən yazıçı Yazıçılar Birliyinin üzvü olanlara deyilir, onlar da dövlətin himayəsindədirlər, aclıq nə olduğunu bilmirlər, düşünmürlər ki, “kağızım qurtarır, çörək pulum da qalmayıb, ev sahibi də keçən 3 ayın da kirayə pulunu tələb edir, verməsəm evdən qovacağı ilə hədələyir, bu yandan da nəşriyyat ötən ay göndərdiyim əsər üçün az pul təklif etməyi bir yana dursun, hələ 6 aydan sonra nəşr edə biləcəyini deyir”. Yazıçılar Birliyinin üzvü az qala məmur kimidr, Prezidentin təqaüdünü alır, 3-4 qəzet, jurnal da ixtiyarında müntəzir dayanıb, mənalı, mənasız yaz doldur da, nəyinə lazımdır oxunur, ya oxunmur,.əsas odur ki, nəsə yazasan.

Vallah, billah Azərbaycan dünyada nadir ölkədir. Dünyanın heç bir yerində yazıçını bizdəki kimi əzizləyib bəsləmirlər, əgər bəsləsələr nə Orxan Pamuk olardı, nə Herta Müller, nə də başqa bu cür ədəbiyyat nəhəngləri. Əsl ədəbiyyat kasıb daxmalarda yaranır, villada şah əsər yazıla bilməz. Yazıçı yaxşı yazmaq üçün ac qalmalı, ehtiyac içində yaşamalıdır ki, aclarəın nə çəkdiyini bilsin, ümidsiz insanın iztirablarını daha yaxşı təsvir edə bilsin, yoxsa hər gün kabab yeyib, gözəlləri vəsf edən yekəqarından yazıçı olmaz ki.

Məncə artıq dövlət öz ədəbiyyat siyasətinə yenidən baxmalıdır. Qoy yazıçı yazsın və əsərini nəşriyyata təqdim etsin, çap olunsa və uğurla satılsa, cəmiyyətdə həmin kitaba tələbat hiss olunsa məhz o zaman dövlət təkrar nəşri öz üzərinə götürməlidir. Belə olsa onda qənaət olunan vəsaitlə daha böyük və faydalı işlər görmək, layihələr həyata keçirmək olardı. Bir neçə jurnal birləşdirilsə Azərbaycan ədəbiyyatı da, büdcəsi də qazanar, yayım firmalarının isə canı “vozvrat”dan qurtarardı. Axı yazıçılarımız da yoruldular özləri yazıb özləri oxumaqdan, qoy indi də oxucuların oxuması üçün əsərlər yazılsın nəhayət.

Hə, az qala yadımdan çıxmışdı, görkəmli qələm sahibi Fikrət Qoca da akademik R.Mehdiyevin məqaləsindəki “Məni bir sual düşündürür: Azərbaycanda son illərdə yazılan heç olmasa bir roman, hekayə və ya poema adı çəkmək mümkündürmü ki, o, cəmiyyətimizdə böyük maraq doğursun? Yaxud Azərbaycan teatrında elə bir yeni əsər tamaşaya qoyulubmu ki, ictimaiyyətin diqqət mərkəzində olsun? Həqiqi söz ustası, əsl ədib zamanın ruhunu duymalı və ona uyğun əsərlər meydana gətirməyi bacarmalıdır” fikrinə münasibət bildirərkən deyib ki, “Min adam desə ki, əsər yoxdur, bu, gerçəyi dəyişdirməyəcək. Bilirsiz, uşaq var ki, gözünü yumur deyir ki, dünya yoxdur. Gözünü açanda isə görür ki, dünya varmış. Amma bu zaman hamı onun kimi gözünü yummur ki? Əsər varsa, artıq var.” Düzü mən bilmirəm bununla F.Qoca nə demək istəyir, amma yüz faiz bilirəm ki, bütün uşaqlar böyük olduğunu hamıya sübut etmək üçün ya stula çıxır, ya da böyükləri təqlid edirlər, məsələn qələmi əllərinə götürüb özlərini yazı yazan kimi göstərirlər. Uşaqların xətrinə dəyməyən böyüklər isə sonra məhz Böyük olduqları üçün təmkinlə, səbrlə qələmi onların əlindən alıb qələmdana qoyur, elədikləri cızmaqaraları isə zibil yeşiyinə tullayırlar…

YAZARIN DİGƏR YAZILARI
Telebasabas

Əyri güzgülər ölkəsiSevgililər günü

Ad günü

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər