Kamal Quliyev “Sumqayıt”ın baş məşqçisi olacaq?

953

“www.cempion.az” da Sumqayıt futbolundan yazdı…

Mövsüm öncəsi “Azərkimya”nın sponsorluğu ilə yaradılan “Sumqayıt” ilk dövrədə ümidləri doğrultmadı. Böyük futbol ənənələri olan Sumqayıt təmsilçisi dövrəni 7-ci pillədə başa vurdu, üstəlik, ölkə kubokunda iştirakdan da imtina etdi. Komandanın ilk dövrənin sonuncu turunda evdə “Abşeron”a 0:4 hesabı ilə məğlub olması isə əsəbləri daha da tarıma çəkdi. Hətta klubun prezidenti də məğlubiyyətdən bərk əsəbiləşərək hakimin final fitindən öncə narazı şəkildə fəxri tribunanı tərk etmişdi. Son günlər isə “Sumqayıt” ətrafında bəzi söz-söhbətlər gəzməyə başlayıb. Deyilənə görə, klub prezidenti hazırkı baş məşqçi Baba Əsgərovun fəaliyyətindən və klubun çıxışından narazıdır və ciddi islahatlar haqqında düşünür. Artıq Əsgərovun istefaya göndərilməsi gündəmə gəlib. Onun yerinə isə Azərbaycan futbolunda xüsusi çəkisi olan, millimizin sabiq futbolçusu Kamal Quliyev “Sumqayıt”ın baş məşqçisi postuna gətirilə bilər. Biz isə məsələni dəqiqləşdirmək üçün həm Kamalla, həm Baba Əsgərovla, həm də klub rəhbərliyi ilə əlaqə saxladıq.

“Sumqayıt”ın hədəfi yalnız Premyer Liqaya vəsiqə olmalıdır”

Öncə Kamal Quliyevlə əlaqə saxlayıb məsələyə münasibətini öyrəndik. Kamal belə bir təklif olarsa, məmnuniyyətlə qəbul edəcəyini bildirdi. O, eyni zamanda komandanın qarşısına Premyer Liqaya çıxmaq məqsədinin qoyulmamasını da qəbul etmir: “Hər zaman Sumqayıt futbolunu ən yüksəklərdə görmək istəmişəm. Bunun üçün əlimdən gələn hər şeyi etməyə hazıram. Əgər təklif olarsa, məmnuniyyətlə qəbul edərəm. Komandanı Premyer Liqaya çıxarmaq üçün bütün gücümü ortaya qoyaram. Sumqayıt kimi güclü futbol məktəbi olan bir şəhərdə bunu etmək elə də çətin iş deyil. Məncə, hazırkı heyətlə də yüksək liqaya vəsiqə uğrunda oynamaq olar. Bura futbol şəhəridir, hamı futbolu sevir. Vaxt olub ki, “Xəzər”in oyunlarında stadionda adam əlindən tərpənmək olmayıb. Çünki “Xəzər” o vaxt ölkənin ən iddialı klublarından olub. Sumqayıtdan xalla dönmək hər komandaya qismət olmurdu. Amma indi heç kim stadiona gəlmir. Çünki komandanın məqsədi elitaya çıxmaq deyil. Sumqayıt azarkeşinə isə iddialı klub lazımdır. Nəyə görə Suqmayıt klubu birinci divizonla kifayətlənməlidir? Əgər çıxış edirsə, qarşıya qoyulan ilk hədəf ancaq və ancaq Premyer Liqaya vəsiqə olmalıdır. Bir sözlə, “Sumqayıt”ı nəyin bahasına olursa-olsun, Premyer Liqaya çıxarmaq lazım idi. Ən azı bura futbol şəhəridir və böyük ənənələri, uğurları olub. “Gəncə” yeni yarandı və ilk ildəcə qarşıya Premyer Liqaya vəsiqə məqsədi qoyuldu. Çünki ora da futbol şəhəridir və hamının yeganə məqsədi Premyer Liqa idi. Görürsünüz, hazırda “Gəncə”nin oyunlarına 8-10 min azarkeş gəlir. “Sumqayıt” da qarşısına eyni hədəfi qoymalı idi. Məgər Premyer Liqaya vəsiqə uğrunda oynaya-oynaya uşaq yetişdirmək olmur? Əksinə, yüksək liqada oynadığın zaman əvəzedici heyətin və müxtəlif yaş qrupundan ibarət komandaların olur ki, orada da ancaq yerli gəncləri inkişaf etdirmək olar. Əgər “Sumqayıt”ın yüksək liqaya çıxmasını istəmiriksə, deməli, Azərbaycan futbolunun inkişafını da istəmirik. Azərbaycan futbolunda sumqayıtlı futbolçuların xüsusi yeri olub. Özü də mənim bildiyimə görə, klubun prezidenti Muxtar Babayev komanda üçün hər cür şərait yaradıb. Bu şəraitdən isə istifadə etmək lazımdır. Baba Əsgərovun özü də futbolçu olub və o, sumqayıtlı futbolçuları yığıb yüksək liqaya vəsiqə uğrundan oynamalı idi. Mən heç kimin pisliyini istəmirəm və heç kimlə də şəxsi-qərəzliyim yoxdur. Sadəcə, deməyim odur ki, “Sumqayıt”ı Premyer Liqaya çıxarmaq üçün oynamaq lazımdır, baş girələmək yox. Qoy bu komandadan da milliyə futbolçular cəlb olunsun. Yerimizdə saymaqla inkişaf olmayacaq. Gərək irəliyə addım ataq. Hədəflərimiz böyük olsun ki, heç olmasa, onun müəyyən faizini yerinə yetirək”.

“Kimisə gətirsələr, mən nə edə bilərəm ki?”

Baba Əsgərov isə yayılan söz-söhbətlərdən xəbərsiz olduğunu dedi: “Məndə belə bir məlumat yoxdur. Bu söhbətləri ilk dəfədir ki, sizdən eşidirəm. Lakin onun haradan qaynaqladığını gözəl bilirəm. Amma münasibət bildirməyəcəyəm. Kimlərdən eşitmisiniszə, qoy onlar da fikir bildirsinlər. Komanda daxilində elə bir problem yoxdur. Klub rəsmilərindən də inanmıram ki, kimsə bu barədə sizə məlumat versin. Bu söhbətləri ancaq komandadan kənar adamlar çıxara bilərlər. Klub daxilində heç kəs Muxtar müəllimin adından yalandan danışa bilməz. Kamal Quliyevi yox e, lap kimi istəyirlər gətirsinlər. Kimisə gətirsələr, mən nə edə bilərəm ki? Əgər komanda daxilində özümə qarşı nəsə hiss etsəm, birinci elə özüm hərəkətə keçəcəyəm. İcazə vermərəm ki, komandada bu cür söz-söhbətlər çıxsın. Amma yenə deyirəm ki, kimi istəyirlər gətirsinlər. Mən klub rəhbərləri ilə görüşmüşəm. Onlar bu barədə heç nə deməyiblər. Eşitdikləriniz şayiədən başqa bir şey deyil. Kənardan min nəfərin adlarını çəkirlər. Gətirə bilərlərsə, gətirsinlər. Muxtar müəllimin “Abşeron”la matçı yarımçıq tərk edib getməsi onun işləri ilə bağlı olub. Ondan başqa, daha üç-dörd matçımız olub ki, Muxtar müəllim işləri olduğundan oyunu yarımçıq tərk edib. Buna başqa don geyindirmək lazım deyil. Bu eşitdiklərinizi hələ çox eşidəcəksiniz. Bir tərəfdən də buna normal baxıram. Bu, Azərbaycanın reallığıdır. 9 oyun məğlub olmayanda heç kim “Sumqayıt”dan danışmırdı. Amma uduzan kimi söz-söhbətlər başlayır. Klubun içində olan insan kimi, sizə yüz faiz deyə bilərəm ki, “Sumqayıt”da heç bir problem yoxdur. Həmişəki kimi işimizi davam etdiririk. Komandanın daha güclü olması üçün çalışırıq. Bundan sonra pillə-pillə qalxaraq komandanı yüksək səviyyəyə çatdıracağıq”.

“Muxtar müəllim etirazını bildirdi ki, Sumqayıtda böyük hesabla məğlub olmaq biabırçılıqdır”

”Sumqayıt” rəsmilərindən isə məsələyə “Azərkimya” Həmkarlar İttifaqının sədri Vaqif Ömərov münasibət bildirdi: “Belə bir söhbət yoxdur. Sadəcə, bizim fikrimiz başqa cür anlaşıla bilər. Birinci dövrədə özlərini doğrultmayan oyunçular komandadan uzaqlaşdırılacaqlar. Əsasən də qapıçı sarıdan problemimiz var idi. Çempionat başlanandan bir neçə tur sonra əsas qapıçımız xəstələndi. Onun əvəzinə dəvət olunan qapıçı isə ümidləri doğrultmurdu. Amma baş məşqçi dəyişikliyi ilə bağlı söhbətlərin heç bir əsası yoxdur. Komanda yarananda söhbətimiz olub ki, ilk növbədə nəticə yox, kollektivin formalaşması tələb olunacaq. Əsas məqsəd də o olub ki, Sumqayıt kimi böyük şəhərin komandası olsun və heyətin əsasını da yerli oyunçular təşkil etsinlər. Yüksək liqaya çıxmağı tələb edən oğlan varsa, gəlsin çıxsın meydana, komandanı götürsün və yüksək liqaya çıxarsın. Bir ay ərzində yaranan komandadan nəticə istəmək yersizdir. “Sumqayıt”da nə legioner var, nə də peşəkar futbolçu. Orada olanların çoxu gənclərdir. Yəqin ki, yeni yaranmış komanda üçün ilk dövrədən sonra beşinci pillədə olmaq pis nəticə deyil. Təbii ki, səhvlərimiz olub və onları araşdırmalıyıq. Muxtar Babayevin “Abşeron”la oyunu yarımçıq tərk etməsinə gəlincə, bu da düzgün informasiya deyil. Biz oyunu bir yerdə izləmişik. Amma bəli, oyundan sonra Muxtar müəllim komandadan narazılığını bildirdi. İlk iki qol qapıçının uşaq səhvindən sonra vuruldu. Muxtar müəllim də etirazını bildirdi ki, Sumqayıtda böyük hesabla məğlub olmaq biabırçılıqdır. Biri var oynayıb uduzasan, biri də var seyrci kimi durasan və məğlub olasan. İlk növbədə bizə güclü qapıçı lazımdır. Hazırda bu işlə məşğuluq”.
Gördüyünüz kimi, Baba Əsgərov Muxtar Babayevin “Abşeron”la oyun da daxil olmaqla 3-4 matçı yarımçıq tərk etdiyini desə də, klub rəsmisi Vaqif Ömərov bunu təkzib etdi. Digər tərəfdən, Ömərov komandanın 5-ci pillədə qərarlaşdığını deyir, amma “Sumqayıt” hazırda 7-ci yerdədir. Hazırkı mövqeyi uğur sayan Ömərovun nəzərinə çatdıraq ki, 1996-cı ildə “Sumqayıt”, 2001-də “Xəzər” və 2003-də “Gənclərbirliyi” də yeni yaranmışdı. Ancaq hər üç komanda ilk ildəcə çempion adını qazanaraq yüksək liqaya vəsiqə əldə etmişdi.
MİRBAĞIR

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər