Kamran Musayev: “Hədəfimiz ürək cərrahiyyəsi sahəsində müşahidə olunan ən son yenilikləri ölkəmizdə tətbiq etməkdir”

959

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, MKX-nın baş həkimi, tibb elmləri namizədi Dr. Kamran Musayev Amerika Birləşmiş Ştatlarından işgüzar səfərdən qayıdıb.

Səfərin məqsədi ürək-damar cərrahiyyəsi sahəsində ABŞ həkimləri ilə elmi-praktik təcrübə mübadiləsi aparmaq olub. Bu ilin avqust – sentyabr aylarında baştutan bu səfər dünyanın ən məşhur səhiyyə ocaqlarından olan  ABŞ-ın Minnesota Ştatının Rochester şəhərində yerləşən Mayo Klinikasında baş tutub. Məlumat üçün bildirək ki, Mayo Klinikası ABŞ-da və dünyada, xüsusilə, ürək və damar xəstəlikləri sahəsində ən aparıcı klinikalardan biridir. Dr. Kamran Musayev bu klinikaya səfəri zamanı ürək cərrahiyyəsinin ən son nailiyyətləri, kardiocərrahiyyədə ən qabaqcıl metodların tətbiqi ilə yaxından tanış olmuşdur. Amerika Ürək Cərrahiyəsi Cəmiyyətinin seçilmiş prezidenti Prof.Dr. Hartzell V. Schaff (şöbə müdiri) və Prof.Dr. Richard C. Daly (cərrahi direktor) həmyerlimizin ürək cərrahiyyəsində tətbiq edilən yeniliklərlə tanış olmasına maksimal şərait yaratmışdır.

Mayo Klinikasında keçdiyi elmi-praktik təcrübə mübadiləsinin nəticələri barədə məlumat verən Dr. Kamran Musayevin sözlərinə görə, ürək-damar cərrahiyyəsində ABŞ həkimləri dünyanın ən qabaqcıl metod və texnologiyalarını tətbiq edir. Bu metod və texnologiyaların öyrənilməsi və respublikamızda tətbiq olunması kardiocərrahiyyənin daha da inkişaf etməsi üçün çox vacibdir.

“Bu görüşlər zamanı ABŞ-dan olan həmkarlarımıza Azərbaycanda səhiyyənin ən müxtəlif sahələrinin son dövrlərdə inkişafı barədə məlumat verdik. Xüsusilə kardio-cərrahiyyə sahəsində son illərdə əldə etdiyimiz nailiyyətlər ABŞ-dan olan həmkarlarımız tərəfindən böyük maraqla qarşılandı. Keçirdiyimiz görüşlər nəticəsində gələcəkdə ABŞ mütəxəssislərinin ölkəmizə səfəri barədə razılıq da əldə olundu. Hədəfimiz ürək cərrahiyyəsindəki ABŞ təcrübəsini və dünyada müşahidə olunan ən son yenilikləri ölkəmizdə tətbiq etməkdir. Hesab edirəm ki, əlaqələrimizin inkişafı ölkəmizdə ürək-damar cərrahiyyəsinin, ümumilikdə isə, səhiyyəmizin inkişafına müsbət təsirlərini göstərəcək”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər