Kamran Quliyev: “O, çox güman ki, “Trabzonspor”a getməyəcək.”

922

“Sumqayıt” klubunun prezidenti Kamran Quliyev sportal.az saytına müsahibəsində həm komandasının çıxışını dəyərləndirib, həm də “gənclik şəhəri” təmsilçisinin transfer siyasəti haqqında fikirlərini bildirib.

– “Sumqayıt”ın çıxışını necə dəyərləndirirsiz?

– Dəfələrlə dəyərləndirmişəm. Məncə, pis deyil. Oyunlarımız ürəkaçandı. Əsasən də son 2, hətta mən deyərdim 3 oyunumuz. “Qəbələ” ilə görüş də ürəkaçan idi. Sadəcə hakimin kobud səhvinə görə ən azı bir xaldan məhrum olduq. Amma son iki oyunda qazanılan 6 xal bizi “altılığ”a da yaxınlaşdırdı. Eyni zamanda da autsayderlər qrupundan da uzaqlaşdırdı. Məncə, komanda yaxşı oyun göstərdi. Bəzi anlarda da bəxtimiz gətirmədi.

 

– Sizcə, komanda ilk “altılıq” uğrunda mübarizə apara bilər?

– Əlbəttə, niyə də olmasın.

 

– Uğur Pamukun getməsi komandanın oyununa təsir edəcək?

– Hər hansı bir futbolçu əsas heyəti tərk edir, yəni, müəyyən səbəblərdən – ya müqaviləsi qurtara, ya transfer oluna bilər. Bu da, əlbəttə, oyuna da təsir edəcək. Amma biz bu barədə texniki heyətimizlə söhbət aparmışıq. Çünki Uğur Pamukun komandanı tərk etməsi dünənin söhbəti deyil. Artıq bu futbolçu Azərbaycanda 2-3 ay oynayandan sonra ona təkliflər gəlməyə başladı. Biz bilirik ki, imkanı daha yüksək olan klublar yaxşı futbolçularımızla maraqlanır. Onun itkisi komandaya təsir edəcək. Amma çalışarıq o boşluğu dolduraq.

 

– Çoxları deyir ki, “Sumqayıt” elə bir siyasət yeridir ki, istedadlı oyunçuları üzə çıxarıb Azərbaycanın digər güclü klublarına göstərir. Bu fikirlə razılaşırsız?

– Əlbəttə. Bu, pis şey deyil ki, yaxşı amildi. Dünyanın istənilən hər bir yerində, liqalarda elə komandalar var ki, onlar daim əsas üç yer üçün mübarizə aparır. Elə klublar var ki, Avroliqaya düşmək üçün mübarizə aparır. Mən bizim komandanı autsayderlər qrupuna qatmaq istəməzdim. Komandamız ilk növbədə istedadlıları üzə çıxarır. Əsas odur ki, belə azərbaycanlı istedadlıları üzə çıxarırıq. Böyük komandalar da onları istəyir. Futbol da biznes kimi bir şeydi. Niyə də yox.

 

– Orxan Əliyevdən başqa iki futbolçu da Trabzona baxışa getməlidi. 

– Əfsuslar olsun ki, Orxan Əliyev son Qranatkin turnirində zədə alıb. Onun indiki fiziki hazırlığı çox zəifdi. Bizim məşqlərdə deyil. O, çox güman ki, “Trabzonspor”a getməyəcək. Biz də onların rəhbəri ilə danışmışıq ki, hər hansı bir növbəti fasilədə Orxan Əliyevi mütləq ora yollayacağıq. Şahin Cəmaləddinov və Ruslan Nəsirli artıq Trabzondadırlar. Onlar ayın 20-si gedib. Müəyyən məsələlərdə dəyişiklik olub. Ayın 26-da da Antalyaya gedəcəklər, bizim U-19-un təlim-məşq toplanışına.

 

– Yeni gələn oyunçularla bağlı nə vaxt qərar veriləcək? Heyətdə baxışda olan yeni futbolçular var?

– Var. Biz artıq iki nəfərlə müqavilə bağladıq. Biri qapıçı Tərlan Əhmədlidi. Anar Məhərrəmovla da yollarımızı ayırdıq. Ona da uğurlar. Bir nəfər də Stavropolda yaşayan azərbaycanlı futbolçu Emil Cəbrayılovdu. Onu artıq biz heyətə qatmışıq. Həm əsas, həm də əvəzedici heyət üçün yararlı olan oyunçudu. Hələlik əvəzedicidə çıxış edəcək. Ona böyük ümidlər bəsləyirik. Digər futbolçular var ki, onlar hazırda baxışdadı. “Şahdağ”ın bəzi oyunçuları da bizdə baxışda olubdu. Onlar haqqında qərar yaxın vaxtlarda veriləcək. Yenilər də baxışa cəlb olunacaq. Biz bəzi futbolçularla maraqlanırıq. Onların adlarını yalnız Azərbaycana gələndən sonra deyə bilərik. Onlar Rusiya, Türkiyə, Almaniya çempionatlarındandı. Ən realı 2-3 günə bizə bir futbolçu gələcək. Onunla bağlı artıq qərar verilib. O, U-19-un oyunçusudu. Sadəcə sənədləşmə işləri qalıb. Adını deyə bilmərəm. Çünki onun klubu ilə bütün sənədləşmə işlərini qurtarmalıyıq. Amma millinin oyuçusudu.

 

– Hansı ölkədən olduğunu deyə bilərsiz?

– Rusiya.

 

– Estoniyanın “Tallin Kalev” klubundan Röyal Əliyev də gəlmişdi. 

– Bilirəm. Onunla bağlı texniki heyətimiz qərar verib ki, o, komandaya yaralı deyil.

 

– “Sumqayıt”da uşaq futbolu ilə bağlı işlər də görülür. 

– İnanırıq ki, 2-3 ay ərzində yeni futbol akademiyamız fəaliyyətə başlayacaq. Hazırda var, amma onun şəraiti yoxdu. Meydançanın salınması, futbolçular üçün lazımı şəraitin yaradılması və s. kimi işlər 3-4 aya bitəcək. Biz belə gözləyirik. Hazırda tək Sumqayıtdan yox, ölkənin müxtəlif regionlarından bura təşrif buyuran məşqçilər və futbolçular var. Bizim əsas məqsədimiz 1998 və 2004-cü illər yaş qruplarını əhatə edən uşaqlardan seçim edək. Ən əsas prinsip o uşaqlar bizim yerli sumqayıtlılardan güclü olmalıdı. Olduqları təqdirdə, onlarla maraqlanırıq ki, öz akademiyamıza dəvət edək. Bu, böyük işlərin bir hissəsidi. Yeni istedadlıları tapmaq və ən azından yetkinlik yaşına çatanda onları əsas heyətdə oynatmaq istəyirik.

 

– Regionlardan oyunçular var?

– Təbii ki. Burda Gəncə, Masallı, Lənkəran, Qusar və İmişlidən uşaqlar var. Digərləri də Bakı və Sumqayıtdandı. Bu işlərə davam edəcəyik. Çünki bütün ölkəni əhatə etmək istəyirik. Ən əsası istedadlı oyunçuları tapan məşqçilərlə işləmək istəyirik. Bu yöndə işlər görəcəyik.

Raifə İBRAHİMOVA

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər