Karantin günlərində depressiya və aqressiyadan qurtulmaq üçün OXUYUN

1150

Koronavirus son aylarda bütüb bəşəriyyətin ən böyük sıxıntısına çevrilən, insanların gündəlik sosial həyatını iflic edən, dünya iqtisadiyyatına çox zərər verən bir problemdir. Əlbəttə, bu vəziyyətdə ən başlıca problem insan həyatı və sağalamlığıdır.

Bütün dünyanın birlikdə mübarizə apardığı bu virus son dörd ayda iki milyona yaxın insanın yoluxmasına və yüz iyirmi min insanın ölümünə səbəb olub. Təəssüf ki, yoluxanların və ölənlərin sayı günü-gündən artır. Hələ tam isbat olunmuş müalicəsi və qoruyucu peyvəndin olmaması səbəbiylə hazırda xəstəliklə tək mübarizə yolumuz yoluxmamağa çalışmaqdır.

Yoluxuculuğu və öldürücülüyü yüksək olan xəstəlikdən yeganə qorunma üsulumuz insanlarla təmasdan uzaq qaçmaq, gigiyena qaydalarına, əl və üz təmziliyinə diqqət verməkdir. Bəs bu virus və qoryucu tədbirlər bizim nevroloji vəziyyətimizə necə təsir edə bilər?

Lent.az xəbər verir ki, mövzu ilə bağlı nevroloq, uzman həkim Nərgiz Ağayeva e-tibb.az-a açıqlama verib. Onun sözlərinə görə, mövcud məhdud vəziyyət depressiya və yuxu pozulmalarına səbəb olur:

“Koronavirusun nevroloji sistemimizə təsirini iki yöndən müzakirə edə bilərik- koronavirusa yoluxduqdan sonra virusun sinir sisteminə təsiri və yoluxmamaq üçün görülən tədbirlərin sinir sitemimizə təsiri. Bu dəfə sonuncuya toxunaq.
Əlbəttə, xəstəliyin qarşısını almaq, insanların yoluxmaması üçün dövlət səviyyəsində tədbirlər görülür və sosial izolyasiya-təmasda olmamaq, yoluxma ehtimalı daha çox olan yerlər-marketlər, xəstəxanalar, apteklər, ictimai nəqliyyat vasitələrindən mümkün qədər uzaq olmaq tövsiyə olunur. Universitetlər, məktəblər, uşaq bağçalarının fəaliyyəti dayandırılıb, bir çox müəssisə və təşkilatların əməkdaşları evdən işləmək sisteminə keçiblər. Təbii ki, birdən-birə gündəlik həyat rejimimiz, maddi vəziyyətimiz dəyişdi. Bütün bunlar yuxu, istirahət rejimimizə təsir etdi. Evdən çölə çıxılmadığına görə, fiziki aktivliyimiz azaldı, gəzmək, əylənmək imkanlarımız sıradan çıxdı. Üstəlik sevdiyimiz insanlardan, yaxınlarımızdan, dostlarımızdan ayrı düşmüşük, onlarla görüşə bilmirik.

Amma bəlkə də ən önəmlisi xəstəliyə yoluxmaq, ölüm qorxusunun yaşanmasıdır. Bu gün özü, ailəsi, valideynləri üçün həyəcan keçirənlər, qayğılananlar da az deyil. Bütün bunlar sinir sistemimizin gərginləşməsinə, həyacan-təşviş pozuntularının artmasına, yuxu pozulmalarına, depressiya, aqressiya, qorxu hallarının artmasına səbəb olur. Üstəlik adi vaxtlarda bu hallardan qurtulmaq üçün etdiyimiz çölə çıxmaq, təmiz hava almaq, təbiətdə gəzmək və ya idman zallarına getmək imkanımız da yoxdur. Fiziki aktivliyin olmaması vəziyyəti daha da gərginləşdirir. Həkimə getmək mümkündür, amma yenə də çölə çıxmaq koronavirusa yoluxma baxımından riskli olduğuna görə, bundan da vaz keçirik”.

Bu vəziyyətdən çıxış yolu nədir, nə edə bilərik?

Həkim bu suala cavab olaraq bildirib ki, karantin qaydalarından irəli gələn izolyasiya qaydalarının səbəb olduğu sadaladığımız vəziyyətləri düzəltmək üçün çalışa bilərik. Gərginliyi, stresi, depressiyanı aradan qaldırmaq bir sıra hallarda öz əlimizdədir:

1. Məsələn, iş, məktəb olmadığı üçün gec oyanmağımız, gec yatmağımıza, bu isə yuxu rejimimizin dəyişməsinə səbəb olur. Ona görə də səhər vaxtında oyanmaq, vaxtında yatmaq çox vacibdir.

2. Oyandıqdan sonra pijamalarla gəzmək, yataqda vaxt keçirmək depresiyamızı artıra bilər. Oyandıqdan sonra pijamalarınızı dəyişib gündəlik rahat paltarınızı geyməniz, məsələn, gözəl səhər yeməyi hazırlayıb günə pozitiv başlamanız məsləhətdir.

3. Gün ərzində ev şəraitində edə biləcəyiniz idmana müəyyən vaxt ayırmağınız vacibdir. Bu, evdəki yerimə zolağında yerimə-qaçma, velosiped sürmə və ya pilates, yoqa hərəkətləri etmək və s. ola bilər. İdman üçün internetdən hərəkətlər seçə bilərsiniz Çünki mütəmadi idman bədəndə xoşbəxtlik hormonun artmasına və həm bütün bədənimizin, həm də sinir sistemimizin sağlam qalmasına kömək edir.

4. Gün ərzində proqramlı bir şəkildə məşğuliyyətlər planlaşdırmaq olar. Məsələn, uzun müddət vaxt tapmadığınız xarici dil öyrənmək və ya öz sahənizdə inkişaf üçün mütaliə etmək və s. Çünki planlı bir şəkildə özümüz, inkişafımız üçün çalşımaq həm gündəlik rejimimizi qoruyar, həm məsuliyyət hissimizi rahatladar, həm də karantin dövründən gələcəyimiz üçün faydalı şəkildə istifadə etmiş olarıq.

5. Özümüzü-ruhumuzu tanımaq və inkişaf elətdirmək üçün vaxt ayırmaq. Gündəlik həyatımızdakı işlərin çoxluğu səbəbindən normal zamanlarda vaxt tapmadığımız öz mənliyimiz, ruhumuz üçün düşünək. İçimizdəki mənliyimizin istəkləri nələrdir? Onlar üçün nələr edirik və nələr etməliyik? Bu kimi suallara cavab tapmağa çalışaq, ruhumuzu dincəltmək üçün sevdiğimiz məşğuliyyətlə məşğul olaq. Xoşlayırsınızsa, bədii kitablar oxumaq, bəlkə şəkil çəkmək, bəlkə toxumaq və s. Meditasiya ilə məşğul olmaq da bu işdə faydalı ola bilər. Bunlar üçün internetdə yeterincə material vardır…

6. Əlbəttə, özümüzə, ailəmizə, valideyinlərimizə sevgi və qayğı göstərmək. Bəlkə aranızda çox işlədiyi üçün uşaqlarıyla vaxt keçirə bilməməsindən hər zaman şikayət edən də az deyildir. Bu karantin dövrünü bir fürsət kimi qiymətləndirə bilərsiniz. Evdə olan ailənizlə birgə olmaq və uzaqda yaşayan yaxınlarınızla telefonla, internetin imkanları ilə danışmaq, söhbətləşmək, oyun oynamaq, sevginizi göstərmək və müsbət enerji almaq fürsətinə çevirmək kimi…

7. Mənim fikrimcə, ən önəmli məsləhətlərdən biri. Bu hadisə bizə göstərdi ki, maddi ehtiyatlar, qiymətli bəzək əşyaları çox da qiymətli deyilmiş. Əlimizdə olan imkanları ətrafımızda, qohumda-qonşuda tanıdığımız və ya heç tanımadığımız insanlarla paylaşmaq fürsəti yaranıb. Gündəlik gəliri kəsildiyi üçün ərzaq ala bilməyən insanlara kömək etmək məqamıdır. Böyük və ya kiçik həcimdə necə bacarırıqsa. Beləliklə, həm bir qisim insanın gözünün işıldamasına, uşaqların qarnının doymasına səbəb olmağın mənəvi qidasını dada, şükür etmənin enerjisini, paylaşmağın gözəlliyini hiss edə bilərsiniz. Həm də təbiətin özünün balanslaşdırıcı təsirini, gözəl enerjisindən verənə gözəl göndərilməsini dadmış olarsınız. Çünki həyat elə paylaşanda gözəldir”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər