Azərbaycanın baş infeksionisti Cəlal İsayevin “Qafqazinfo”ya müsahibəsi:
– Cəlal bəy, Azərbaycanda aprelin 20-dək xüsusi karantin rejimi elan olunub. Prezident İlham Əliyev dünən keçirilən müşavirədə bildirib ki, mütəxəssislərin rəyi əsasında təhlillər aparıldıqdan sonra karantin müddəti ilə bağlı qərar veriləcək. Sizcə, Azərbaycandakı hazırkı vəziyyətdə karantinlə bağlı hansı qərarın verilməsi uyğundur?
– Son dövrlər xəstələnmə hallarında azalma, stabilləşmə var. İnsanların deyilən qayda-qanunlara müəyyən qədər əməl etməsi və həyata keçirilən tədbirlər nəticəsində bu azalma müşahidə olunur. Lakin koronavirus haqqında biz qısa müddətli müşahidələr əsasında konkret bir proqnoz verə bilmərik. Ola bilər ki, bu eniş müvəqqətidir və bunun ikinci dalğası yenə ola bilər. Buna görə də koronavirusa qarşı apardığımız tədbirləri zəiflətməməliyik. Mənim fikrimcə, qoyulmuş qadağalar bir müddət davam etsin. Aprelin sonuna ya da mayın əvvəlinə qədər artırılsın ki, yoluxmuş insanların digər insanları yoluxdurmasının qarşısını ala bilək. Bu zaman xəstəliyin qarşısını almaq istiqamətində müəyyən effekt əldə etmək olar. Mən və digər mütəxəssislərin təklifi ayrı-ayrı kontekstdə təhlil olunub, çox güman ki, yaxın vaxtda qərar veriləcək.
– Koronavirusa yoluxmuş 1 nəfərin 30-60 insanı yoluxdura bildiyi məlumdur. Xəstəliyin yayılma sürətinin qarşısını almaq üçün karantin rejiminin mərhələli şəkildə yumşaldılması effektiv ola bilərmi?
– Mən hesab edirəm ki, karantin qaydalarının yumşaldılması hələ tezdir. Koronavirus infeksiyası hamıda kəskin əlamətlərlə biruzə vermir. Yüngül, subklinik keçirə bilərlər. Həmin insanlar tibbi müşahidədən kənarda qalaraq infeksiyasının yayılmasında mühüm rol oynayırlar. Ona görə də biz bu gün sayın azalmasına arxayın olmamalıyıq, tədbirlər davam etdirilməlidir. Koronavirus soyuq temperatura dözümlüdür. Onların yayılması müsbət 5-10 dərəcə havada daha əlverişlidir. Hazırda Azərbaycanda istiləşmə də olmayıb ki, buna arxayın olaq. Amma heç isti havaya da arxayın olmaq lazım deyil. Vəziyyət tam stabilləşməyincə karantin rejimini davam etdirməliyik.
– Qonşu ölkələr də karantin rejiminin müddətini artırdılar. Azərbaycanda oxşar qərarın verilməsi yoluxmanı azaltmağa kömək edərmi?
– Əlbəttə, bu xəstəlikdə inkubasyon dövrün müddətini nəzərə almaq lazımdır. On gün qabaq yoluxmuş adam, 14 günün sonunda belə yoluxdurucu olur. Xəstəlik sağalandan sonra belə, 5-6 həftə virus ifraz etməyə davam edir. Bütün bunların hamısını nəzərə almaq lazımdır ki, yeni yoluxma hallarının qarşısını alacaq karantin müddəti tapılsın. Bunu da tətbiq etmək lazımdır. Olsun, iki-üç həftə də evdə qalaq, amma insanlar xəstələnməsin, insanlar ölməsin. Biz olan vəziyyətə arxayın olmalı deyilik, ciddi tədbirləri davam etdirməliyik. Yoluxanların sayının 105-dən 40-a qədər azalması karantin rejiminin ləğvinə əsas vermir. Çünki bu say yenidən yüksələ bilər, bir dalğa yenə gələ bilər. Koronavirus dünyada cəmi dörd aydır meydana çıxıb, hər gün bir əlaməti, bir yenilik ortaya çıxır. Biz bu qısa müddətdə konkret bir fikrə gələ bilmərik ki, bu xəstəlik bu cür keçir, belə etsək qarşısını alarıq. Ona görə də qoyulan qadağaların davam etdirilməsi məqsədyönümlüdür.
– Növbəti dalğanın nə vaxt ola biləcəyi ilə bağlı bir proqnoz vermək mümkündür?
– Onu heç kim deyə bilməz, bunu proqnozlaşdırmaq mümkün deyil.
– Azərbaycanda ümumi baxışda bu infeksiya ilə bağlı vəziyyəti necə qiymətləndirirsiniz?
– Bizdə infeksiyasının yayılmasının qənaətbəxş olduğunu demək düzgün deyil. Amma dünya ölkələri ilə müqayisədə yüksək də deyil. Xəstəlik halları var, yoluxanların sayı 34 faizindən çoxunda sağalma da olub. Ağır xəstələrimiz 2 faizdir, ölüm hadisəsi 1,1 faizə bərabərdir. Bunlar ümümdünya göstəricilərindən dəfələrlə aşağıdır. Bunlar da dövlətin həyata keçirdiyi tədbirlər sayəsindədir. Amma yoluxma halları da davam edir. Biz Çində virus yayılmağa başlayandan bəri tədbirlərimizi görmüşük.