Karbamid zavodunda bir gün – VİDEO

3030


Regionun neft-kimya üzrə nəhəng layihələrindən biri olan və yanvarın 16-da ölkə Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş “SOCAR karbamid” zavodu istifadəyə verilib. Qeyd edək ki, zavodun təməli ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən 2011-ci ildə qoyulub. Tikinti müddətində ölkə başcısı layihənin icrasını daim diqqət mərkəzində saxlayıb.

Karbamid zavodu Sumqayıt Kimya Sənaye Parkında 40 hektara yaxın ərazidə inşa olunub. Ümumi dəyəri 780 milyon avro təşkil edən layihə ilkin olaraq dövlət büdcəsi hesabına maliyyələşib, daha sonra dünyanın nüfuzlu maliyyə qurumlarından kreditlər cəlb olunub.

“İki sahil” qəzetinin əməkdaşları olaraq zavodun istehsal prosesi ilə oxucularımızı tanış etmək məqsədilə müəssisədə olduq.

Qeyd edək ki, Karbamid zavodunun layihəsi Prezident İlham Əliyevin 2008-ci ilin avqustunda imzaladığı Sərəncamla təsdiq edilmiş “2008-2015-ci illərdə əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na və 2014-cü ilin dekabrında imzaladığı Sərəncamla təsdiq edilmiş “Sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”na əsasən icra edilib. 2012-ci ildə Koreya Respublikasının “Samsung Engineering” şirkəti mühəndislik, satınalma və tikinti üzrə podratçı seçilib. Layihənin ammonyak və karbamid istehsalı üzrə texnoloji avadanlığı müvafiq olaraq Danimarka və Hollandiya şirkətləri tərəfindən təmin edilib.

İlk olaraq zavodun ammonyak istehsalı sahəsində olduq. Burada bizə bildirdilər ki, ammonyak istehsalında xammal kimi təbii qazdan istifadə olunur. Xammal qismində təbii qazdan gündəlik 1.3 milyon m3 istifadə ediləcək. Ammonyak istehsalı sahəsində avadanlıqlar Danimarkanın “Haldor Topsoe” şirkətinin texnologiyası əsasında qurulub. Təbii qaz, su və havadan hazırlanan ammonyak 10 min kubmetrlik çənə vurulur ki, bu çəndə temperatur mənfi 32 selsi dərəcədir. Burada ammonyak istehsalı reaktorunda 1200 dərəcə temperatur, borularda isə 120-130 atmosfer var. Gündəlik 1200 ton ammonyak istehsal olunur ki, bu da ekvivalent formasında 2000 ton karbamid deməkdir.

Sonra zavodun karbamid istehsalı sahəsi ilə tanış olduq. Məlumat verildi ki, istehsal sahəsi Niderlandın “Stamicarbon B.V” şirkətinin texnologiyası əsasında Cənubi Koreyanın “Samsung Engineering Co.Ltd.” şirkəti tərəfindən həyata keçirilib. Finlandiyanın “Neste Engineering  Solutions Oy” şirkəti “SOCAR karbamid” layihəsinin idarə edilməsi üzrə Məsləhət və müstəqil təftiş xidmətləri göstərib. Karbamidin istehsalı üçün isə xammal ammonyakdır. Zavod maye və dənəvər karbamid istehsalı sahələrindən ibarətdir.

Karbamid zavodunun anbarında isə 60 min ton karbamid saxlamaq mümkündür. Anbarda karbamiddən olan kiçik təpəcik diqqətimizi çəkdi. İstehsal olunan karbamidi əlimizlə yoxlayanda istiliyindən yeni olduğunu hiss etdik. Sonra məlum oldu ki, sınaq məqsədilə artıq zavodda ilk aralıq məhsul olan ammonyak istehsal edilib. “Made in Azerbaijan” brendi ilə ilk karbamid də istehsal olunub. Zavodun qablaşdırma sahəsində “Made in Azerbaijan” brendi ilə ilk karbamid paketlərini gördük. Fəxrlə qeyd edək ki, bir müddət sonra bu zavodun istehsal etdiyi karbamid dünya ölkələrinə ixac olunacaq. Yəni, zavodun istehsal gücü gündəlik 2000 ton, illik təxminən 650-660 min tondur. Bununla karbamidə olan daxili tələbat (30%) tam ödəniləcək. Nəticədə ölkə Prezidentinin qeyd etdiyi kimi, gübrənin illik idxalına sərf olunan  90 milyon dollar ölkə daxilində qalacaq və idxaldan asılılığı aradan qaldıracaq.

Məhsulun təxminən 70%-nin ixrac olunacağı gözlənilir. Əsas hədəf Türkiyə və Qara dəniz limanları vasitəsilə dünya bazarına çıxışdır. Bu isə ildə 150-160 milyon dollar gəlir deməkdir.

Karbamid zavodunun mərkəzi idarəetmə otağında da olduq. Burada bizə Karbamid zavodunun direktoru Xəyal Cəfərov məlumat verdi ki, işçilər üçün “Samsung Engineering”, “Neste Engineering Solutions” və lisenziar şirkətlər tərəfindən xüsusi təlimlər keçirilib. Zavodda təxminən 500 nəfər daimi işlə təmin edilib: “Hazırda biz mərkəzi idarəetmə otağındayıq. Bura da üç hissədən ibarətdir. Solda ammonyak, sağda karbamid, ortada köməkçi qurğulara aid olan idarəetmə pultlarıdır. Hazırda zavod sınaq-sazlama rejimində olduğu üçün burada həm koreyalı, həm də azərbaycanlı opartorlar çalışırlar. Onlar zavodun idarəetməsində bərabər işləyirlər. Zavod o qədər avtomatlaşdırılıb ki, bütün mexanizm bir monitorla idarə olunur. Koreyalı mütəxəssislər sınaq-sazlama işlərini görməklə yanaşı, yerli mütəxəssislərimizə də lazımı treninqlər keçirlər.”

X.Cəfərov qeyd etdi ki, zavod tam istehsal gücünə təxminən mart ayında çıxacaq: “Ondan sonra karbamidə həm daxili tələbat tam ödəniləcək, həm də ixrac potensialı genişlənəcək. Əsas hədəf bazarlarımız Türkiyə və Qara dəniz ölkələri nəzərdə tutulur. Çünki həmin regionda xüsusilə karbamidə tələbat çox böyükdür.”

Müsahibimizin “istehsal olunan ammonyakdan başqa sənaye sahələrinə yönləndirilməsi nəzərdə tutulurmu” sualımıza cavabı belə oldu: “Ammonyak aralıq məhsuludur və nəzərdə tutulub ki, amonyak tam şəkildə karbamidin istehsalına yönəldilməlidir. Müəyyən texnoloji parametrlər var ki, onları aşmamalıyıq. Tutaq ki, zavodun gücü 80 faizdən aşağı olsa, biz karbamidin keyfiyyətində də azalmaların şahidi ola bilərik. Ona görə də sırf ammonyakın bu prosesdən çıxarılması və başqa məqsədlər üçün istifadəsi nəzərdə tutulmayıb. Amma elə bir kimyəvi maddədir ki, müxtəlif sənaye məqsədləri üçün istifadə oluna bilər.”

Məhsulların zavoddan birbaşa daşınması üçün zavod ərazisində dəmir yolunun tikintisi aparılır. Gələcəkdə dəmir yolunun Bakı-Tbilisi-Qars xəttinə birləşməsi planlaşdırılır. Aşağı xammal qiyməti və hədəf bazarlarına yaxınlığı baxımından zavod digər regional istehsalçılarla müqayisədə rəqabət üstünlüyünə malikdir.

Qeyd edək ki, karbamid kənd təsərrüfatında istifadə edilən ən effektiv gübrələrdən biridir. Bu məhsul təhlükəsiz və qənaətcil daşına bilir, rahat tətbiq edilir və yüksək məhsuldarlığa malikdir. Bundan başqa, karbamiddən mal-qara yemi, digər kimyəvi maddələrin istehsalında və əczaçılıqda geniş istifadə olunur. Bu zavod neft-kimya sektorunun inkişafında yeni istiqamətdir. Müəssisədə qazın emalından enerji daşıyıcıları birbaşa qeyri-neft məhsuluna – gübrəyə çevriləcək və kənd təsərrüfatında məhsuldarlığın artımına səbəb olacaq. Yəni, son məhsulun hesabına yeni əlavə dəyər yaradılacaq. Beləliklə, ölkəyə əlavə valyuta axını təmin ediləcək.

Ümumilikdə, zavodun istismarı Sumqayıt sənaye zonasında kimya sənayesinin gələcəyini təmin edəcək və Azərbaycanın regionda kimya məhsulunun aparıcı istehsalçılarından birinə çevrilməsində mühüm rol oynayacaq.

Orxan Vahidoğlu, Şəfiqə Dadaşova,
Araz Vəlili (foto), 
“İki sahil”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər