Karetlər, köhnə tramvaylar, şirin şərablar və…

1280

Bir sözlə, Avropanın qərb paytaxtından – Lissabondan reportaj

 Fidan Hətəmova “sumqayitxeber” üçün Lissabondan 

 

Bəzi şəhərlər var ki, burada qədim tarix və müasir həyat bir-birilə elə sıx bağlıdır ki, bunları ayırsan, şəhər maraqsız və cansıxıcı olar. Ancaq onlar birlikdə postmodern üslubda inşa edilmiş hündür mərtəbəli evlərin orta əsrlərə aid tikililərlə vəhdət təşkil etdiyi, “kasıb” məhəllələrin kiçik evlərinin yenidəbli inzibati binalarla ümumi landşafta daxil olduğu unikal şəhər koloriti yaradır. Bütün bunlara Avropanın ən qədim paytaxtlarından olan Lissabonda rast gəlmək olar.   

 

Portuqaliyanın paytaxtı və ölkənin əsas limanı olan Lissabon Pireney yarımadasının cənub-qərbində, Atlantik okeanına tökülən Taxo çayının mənsəbində gözəl mənzərəli 7 təpə üzərində yerləşir. Landşaft müdafiə üçün çox əlverişli olduğundan Lissabon ərazisində əhalinin ilk məskunlaşdığı yer 7 təpədən yalnız birini əhatə edib. Əhalinin yerləşdiyi ərazi əsrlər boyu dəyişməz qalsa da, şəhər böyüyüb, inkişaf edib və daha geniş ərazini əhatə edib.

Atlantik okeanına çıxışın olması və Avropa,

Afrika və Amerika arasındakı yolayrıcında yerləşməsi ilə Lissabon olduqca əlverişli iqtisadi mövqe tutur. Avropanın 3-cü ən böyük limanı olan Lissabon, eyni zamanda, Portuqaliyanın ən böyük turizm mərkəzidir. Mülayim iqlimi, gözəl təbiəti və müxtəlif memarlıq üslublarının heyrətamiz ahəngi Lissabonu turistlərin sevimli şəhərinə çevirib.

1994-cü ildə şəhər Avropanın Mədəniyyət Mərkəzi elan edildikdən, 1998-ci ildə Vasko da Qamanın Hindistan sahillərinə səyahətinin 500 illiyi münasibətilə  Dünya Okeanına həsr olunmuş Beynəlxalq Sərginin keçirilməsindən sonra Lissabonun nüfuzu daha da artıb.

 

1755-ci ildə baş vermiş və təqribən 15000 insanın həyatını itirdiyi güclü zəlzələ nəticəsində Lissabonun böyük hissəsi dağılıb. Zəlzələdə təkanların zərbəsinə davam gətirən binalar isə bütün şəhəri əhatə edən yanğında məhv olub. Do Karmo monastrı bu qədim faciənin canlı xatirəsi olaraq hələ də qalır. Zəlzələdən sonra şəhərin bərpası kral I Jozenin birinci naziri, sonradan Markiz Pompal titulu almış Sebastyan Joze di Karvalyu i Meluya həvalə olunub. O, şəhərdə geniş perpendikulyar küçələr salınmasının, yalnız bir üslubda binalar tikilməsini nəzərdə tutan planın hazırlanmasını tapşırıb.

Lissabonun zamanla yenidən böyük paytaxta çevrilməsi üçün XIX əsrdə ərazisinin genişləndirilməsi davam edirdi. 1848-ci ildə şəhərin əhalisi 192 minə çatmışdı. Növbəti illərdə Lissabon əhalisi Avropanın bir sıra digər şəhərlərində mövcud olan dəmir yolu və elektrik enerjisi kimi yeniliklərdən istifadə etməyə başlayıb. XX əsrin əvvəllərində baş verən müxtəlif siyasi qarşıdurmalar, xüsusilə, 1910-cu ilin oktyabrında monarxiyanın respublika ilə əvəz olunduğu vaxt baş verən partlayışlar nəticəsində Lissabon ciddi dağıntılara məruz qalıb. Antoniu Oliveyra Salazarın 1926-cı ildən başlayan uzunmüddətli hakimiyyəti dövründə Lissabonun modernləşdirilməsi davam etdirilib.

Bütün dövrlər ərzində Lissabon iki əsas istiqamətdə: şimala – Avenida da Liberdade (Azadlıq prospekti), qərb və şərqə doğru – Taxo çayı sahilləri boyunca genişlənib və inkişaf edib. Bayşa rayonu (Baixa, Aşağı şəhər) bu iki istiqamətin kəsişmə nöqtəsidir. Şəhərin həm ticari, həm də iş yerlərinin çoxluğu baxımdan ən aktiv bölgəsi bu rayonun payına düşür.

1755-ci ildə baş vermiş zəlzələdən sonra şəhərin bərpası zamanı Markiz Pompalın göstərişinə uyğun olaraq rayonun hər küçəsi bir sənət və ya ticarət sahəsinə ayrılıb ki, bu, indi də küçələrin adında əks olunur. Şəhərin rekonstruksiyası dövründə planlaşdırıldığı kimi, Rua Da Prata (Gümüş əşyalar düzəldən ustaların küçəsi), Rua dos Sapateiros (Ayaqqabı ustalarının küçəsi), Rua Dy Oru və ya Aurea (Zərgərlər küçəsi) və Rua Do Comercio (çox sayda bankların yerləşdiyi ticarət küçəsi) emalatxanalardan və burada hazırlanan əşyaların satıldığı mağazalardan ibarətdir. Rua Augusta Bayşanın əsas turizm arteriyasıdır. Yalnız piyadaların hərəkəti üçün nəzərdə tutulmuş bu küçənin hər iki tərəfində yerləşən mağazalarda maraqlı kitablar və xatirə üçün suvenirlər tapmaq mümkündür.

Yerli əhalinin Du Karmu adlandırdığı qüllə də bu rayonun ərazisində yerləşir. Portuqaliyalı mühəndis Raul Meznyer dü Ponsarın layihəsi ilə tikilmiş neoqotik üslubda olan bu qüllə dəmir konstruksiyadır. Qüllənin zirvəsində yerləşən kafenin terrasından rayona gözəl mənzərə açılır.

 

Prasa Du Komersiu meydanı

 

Markiz Pombalın şəhər planlaşdırmasına uyğun olaraq Bayşa rayonunun ərazisi cənuba doğru, Taxo çayının sahilində Prasa Du Komersiu meydanı ilə başa çatır. Şəhərin qonaqlarının ən çox ziyarət etdiyi bu meydanda kral I Jozenin bürüncdən at üzərində heykəli ucalır. Heykəlin müəllifi Maşadu Kaştru XVIII əsrdə Portuqaliyadakı ən yaxşı heykəltəraş olub. Əvvəllər meydanın ərazisində yerləşən Kral Sarayı zəlzələdə dağılıb. Binanın yeraltı təkanların zərbəsinə davam gətirən yeganə yeri mərmər pilləkənlər olub. Çaydan birbaşa meydana çıxan bu pilləkənlər indiyədək qorunur. Meydanda diqqətçəkən digər heykəltəraşlıq əsəri Zəfər tağıdır. Hər iki tərəfdən binalarla əhatəli olan bu tikilini Markiz Pombal, Vasko da Qama, Viriat  və Nunu Alvareş Pereyra kimi tarixi şəxsiyyətlərin heykəlləri bəzəyir.

Şəhərin digər böyük meydanları kimi Prasa Du Komersiu meydanı da inkvizisiya dövründə “kafirlərin” tonqalda yandırılmasına və edamlara şahid olub. Hərbi paradların, xalq yürüşlərinin keçirildiyi bu meydanda 1908-ci ildə kral I Karluş və taxtın varisi Luiş Filipin öldürülməsi kimi əhəmiyyətli tarixi hadisələr baş verib. Meydan uzun illər maşın dayanacağı kimi istifadə olunsa da, son illər yenidən piyadaların ixtiyarına verilib. Açıq kafelərin çox olduğu bu meydanda həm də qədim dövrlərdə Lissabon ziyalılarının sevimli məkanı olmuş şəhərin ən qədim kafesi “Martinyu da Arkada” yerləşir. Düzbucaqlı formasında olan meydan üç tərəfdən klassik üslubda binalarla əhatə olunub.

 

Kaşı muzeyi

 

Ölkənin hər bölgəsində əksər binaların fasadınının bəzənməsində və binaların interyerində naxış kimi rəngli kaşı lövhələrdən istifadə olunması Portuqaliyanın milli memarlığına xarakterikdir. Burada kaşıdan istifadə etmək ənənəsi orta əsrlərdə ərəblərin hakimiyyəti döründə İspaniyada qəsr və sarayların kaşı lövhələrlə bəzədildiyi vaxtlara təsadüf edir. Portuqaliyaya kaşı ilk dəfə kral I Manuelin dövründə gətirilib və onun Sintradakı sarayının bəzədilməsində istifadə olunub.  Artıq XVI əsrdən özləri kaşı lövhələr hazırlamağa başlayan portuqaliyalılar qədim ənənəni bu günədək fəxrlə davam etdirirlər.

 

Dəniz muzeyi

 

1962-ci ildən fəaliyyət göstərən muzeydə müxtəlif dövrlərə aid gəmilərin maketlərinin kolleksiyası toplanıb. Qədim dövrlərdə muzeyin ərazisində dəniz səyyahı Enrikenin təşəbbüsü ilə tikilmiş kiçik kilsə yerləşib. Dənizçilər səfərə çıxmazdan əvvəl burada ibadət ediblər.

Muzeyin birinci mərtəbəsindəki XV əsrdən etibarən dəniz səyahəti tarixinə həsr olunmuş əsas zalda qədim naviqasiya xəritələri və hər növ gəminin dəqiq maketləri sərgilənir. Maketlər kiçik qayıqlardan 3-4 yelkənli gəmilərə qədər, dördbucaqlı yelkənli sürətli gəmilər və Portuqaliya tipli gəmilər daxil olmaqla,  gəmiqayırmanın inkişafını nümayiş etdirir. Muzeydə həmçinin, gəmilərin burnunu bəzəyən fiqurları, məsələn, Vasko da Qamanın Hindistana ilk dəfə səyahət etdiyi gəmidəki Müqəddəs Arhangel Rafailin fiqurunu, gəmilərin XVI əsrə aid hərəkət xəritəsini, astrolyabiyalar görmək mümkündür. Bütün bunlar uzaq keçmişdə insanların dünyanı necə gördüyünə dair təsəvvürlər yaradır.

Portuqaliyanın XIX və XX əsrlərdəki hərbi-dəniz donanması muzeydə çox sayda freqat, korvet və müasir sualtı gəmi modelləri ilə təqdim olunub. Ölkənin müxtəlif regionlarının muzeydə nümayiş olunan balıqçılıq flotunu son dövrlərədək sahilboyu zolaqda rast gəlinən müxtəlif ənənəvi gəmilər təşkil edir.

Muzeyin kral zalında 1900-cu ildə Şotlandiyada hazırlanmış və kral I Karluş və kraliça Ameliyaya məxsus olan “Ameliya” yaxtasının zəngin kayutu insanı valeh edir. Burada həmçinin, XVIII əsrdə yüksək vəzifəli şəxslərin gəmidən sahilə və əksinə daşınması üçün nəzərdə tutulmuş çoxavarlı kral gəmiləri toplanıb. 1778-ci ildə məxsusi olaraq kral VI Juanın toyu üçün hazırlanmış ikidorlu yelkən gəmisi diqqətçəkən digər modeldir. Muzeyin kolleksiyasını 1922-ci ildə Lissabondan Rio-de-Janeyroyadək Atlantik okeanın cənub hava məkanını ilk dəfə keçən “Müqəddəs Klara” adlı hidroplan tamamlayır.

Belem sarayı

 

Saray 1559-cu ildə Hersoq Aveyraş tərəfindən tikilib. XVIII əsrdə kral V Joan sarayı Braziliyadan gətirilmiş qızıl müqabilində almış və onun əmri ilə sarayın interyeri tamamilə dəyişdirilmişdir. 1788-ci ildə sarayın ərazisində italyan memar Cakomo Azolininin layihəsi ilə atçılıq məktəbinin binası tikilmişdir. 1755-ci ildə baş vermiş zəlzələ zamanı kral I Joze ailəsi ilə birlikdə bu sarayda olduğundan fəlakətdən sağ çıxmışdı. Hazırda Belem sarayı Portuqaliya prezidentinin rəsmi iqamətgahıdır.

 

Milli karet muzeyi

 

Belem sarayının atçılıq məktəbinin binasını 1905-ci ildə kraliça Ameliyanın əsasını qoyduğu karet muzeyi tutur. Muzeydə bütün dünyadan müxtəlif tipli minik arabaları: parad karetləri, dilijanslar, şarabanlar və faytonlar sərgilənir. Muzeyin iki zalında Avropa tarixində 4 əsr boyunca təmtəraqlı mərasimlər, yaxın və uzaq məsafələrə getmək üçün istifadə edilən onlarla müxtəlif karet nümayiş olunur. Burada Portuqaliya, İtaliya, Fransa, Avstriya və İspaniyada hazırlanmış dəbdəbəli karetləri görmək olar.

XVI Lüdovik tərzində, tavanı gözəl freskalarla bəzədilmiş əsas qalereyada kral karetləri sərgilənir. Bunların ən qədimi Kral III Filipin XVI əsrin sonunda Lissabona gəldiyi iri karetdir. Sonrakı dövrlərə aid karetlər daha dəbdəbəli və bahalı bəzədilməsi ilə maraq doğurur. İçinə qırmızı məxmər döşənmiş bu karetlərin xarici alleqorik fiqurlar və zadəgan gerbləri ilə bəzədilib. Dovlət rəsmiləri üçün xüsusi hazırlanmış karetlərin bəzilərini hər birinin çəkisi 1 ton olan qızılı rəngli  iri heykəllər bəzəyir.

Muzeyin ikinci zalında kral ailəsinin gənc üzvlərinə məxsus iki təkərli kabrioletlər, landolar və digər yüngül karetlər görmək mümkündür. Muzeyin yuxarı mərtəbələrində atların arabaya qoşulması üçün ləvazimatlar, kralların kostyumları, kral ailəsi üzvlərinin portretləri və müsiqi alətləri sərgilənir. Burada həmçinin, XIX əsrdə kral uşaqlarının gəzdirilməsi üçün təyin olunmuş yüngül arabalar, faytonlar nümayiş etdirilir.

 

Das Aquaş Livreş akveduku

 

Aqueduto das Aguas  Livres – Lisabbonun şimal-qərbindəki Alkantara vadisindən keçən möhtəşəm tikilidir. 1748-ci ildə istifadəyə verilən akveduk şəhəri içməli su ilə təchiz edib. Kanalın ümumi uzunluğu58 km(qolları ilə birlikdə) olsa da, əsas hissəsi 19 km-ə çatır.

Zəlzələyə  davam gətirən akveduk XIX əsrdə tamamilə başqa səbəblə tanınıb. Belə ki, XIX əsrin məşhur qatili Dioqa Alveşin qurbanlarını tikilinin tağları arasından – 65 metr hündürlüyündən ataraq öldürməsi hadisələri kanala böyük şöhrət qazandırıb. 1853-cü ildə bu cür hadisələrin təkrarlanmasının qarşısını almaq üçün piyadaların akveduka girişi qadağan olunub.

 

Şəhərin simvolu – Belem qalası     

Lissabonda turistlərin ən çox maraq göstərdiyi yer 1515-1521-ci illərdə Taxo çayının mənsəbinin və Jeronimuş monastrının müdafiəsi məqsədilə tikilmiş Belem qalasıdır. 1755-ci ildə baş vermiş zəlzələ səbəbilə çayın yatağı qismən dəyişdiyindən qala hazırda qumlu sahilin kənarında yerləşir. Ancaq əvvəllər bu qədim tikili sahildən təqribən 200 metr aralıda yerləşib və dəniz səyyahları yeni torpaqlar kəşf etməyə buradan yollanıb. Buna görə də, Belem qalası Portuqaliyanın simvoluna çevrilib.

Qala strukturuna görə qotik-roman üslubuna aid olsa da, bəzədilməsində istifadə olunan ərəb motivləri tikiliyə maraqlı ekzotik görünüş verir. Tikilinin venesiya üslubundakı pəncərələri və açıq balkonları, mavritan üslubundakı müşahidə qülləsi xüsusilə maraqlıdır. Qalanın alt mərtəbəsindəki yarımdairəvi tavanlı qotik zal XI əsrə qədər silah anbarı və yeraltı həbsxana kimi istifadə olunub.

 

25 aprel körpüsü

1966-cı ilə qədər Taxo çayı üzərində heç bir körpü olmayıb. Həmin dövrədək paytaxt ölkənin cənub əyalətləri və çayın sağ sahilində yerləşən sənaye rayonları ilə su nəqliyyatı vasitəsilə əlaqə saxlayıb. 1962-ci ildə çay üzərində şəhərin iki sahilini birləşdirən asma körpünün tikintisinə başlanıb. Diktatorun şərəfinə Salazar adlandırılan körpünün tikintisi 1966-cı ildə başa çatıb. 25 aprel 1974-cü ildə baş verən, tarixdə “Qırmızı qərənfil inqilabı” kimi tanınan inqilabdan sonra Portuqaliyada demokratiya bərpa olundu. Beləliklə, körpünün adı dəyişdirilərək “25 Aprel körpüsü” adlandırıldı. Modeli San-Fransiskodakı “Golden Gate” körpüsündən götürülən bu polad tikilinin ümumi uzunluğu 2,278 metrdir. Körpünün suyun səviyyəsindən 70 metr yüksəklikdə yerləşən döşənəklərini hər biri 190 metr hündürlüyü olan istinad sütunları saxlayır. Körpünün əsas dirəkləri suyun 80 metr dərinliyinədək gedir və bazalt qayalara dirənir. Körpüdən şəhərə möhtəşəm mənzərə açılır.

Çayın digər sahilində Rio-de-Janeyro şəhərinin simvolu olan İsa peyğəmbərin böyük heykəlinin kiçik variantı ucaldılıb. Əllərini kənara açmış İsanın 28 metrlik fiquru hündürlüyü 85 metrə çatan pyedestal üstünə qoyulub. Məbədin terrasından Taxo çayının dənizə tökülən mənsəbinin, bütün şəhərin və cənuba doğru uzanan sahələrin gözəl panoraması seyr edilir.

 

Müasir Lissabon

 

Portuqaliya tarixinin və mədəniyyətinin dənizlə sıx bağlı olduğunu bir daha təsdiq etmək məqsədilə 1998-ci ildə Vasko da Qamanın Hindistandan qayıdışının 500 illik yubileyi münasibətilə “Dünya okeanı – gələcəyə miras” adlı Beynəlxalq sərgi təşkil edib. Sərgi bəşəriyyətin əsas ehtiyat mənbəyi kimi dünya okeanı problemlərinə və onun qorunması məsələlərinə diqqət çəkmək  məqsədi daşıyıb.

Həmin il Lissabonda daha bir körpü istifadəyə verilib. Gümüşü-boz rəngli dəniz səthi ilə birləşərək üfüqə doğru uzanan Vasko da Qama körpüsü Avropada ən uzun körpü hesab olunur. Ümumi uzunluğu16 kmolan körpünün 13 km-i suyun üstündən keçir. Vasko da Qama ölçülərinə görə 25 Aprel körpüsündən üstün olsa da, gözəllik baxımından ondan geri qalır.

Lissabondan təqribən10 kmməsafədə Portuqaliyanın ən cəledici turizm məkanları yerləşir. Bunlar Atlantik okeanı sahili boyunca uzanan ağ qumlu çimərliklərdir. Burada turistlərə su idmanları ilə yanaşı, qolf və atçılıqla məşğul olmaq imkanı yaradılıb. Qeyd edək ki, Lissabon Avropanın Atlantik okeanı sahillərində çimərlikləri olan yeganə paytaxtıdır.

Lissabon qonaqlarına ziddiyyətlər şəhəri: müasir və keçmişinə ehtiram edilən, sakit və səs-küylü şəhər kimi təqdim olunur. Günün istənilən saatında şəhərin küçələrində gəzmək, küçəboyu yerləşən saysız kafelərdən birində oturub qonaqpərvər lissabonluları müşahidə edərək dincəlmək olduqca xoşdur. Şəhərin ən maraqlı guşələrinə köhnə tramvayla gəzinti qonaqlarda unudulmaz xatirəyə çevrilir.

Axşama yaxın şəhərin milli xörəklər təklif edən restoranlarında Portuqaliyanın keçmişə həsrət, qəmgin sədalar, eyni zamanda, böyük ümidlər sezilən melanxolik xalq mahnılarını dinləmək olar. Ən müxtəlif zövqləri təmin edə bilən Portuqaliya mətbəxi balıq və dəniz məhsullarından hazırlanmış olduqca ləzzətli yeməklərdən ibarətdir. Aralıq dənizi sahili ölkələrindən fərqli olaraq, burada təzə göyərtilərdən az istifadə olunur. Ət, kələm və müxtəlif pendir çeşidləri milli mətbəxin əsasını təşkil edən digər məhsullardır. Portuqaliya həm də portveyni (şirin şərab növü) və qəhvəsi ilə şöhrət qazanıb.

 

 

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər