Kaş ki…

1513

Dünən bir ana gözlərini əbədiyyətə yumdu…Hansı ki, özü dünən balaca, ana qoynunda uyuyan qızcığaz idi… Dünən daha iki körpə anasız qaldı… Daha bir kişinin yanı boş qaldı, beli büküldü…Dünən daha  bir evin ocağı söndü, işığı qaraldı…Daha heç vaxt o evin mətbəxində qazanlar qaynamayacaq, daha heç vaxt o evə qadın əli dəyməyəcək…heç vaxt…Heç vaxt…

Bu heç vaxtlar bitməyəcək…Çətin ki, bitsin…Bitsə də əvəzinə kaşkilər, faydasız peşimançılıqlar başlayacaq. Bu dünyada dərdlər çoxdu, amma eləsi var ki, adamı  sümüyünə, iliyinə kimi yandıra bilir. Ürəyinin yağını, ciyərini, birbaşa içini yeyə bilir…Belə dərdlər bir gün hamımızı gözləyir əslində…Bir gün hamımız bu dərdə düçar olacayıq…Əslində bütün həyatımız boyu bu dərdlərin qorxusunu çiyinlərimizdə daşıyırıq…Sevdiklərimizi itirməkdən, bu ağrılı dərddən danışıram. Hamımızın içində bu qorxu var deyilmi?

Şəxsən tanımasam da tənqidçi Elnarə Tofiqqızının dünənki vəfatı məni sarsıtdı…Xəbəri eşidər-eşitməz mərhumun facebook profilini açdım. Geridə qoyduğu iki körpə balasının gözlərindəki xoşbəxtlik, simalarındakı məsumiyyət bu itkini daha yandırıcı edir…Sadəcə heyf deyə bilirsən… Bütün bunlarla yanaşı onun sevdiyi insanı, həyat yoldaşının indi hansı durumda olduğunu düşünəndə adamın sadəcə qanı donur…Amma hər şey keçəcək… Necə deyərlər torpağın “üzüsoyuqdur”.  Günlər, həftələr aylar, illər nə qədər çətinliklə də olsa, zülmlə də olsa keçəcək. Guya nələr keçməyib ki?! Ehhh…..

Belə məqamlarda adətən qohumlar, dostlar, tanışlar dərdi olan adamın başına toplaşır, onu tək qoymamağa çalışır…Amma bütün bunlar bir yerə qədərdi…Bir təsəvvür edin hər kəs öz sevdiyinə sarılıb uyuyurkən, siz yanınızdakı boşluğu iliyinizə qədər hiss edirsiniz… Bu boşluq əvvəldə adamı üşüdür, tək qoyur, tamam tək…Ən sonda məhvə sürükləyir…

Bir qadın sevdiyini, həyat yoldaşını itirdiyi an uşaqları yetim özü isə dul qalır, amma bir kişi həyat yoldaşını itirsə həm özü həm də uşaqları yetim qalır…

Çox ağrılı və sözün bitdiyi məqamdır…Kaş ki, heç kim ölməyəydi…Kaş ki, ən azından sonuna qədər sevdiklərimizi qorumaq gücümüz olardı…Kaş ki….kaş ki…

Yaxınları və dostları həmin ailəyə necə dəstək olacaq bilmirəm, amma bir yerlərdən tutunmağı və ovunmağı bacarmaq lazımdı, ən azından o iki körpə balaya görə…

Allah rəhmət eləsin…! 

Səbinə Məmmədova

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər