Uşaq vaxtı hər yay nənəmgilə,kəndə tətilə gedirdim.Uşaqlıq xatirələrim çoxdur. Birini uzun müddət yadımdan çıxara bilmirdim,səbəbi də o, idi ki, qorxuma bağlı idi.
Qorxu ilə bağlı xatirələr ən uzunömürlü olur.
Nənəmgildən tez- tez mamamgilə( Qarabağda bibiyə mama deyirlər) gedirdim. İki yol var idi, biri qısa,biri də uzun. Qısa yolun üstündə həmişə qazlar olurdu. Onlar mənim yerli olmadığımı elə bil bilirdilər.Görən kimi fısıltı ilə üstümə cumurdular. O fısıltıları dünyanın ən dəhşətli səsi sayırdım. Hər dəfə onlardan qaçıb güclə canımı qurtarırdım. Çox vaxt da onların qorxusundan ( o, dəhşətli fısıltı!) uzun yolu seçirdim. Utandığımdan bu qorxumu heç kimlə, xüsusən də kənd uşaqları ilə bölüşə bilmirdim. Mənə yəqin ki, yaxşıca gülərdilər. Heç nənəmə də demirdim. O qorxunu heç kimlə bölüşə bilmədiyimdəndir ki, bu xatirəm yaddaşımın bir guşəsində bərk oturmuşdu.
Keçən ilin payızında dəniz sahilində gəzintidə idim. Sumqayıt dəniz körpüsünün yanında dənizdən çıxmış balıqçıların ətrafına yığışmış insanlar gördüm. Yolumun istiqamətində olduğundan yaxınlaşdım. Bir balıqçı əlində iri çöl qazı tutmuşdu. Yaxından çox iri görünürdü. Balıqçının dediyinə görə qaz balıq toruna düşmüşdü,böyük ehtimalla onu torda çobalayan balıqlar cəlb etmişdi.
Baxdım ki, qazın alveri gedir. Balıqçılar yüksək qiymət dediyindən razılaşan olmurdu. Balıqçı məni tanıdı. Dedi, doktor, əla yağlı qazdır, bir məclisi yola verər.
Yadıma kənd qazlarımız düşdü, içimdən bir sızıltı keçdi.
Sızıltımın xatirəmdən gəldiyinə şübhəm yox idi. Düşündüm ki, yaxşı olar, özüm qazın başını kəsib içimin lap dərinliyində olan qorxunu çıxararam, həm də məşhur “yeməmisən qaz əti, görməmisən ləzzəti” məsələsinə aydınlıq gətirərəm. Balıqçı ilə qiymətdə razılaşıb qazı aldım. Ətrafdakılar onu hazırlamağın müxtəlif üsullarını təklif etdilər.
İndi qaz mənə məxsus idi. O, mənim əsirim idi! Əsirlikdə olan kəndim, qazlar yadıma düşdü. Niyəsə qazları da məhəbbətlə xatırladım! Qazlar da kəndimə olan məhəbbətimin bir hissəsi idi. Heç kimə, heç nə demədən qazı götürüb körpünün əks tərəfinə keçdim, burada dəniz daha geniş idi. Qaz elə bil fikrimi oxumuşdu, heç çabalamırdı. Qazı dənizə buraxıb dedim, get, mən səni əsirlikdən azad edirəm! Əminəm ki, kəndimizi də, bütün Qarabağımızı da bir gün düşmən tapdağından azad edəcəyik. Mən də kəndimzə gedib çöxlu qaz alacağam, qoy onlar şəhərdən gəlmiş uşaqları hərdən qorxutsunlar!
Statusman.
( Hümbət Həsənoğlu)