“Kəşfi dolabda saxlasanız, onda siz kəşfin müəllifisiniz, innovator deyilsiniz” - MÜSAHİBƏ

1746

 

Musavat.com İnnovasiya texnologiyalarının və proseslərinin öyrənilməsi, yaradılması, tətbiqi və tədrisi kimi işlərdə 10 ilə yaxın peşəkar təcrübəyə malik olan Şəbnəm Məmmədovanın Finans.az-a müsahibəsini təqdim edir:

– Yenilənmə, yaxşılaşma mənasını verən innovasiya hər zaman yeni kəşfi özündə ehtiva edirmi?

– İnnovasiya anlayış olaraq özündə bu sözü ehtiva etsə də, hər zaman yeni bir kəşf anlamına gəlmir. Gəlin, məsələyə belə baxaq, “invention”, yəni kəşf sözünü bildirən bu ifadə, əslində, həm də mövcud olan kəşf, obyekt, hadisə və ya proseslərin yenilənməsini, təkmilləşməsini də əks edə bilər. Yəni hətta artıq məlum hadisə və obyektlərin hər hansı bir xüsusiyyətinin təkmilləşməsi belə innovasiya sayılır. Öz dövrünə görə innovasiya sayılan hər hansı bir texnologiyanın sonradan ya sürətin əlavə olunması və ya tamamilə yeni bir cəhət üzrə təkmilləşməsi o texnologiya üzrə yeni innovasiya hesab olunur.

Əlbəttə, yeni kəşf innovasiya sayıla bilər, amma heç də hər kəşf innovasiya sayılmır. Yalnız məhsul kimi bazara təqdim edilə bilən ixtira innovasiya sayılır. Yəni, sadə dildə desək, siz nəsə icad etmisinizsə, amma onu kimləsə paylaşmırsınızsa, ictimai məhsul kimi istifadədə deyilsə, bu artıq innovasiya sayılmır. İstifadəçinin və ya alıcının yararlandığı məhsul innovasiya, siz isə innovator sayıla bilərsiniz. Kəşfinizi qaranlıq bir dolabda illərlə saxlasanız, onda siz sadəcə kəşfin müəllifisiniz, innovator deyilsiniz.

– Hər innovasiyanın əsasını yeni ideya təşkil edir. Hansı növ ideyalar innovasiya üçün əsaslı mənada yaxşı hesab olunur?

– Bu sualın cavabı üçün unikal bir resept yoxdur. Uzun illərin təcrübəsi innovasiyalar üçün ən yaxşı və kreativ xammal hesab olunan ideyaları sahələrin qovşağında axtarmaq lazım olduğunu göstərir. Bu nə deməkdir? Əgər hər hansı bir ideyanı bir sahədən digərinə rahatlıqla tətbiq etmək mümkündürsə, onda bu ideyadan maraqlı nəsə əldə etmək mümkündür.

Praktiki və dayanıqlılıq baxımdan uğurlu ideyalar adətən təkamüllü ideyalar hesab olunur. Heç bir hekayəsi və keçmişi olmayan inqilabi ideyalardan fərqli olaraq onlar adətən artıq mövcud olan hər hansı bir həll və ya məhsulun təkmilləşdirilməsinə xidmət edir. Məsələn, əməliyyat sistemləri Microsoft-a, axtarış sistemləri Google-a, sosial şəbəkələr Facebook-a qədər də mövcud idilər. Amma bu şirkətlər texnologiya bazarını təəccübləndirə bildilər. Onların yeni məhsulları mövcud təkliflərdən daha uğurlu və parlaq oldular. Fikrimcə, tədricən inkişaf edərək dəyişmək yolu ilə reallaşan ideyalar yeni innovasiyalar üçün daha təkmil və uyğun hesab edilə bilərlər.

İdeya və ya innovasiyanın yaxşı olması üçün o hər hansı bir problemi və ehtiyacı həll etməlidir. Uber-in yaradıcısı Trevis Kalanikin nümunəsini yadımıza salaq. O, Paris küçələrində taksi tapa bilmədiyindən sehrli bir mobil proqram düşünür, nəticədə dünya bir neçə əməliyyatla taksi sifariş etmək imkanı qazanır. Yaxşı ideya və ya innovasiya sizin ehtiyac hiss etdiyiniz hər hansı bir “ağrı”nı azaltmalı və ya “çatışmazlığı” aradan qaldırmalıdır.

– İnnovasiya prosesinin lokomotivi rolunda təşkilatlar və ya şirkətlər çıxış edir, “istehlakçılar isə bu prosesin passiv iştirakçılarıdır” tezisi hazırda nə qədər aktualdır?

– Əslində, bu yanaşma innovasiyalar prosesinin bəlkə də ilkin mərhələsində belə olur və ya belə olurdu. Texnologiya inkişafının əvvəlki dövründə innovasiya istehsalçısı olan şirkətlər və ya təşkilatlar prosesin həm yaradıcısı, həm də aktiv təkmilləşdirici tərəfi sayılırdı. Bu münasibətlərdə adətən istehlakçı passiv görünürdü. Lakin texnologiyanın son inkişaf mərhələsində artıq istehlakçılar nəinki innovasiya prosesinin aktiv rəy və fikir sahibləri, eyni zamanda bəzən innovasiya yaradıcısı qismində çıxış edə bilirlər. Bu isə artıq sürətlə dəyişən texnologiya əsrinin tələbidir. Artıq dördüncü sənaye inqilabını yaşadığımız bir dövrdə istehlakçı ona növbəti mərhələdə hansı məhsulun lazım olduğunu çox gözəl dərk edir.

– İnnovasiyalar köhnəlirmi?

– Əlbəttə, indi texnologiya çox sürətlə dəyişir, innovasiyalar da bir o qədər sürətlə köhnəlir. Köhnələn innovasiyaların təkmilləşmə parametrləri də eyni qaydada sürətlə yenilənir. Artıq dövrünün innovasiyası sayılan hər hansı bir məhsul bu gün innovativ həll sayılmır, çünki texnologiya bazarında rəqabət çox güclüdür, rəqibini üstələməyə çalışan hər bir şirkət ən yeni “nou-hau” təqdim etməyə çalışır. Gəlin, zamanında yenilik sayılan bir neçə kəşfə və ya məhsula baxaq. İlkin sənaye inqilabının, öz dövrünün inanılmaz uğuru sayılan təkərin kəşfi bu gün heç bir praktiki və fundamental yenilik hesab olunmur. İndi dünya maraqla İlon Maskın HyperLoop-unun köməyi ilə, deyək, nə vaxtsa Bakıdan Tbilisiyə 30 dəqiqəyə yetişməyin necə reallaşaçağını gözləyir. Bu gün şirkətlər artıq gələcəyin texnologiyaları üzərində beyin sındırır. Bu rəqabətdə kimin qalib gələcəyi isə artıq istehlakçının ehtiyacını ən dəqiq hiss edib, onu kommersiyalaşdıran tərəfin payına düşəcək.

– İnnovasiyaların qəbul olunması prosesi innovasiyalar üzrə fəaliyyətdə nə qədər əhəmiyyət daşıyır?

– Əlbəttə, çox mühüm və fundamental əhəmiyyət daşıyır. İnnovasiyanın meydana çıxması uğurun 50 faizidirsə, onun digər 50 faiz uğuru innovasiyaların adaptasiya və tətbiqindən birbaşa asılıdır. Cəmiyyətin qəbul etmədiyi və ya dəstəkləmədiyi innovasiyanın nə mənası var? Əslində, dünyada belə nümunələr çoxdur və bəzi proseslərdə bu normal reaksiyadır. Yeniliyin tətbiqində əksər çətinlik düşüncə tərzinə və vərdişlərə bağlıdır. Əksər dəyişiklər uğursuzluğa düçar olur, çünki onların ideya müəllifləri geridə nələri buraxmalı olacağımızı və ya bu yeniliklərin hansı gələcəyi vəd edəcəyini dəqiq bilmir. İllərlə oturmuş yanlış vərdişlər, komfort zonası və ya yeniliklərə hazır olmayan, onları qəbul etməyən istehlakçı qrupları üçün yeniliyin dəqiq bilinən üstünlüyü olmalıdır.


Ümumilikdə, bu yanaşma və davranış formaları anlaşılan və proqnoz olunandır, istehlakçının stabil və monoton həyat tərzindən qaynaqlanır. Lakin son dövrlərdə texnologiya hər 5 ildən bir dəyişir deyə istehlakçının yeniliyə adaptasiyası daha sürətlə baş verir. O, növbəti innovasiyanı səbirsizliklə gözləyir.

Texnologiya əsrinin istehlakçısının davranış və ehtiyacını gözəl analiz edən, bunu uğurlu məhsul və texnologiyaya çevirə bilən şirkətlər hazırda innovasiya bazarında əhəmiyyətli çəkisi ilə seçilir. Burada “Huawei” kitabının müəllifi Tyan Taonun bir deyimi tam yerinə düşər: “İstənilən nəhəng şirkət praqmatik olmalı, yer üzündə dayanmalı, lakin göy üzünə baxmağı da bacarmalıdır”.

– İnnovasiya fəaliyyətinin inkişafında dövlətin rolu varmı və varsa nədən ibarətdir?

– Bu sualı peşəkar fəaliyyətimlə əlaqəli tez-tez eşidirəm. Ümumiyyətlə, hər hansı bir fəaliyyətin və prosesin tənzimlənməsi hər zaman inkişaf üçün yeni imkanların yaradılmasına xidmət etməlidir. Burada inkişaf fəaliyyətinin tənzimlənməsi gələcək inkişaf istiqamətləri üçün yeni hədəflərin yaradılmasına yönəlməlidir. Bu kontekstdə baxılsa, ümumiyyətlə innovasiya fəaliyyətində yeni inkişaf istiqamətlərinin yaradılması məqsədilə dövlətin və onun imkanlarının bu prosesdə rolu vacibdir və danılmazdır.

Mən hər zaman innovasiya və dövlətin rolu üzrə münasibətlərə stimullaşdırma kontekstindən baxmışam. Dövlətin rolu innovasiya mühitinin inkişafını stimullaşdırmaq olmalı, bunun üçün maksimum şərtlər və resurslar təmin edilməlidir. Yəni dövlət mümkün qədər imkanlar yaratmalıdır ki, ölkədə innovasiya üzrə bütün ekosistem iştirakçıları bu imkanlardan maksimum faydalansın. Amma bu prosesdə innovasiyaların inkişafı müstəqil olaraq baş verməlidir, yəni dövlət sadəcə bütün münbit şəraiti və şərtləri təmin edən katalizator rolunda çıxış etməli, amma ayrıca iştirakçı kimi bu prosesdə çıxış etməməlidir. İnnovasiyalar üzrə top göstəriciləri olan ölkələrin nümunəsində də eyni münasibətləri görə bilərik.

Hazırda ölkəmizdə innovasiyaların tətbiqi, innovasiya proseslərinin məqsədli stimullaşdırılması üzrə bütün sahələrdə kifayət qədər iş aparılır. İnnovasiyaların tətbiqi hər bir dövlətin inkişafı üçün mühüm lokomotivdir və yalnız zamanında bunu doğru analiz edib tətbiq edən ölkələrin uğur təcrübələri təəccübləndirməyə bilmir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər