DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində daha iki turu geridə qoyduq. Ölkəmizə yazın gəlişini bayram etdiyimiz bir vaxtda milli komandamızın budəfəki Novruzu daha əlamətdar edəcəyini gözləyirdik. Ancaq Berti Foqtsun yetirmələri iki oyuna yalnız bir xal qazana bildi ki, bunu nə faciə, nə də qənaətbəxş nəticə saya bilərik.
Ötən həftə Lüksemburqla səfərdə heç-heçə (0:0) edən yığmamız özümüz kimi autsayder olan bu komandadan bir qədər üstün görünürdü, ancaq qələbə qolunu vurmaq mümkün olmadı. Portuqaliya ilə çərşənbə axşamı baş tutan matçda isə milli yenə fiziki hazırlıqsızlığın əziyyətini çəkdi. Yenə 60 dəqiqə nisbətən normal futbol göstərən bizimkilər məhz saatın tamamından sonra ağ bayraq qaldırdı – 0:2.
İnsafən hər iki matçın əvvəlində futbolçularımızın bir neçə şans qazandığını da vurğulayaq. Xüsusilə, Lüksemburqdakı matçda fasiləyə öndə yollanmalı idik. Gəl ki, həlledici anlardakı qeyri-dəqiqlik işləri korladı. Portuqaliya yığmasının isə gücü bəllidi. Bu görüşdə qonaqların qalib gəlməməyi sensasiya sayılacaqdı ki, bu da baş vermədi.
Sensasiya bir yana, millimiz rəqib qapısına doğru zərbə vurmağı belə bacarmadı.
İndi hamı günahkar axtarır. Hətta son matçda Respublika stadionunun tribunalarını dolduran kütlənin bir qismi Foqtsu istefaya səsləməyə, ertəsi AFFA-nın baş katibi Elxan Məmmədov həmin şəxsləri “sabitliyi pozmaq cəhdi”nə görə qınamağa da vaxt tapdı. Kəsəsi, hamının uğursuzluqda günahkar bildiyi ilk şəxsin kimliyi və onun AFFA tərəfindən necə himayə olunduğu bir daha dəqiqləşdi. Mən Məmmədov kimi sırf Foqtsun müdafiəsi naminə azarkeşləri qınamağı düzgün yol hesab etmirəm. Amma arenanın 30 minlik tribunalarını doldurub tum çırtlamaqla məşğul olan, yalnız uğura sevinən, məğlubiyyət halında “istefa” qışqırmaqdan başqa bir şeyi bacarmayan azarkeşlərə də haqq qazandırmıram. Düzdü, məğlubiyyət yetimdi, ona yiyə duran olmur, qələbəni isə hamı öz adına çıxır. Elə buna görə də yenilgi olan kimi komandaya birbaşa cavabdeh olan məşqçilər yada düşür. Ancaq bəlkə realist olaq?
Çərşənbə axşamı günü çox məyus idim. Bir yandan futbol dünyasında yığma səviyyəsində tək ümidimiz olan Türkiyə millisi növbəti uğursuz nəticə ilə Braziliyaya getmək şansını daha da azaltdı, digər tərəfdən də öz millimiz növbəti məğlubiyyətini aldı. Hardasa nəticə eynidi: türklər iddiasına, imkanlarına görə qrupdan ən azı ikinci kimi çıxmaq potensialına sahibdisə, biz ən azı ilk “dördlüy”ə düşməyi xəyal edirik. Reallıq isə odu ki, Türkiyə bizim arzuladığımız, biz isə heç kimin özü üçün istəmədiyi mövqedədi.
Ancaq bu iki komanda arasında çox önəmli fərq var. Türkiyədə futbol adına hər şey – şərait, potensial, azarkeş dəstəyi və ən əsası, gözəl oyunçu heyəti mövcuddu. Qardaş ölkə millisində çatışmayan yeganə şey sanballı məşqçidi. “Ay-ulduzlular” hazırda kapitansız gəmiyə bənzəyir və onu buzlu okeanda aysberqə çırpılmaqdan başqa aqibət gözləmir. Bu komandanın başında Fatih Terim, Mustafa Dənizli, lap elə Şenol Günəş kimi ağıllı məşqçi dayansaydı, indi Türkiyə millisi qrup liderliyi uğrunda Hollandiya ilə rəqabət aparırdı.
Avropanı mat qoyan Burak Yılmaz kimi bombardiri, Arda Turan kimi istedadı, onlarca digər bacarıqlı oyunçusu olan komanda buna qadirdi. Ancaq çox təəssüf ki, bu futbolçuların başında mətbuatın təzyiqi qarşısında diz çökən Abdulla Avcı kimi məşqçi var.
Bizim yığmada şərtlər başqadı. Hazırda milli üçün hətta ölkə çempionatını qurban verməyə hazır olan, komandanın gücləndirilməsi naminə milliləşdirmə də daxil olmaqla, hər yola əl atan, az qala hər ay yeni stadion tikən, komanda üçün toplanışlar təşkil edən bir futbol qurumumuz mövcuddu. Kəsəsi, şərait, meydanətrafı amillər ideal səviyyədədi. Amma bizim problemimiz odu ki, komandamız yoxdu.
Davranışına, bəzən məntiqsiz açıqlamalarına, bizə saymazyana münasibətinə görə Foqtsun xoşlamayanların siyahısında birincilərdənəm. Ancaq gəlin gözümüzü yalanlara öyrətməyək, bu zalım balası axı, hər şeyi düz deyir. Komanda olmaq üçün bizim futbolçu potensialımız yoxdu. Bəlkə var?
Bəyənmədiyimiz Ermənistan yığmasının hücumçuları Rusiya və Ukrayna çempionatlarının bombardirləridi; gürcülər hələ də Avropaya istedadlı oyunçular ixrac edir; hətta Orta Asiya ölkələrinin də xaricdə, xüsusən də Rusiyada sanballı legionerləri var; ətrafımızdakı bütün qonşularımız futbol adına bizdən 2-3 addım öndədi; hələ Belarusu, Ukraynanı, futbolçuları üçün dil çıxardığımız Moldovanı, Baltikyanı ölkələri demirəm. Bəs bizim nəyimiz var? Yalnız başqaları üçün lazımsız olan əcnəbilərin gözünü qamaşdıran pullarımız və… Daha heç nə! Ərəb şeyxlərinin də pulu var, amma futbolda nə qazanıblar, nə uğurları var ki?
İndi deyin: bütün bu uğursuzluqlara görə Foqtsu qınamağa dəyərmi? Vaqif Sadıqovu, Ağasəlim Mircavadovu, Şahin Diniyevi, İqor Ponomaryovu, Karlos Alberto Torresi və daha kimləri görmüşük. Bu gün Foqtsa ağıl öyrədən Mircavadov daha sanballı heyətlə 0:10-u futbol tariximizə yazmayıbmı? O birilərdən də kifayət qədər misal gətirə bilərəm. Məşqçi hər şey deməkdisə, inanın, Rövnəq Abdullayevin Joze Mourinyonu da gətirməyə gücü çatar. Ancaq həmin Mourinyo, lap elə Fabio Kapello, Xosep Qvardiola, Marçello Lippi və başqaları da gəlib millimizdə Berti müəllimdən artıq iş görə bilməyəcək.
Bu potensialla indiki nəticələri yığmamızın maksimum səviyyəsidi. Klub rəhbərlərini aldadıb pul qatlamaqdan başqa heç nəyə yaramayan futbolçularımızla heç nə edə bilmərik. Bir yığmanın ki, əsas hücumçusu bir ildi qol vurmur, ölkə çempionatının bombardirlər siyahısında bir yerlinin belə adı yoxdu – nədən danışırıq? Yerli kadrların olmaması üzündən əksər klublar qapını əcnəbilərə etibar edirsə, Foqts məcbur qalıb yaydan bu yana oyuna çıxmayan Kamran Ağayevə güvənirsə – və o da millimizdə matçın ən yaxşısı olursa -, yığmanın Portuqaliya kimi qitə nəhənginə 2 top fərqiylə uduzması da uğurdu. Alman məşqçi yığmamıza ən böyük töhfəsini statistikayla verib: bizimkilər 7 oyundu ilk yarıda top buraxmır. Adını ultramüdafiə qoyursuz, antifutbol qoyursuz, nə qoyursuz, özünüz bilərsiz – bu, hazırda bizim üçün ən uyğun oyun modelidi. Bunun nəticəsidi ki, az qala 3-4 aya elə 3-4 darmadağın görən sələflərindən fərqli, Foqts işlədiyi 5 ildə hansısa biabırçılığın müəllifi deyil. Bu adam sadəcə, əlindəki materiala, real potensiala görə ən yaxşı strategiyanı seçib.
Lüksemburqla oyundan əvvəl Foqtsun maraqlı bir açıqlamasına rast gəldim. Alman çalışdırıcı futbolçuların maaşının azaldılması ilə bağlı təklifi ilə faktiki həm də onu bildirdi ki, yetirmələri həddindən artıq harınlayıb. Artıq onları futbolçu kimi cilalamaq üçün onun da gücü yetmir. Araz Abdullayevin başına gələn hadisəni qabartmaq istəmirəm, ancaq faktdı ki, Foqtsa gələcəyin komandasını yaratmaq tapşırılıb, o isə 18-19 yaşında hər şeyə sahib olan gənclərin fikrini heç cür futbola yönəldə bilmir. Azərbaycanlı gənc üçün evi, maşını olandan sonra növbə sevgililərə (İlkin Qırtımov nümunəsini xatırlayın – müəl.), əyləncəyə çatır. Karyera haqda düşünən hardadı? Ermənilər, gürcülər acından öldüyü üçün xaricə qaçır, özünə gün ağlamaq üçün dayanmadan məşq edir, bizimkilər isə evin içindəcə yağ-bal içində üzür və futbol onlar peşəkar karyeralarının əvvəlindəncə lazım olmur. Daha sonra 30-32 yaşlarına kimi sürünürlər, ancaq pulları da limit üzündən yerlilərə möhtac qalan klublardan gəlir, say düzəldib sərvət qazanırlar.
Hazırda xaricdə 2-3 legionerimiz var, milliləşənlər də Azərbaycanı görəndən bəri düz-əməlli futbol oynamır. Rail Məlikovla Arif İsayevin “Dənizlispor”da olmağına baxmayın, bu komandanın səviyyəsi bizim autsayderlərdən yüksək deyil, sözügedən cütlüksə burada heç kimə lazım olmadığından bir növ məcburən gedib. Sizi əmin edirəm, onların hansınasa ölkədən normal təklif olsa, qaça-qaça qayıdarlar, necə ki, Cavid Hüseynov bir anda Adananı “Bakı”ya dəyişdi. Elhad Nəzirinin “Petrolul”da nəyə qadir olduğunu görəcəyik, Ruslan Abışovsa az qala yarım ildi “Rubin”də debütünü gözləyir. Vəssalam, qalanı hamısı öz klublarımızda oynayan, bir də Almaniyanın nə bilim neçənci divizionunun üzvləridi. İndi bu futbolçularla Lionel Messiylə rəqabət aparan Kriştianu Ronaldonu məyus etməyimizi gözləyirsiz. Hə, nəvaxtsa hansısa böyük komandanın işləri tərs gedər, təsadüfi nəticə qazanarıq. Ancaq bu, hər tsikldə cəmi 1 dəfə olur, onu da məncə, İsraillə oyunda artıq görmüşük.
Məhz bütün bu amilləri nəzərə alaraq yığmanın uğursuzluğunda yalnız Foqtsu günahlandırmamağın tərəfdarıyam. Məğlubiyyətlərimiz total problemlərin nəticəsidi, inkişaf modeli, işə nəzarət düzgün qurulmayıb, işi bilənlər vəzifə başında deyil, mütəxəssislərimiz uzaqbaşı hakim-inspektor və ya AFFA nümayəndəsi kimi görəvləndirilir. Gürcüstanda SSRİ yığmasının sabiq oyunçuları uşaq futbolunda çalışdığı halda, bizdə heç o səviyyəyə çatmayan nisbətən seçilən veteranlarımız yalnız prezidentlik iddiasındadı.
İndi çoxu beynində “Neftçi”nin Avroliqadakı çıxışını saf-çürük edir. Unutmayın, həmin uğur bilavasitə legionerlərin əməyi idi. Azərbaycana gəlməklə karyerasında yüksələ biləcəyi bütün zirvələrə öncədən balta çalan Flavinyosuz Böyükağa Hacıyev nəyi bacarardı ki? Julius Vobay, Bruno Bertuççi və ya Erik Ramossuz “Neftçi”ni təsəvvür edin. İqor Mitreski kimi qocamanlar Hacıyev kimi 10 məşqçinin əvəzidi. Cavid İmamverdiyevi də gözə soxmayın. Bu cür səviyyəli əcnəbilərin yanında qol-qanad açan yarımmüdafiəçi də yağ-balın içinə düşən kimi piyləndi və sonunda iyləndi. Gərəyindən artıq qiymətləndirməsi onu o qədər şişirtdi ki, Zaqatalada rəqib futbolçuya tüpürdü, cəzalandı, sonra daydayı hesabına həmin gün də bağışlandı. Bax, elə yığmayla “Neftçi”nin nəticələri arasındakı fərq də bu amildə gizlənir.
Bəs, Foqtsda günah yoxdumu? Əlbəttə, var. Almanın ən böyük eybi müftəxorluğudur. Futbolçularımız kimi, layiq olmadığı qədər pul alır, ancaq düzünü deyək, verən əl açıqdısa, hansımız bundan imtina edərik. Həm də Berti müəllim kimlər üçünsə reklam vasitəsidirsə, niyə baş rolda çəkilməsinə görə də ən yüksək qonorarı almasın? Yaxşı-pis karyerası, titulları, ad-sanı var, onu xərcləməyinin təzminatını alır. Bir də başqalarının pulunu saymaqdansa, öz eyiblərimizi dəftərə yazaq, o zaman hər şey daha aydın görünər. Foqtsu günah keçisi seçib arxasında gizlənən himayədarlarını görməzdən gələcəyiksə, problemin mənbəyini tapa bilməyəcəyik. Yığmanın sıralanan məğlubiyyətlərinin bir nömrəli səbəbkarı isə harınlamış, milli ləyaqət hissini itirmiş futbolçulardı. 2-3 ilə Ronaldo, Messi səviyyəsinə qalxacağını, Avropaya gedəcəyini gözlədiyimiz, istedadını yerə-göyə sığdırmadığımız Əfran İsmayılovun durumu isə azərbaycanlı futbolçu obrazının bariz nümunəsidi. Bu futbolçu özünü ulduz sayandan bəri normal bir oyun keçirməyib, ancaq saqqal uzatmaqla, həm də ona klubunda və ümumiyyətlə, futbolumuzda sayı artan bir çoxları kimi müəyyən forma verməklə məşğuldu. İnanclarına hörmət edirik, ancaq o və onun kimilər də bu ölkənin şərəfini uca tutsunlar. Bütün günü 10 manata işləyən fəhlədən fərqli, hər ay maşın dəyişən, hər cür qayğıyla əhatə olunmuş bu futbolçuyabənzərlər anlamalıdı ki, onları hətta darısqal təyyarədə getdikləri üçün müdafiə edən, AFFA-yla üz-göz olan Foqts da sabah çıxıb gedəcək – ya milyonlarla, ya da karyerasını ləkələyərək. Ancaq onlar heç vaxt bu ölkənin qəhrəmanı ola bilməyəcəklər. Özünüz bir şey deyilsiz, heç olmasa, gənc nəslə pis nümunə olmayın. Bir də unutmayın: yığmanın uğursuzluqlarının yeganə günahkarı alman məşqçi deyil, əsl suçlular miskin bədənini qumaşla örtən futbolçulardı. Başısoyuq, əyləncə düşkünü, qazandığı 1-2 qələbəylə kifayətlənən, əsl bacarığı Bakı barlarında öləziyən, bahalı maşınlarda küləyə verilən futbolçular…
VÜSAQİ , Apasport.az