Sənaye məhsulları Bakıda daha çox istehsal olunur
Ölkəmizdə sənaye məhsulları əsasən Bakı şəhəri və Abşeron yarımadasında yerləşən müəssisələr tərəfindən istehsal olunur. Bu, özünü əsasən neft və qaz istehsalında göstərir. Ölkə sənayesinin 75%-dən çoxunu təşkil edən neft-qaz sektorunda hasil olunan məhsulların 98-99%-i Bakı şəhərinin payına düşür. Statistika Komitəsinin sonuncu hesabatında göstərilir ki, il ərzində ölkə ərazisində 50,3 milyon ton neft hasil olunub. Paytaxt ərazisində hasil olunan neft ümumi hasilatın 98,2%-ni (49,5 milyon ton) təşkil edir.
Şirvan şəhəri neft hasilatına görə ikinci sırada qərarlaşır. Burada il ərzində 500 min tona yaxın neft hasil olunur. Bakı və Şirvanla bərabər Salyan, Nefçala və Siyəzən rayonlarında da neft hasil olunur. İllik neft hasilatı Salyanda 236 min ton, Neftçalada 50 min ton, Siyəzəndə isə 45 min tona bərabər olub. Qaz hasilatının isə 99%-dən çoxu Bakının payına düşür. Ölkə ərazisindən il ərzində 16,3 milyard kubmetr qaz hasil olunub. Bunun 99,8%-i və ya 16,2 milyard kubmetri Bakının, 0,14%-i və ya 24,4 milyon kubmetri Neftçala rayonunun, 0,07%-i və ya 11,4 milyon kubmetri Salyan rayonunun, 0,06%-i və ya 10,8 milyon kubmetri isə Şirvan şəhərinin payına düşüb. Siyəzən rayonunda isə il ərzində 7,2 milyon kubmetr qaz hasil olunub. Neft məhsulları da əsasən paytaxt Bakıda istehsal olunur. Belə ki, benzin, dizel və mazut istehsal edən müəssisələr regionlarda mövcud deyil. Bundan başqa mühüm sənaye məhsullarından hesab olunan sementin 91%-i də Bakı şəhəri ərazisində istehsal olunur. Sement istehsalı Bakı şəhəri ilə bərabər Abşeron, Gəncə və Füzuli rayonlarında da mövcuddur.
Tomat Xaçmazda, şirə isə Qəbələdə istehsal olunur
Neft və qaz hasilatından fərqli olaraq regionlarda kifayət qədər yeyinti məhsulları istehsal olunur. Hətta bəzi məhsulların istehsalı regionlarda Bakı ilə müqayisədə daha çox olur. Məsələn, tomatın (konservləşdirilmiş pomidor) 98-99%-i regionlarda istehsal olunub. İl ərzində istehsal olunan 4,9 min ton tomatın 89,7%-i və ya 4,4 min tonu Xaçmaz rayonunun payına düşüb. Ümumi istehsalın 10,2%-i həddində və ya 0,5 min ton tomat isə Lənkəran rayonunda istehsal olunub. Tomatla bərabər qatılaşdırılmış şirə istehsalında da regionların payı daha çox olub. Şirə istehsalının 78,6%-i və 576,6 min dekalitri Qəbələ rayonunun payına düşüb. Qatılaşdırılmış şirə istehsalında sonrakı yerlərdə Göyçay, Lənkəran və Saatlı rayonları gəlir. Bundan başqa ölkə ərazisində istehsal olunan konservləşdirilmiş tərəvəz və meyvələrin 76,6%-i Lənkəran, 16%-i isə Xaçmaz rayonunda hazırlanıb. Digər yeyinti məhsullarının istehsalında isə paytaxt Bakının payı yenə də rayonlardan çox olub. Bitki və kərə yağlarının, makaron, şirniyyat və kolbasa məmulatlarının, təbii çay və un istehsalı isə regionlarla müqayisədə Bakı şəhərində daha çox olub.
Kimya sənayesinin şəriksiz lideri Sumqayıtdır
Sumqayıt şəhərində yerləşən müəssisələr tərəfindən istehsal olunan bəzi məhsullar digər regionlarda istehsal olunmur. Məsələn, maye soda, etilen, propilen və izopropil spirtinin istehsalı ilə yalnız Sumqayıt müəssisələri məşğul olur. Elektrik enerjisi istehsalında Bakının payı çox olsa da, bu sahədə liderlik Mingəçevirə məxsusdur. Ölkə ərazisində istehsal olunan elektrik enerjisinin 40%-dən çoxu Migəçevirin payına düşür. Mingəçevirdən sonra ən çox elektrik enerjisi Bakıda (25%) və Şirvanda (13,5%) istehsal olunur. Yuyucu və təmizləyici vasitələr də əsasən Bakı, Sumqayıt və Abşeronda hazırlanır.
ALLAHVERDİ CƏFƏROV, “zaman.az”