ARDNŞ-nin “Azərikimya” İstehsalat Birliyinin “Kimyaçı” Mədəniyyət sarayında Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni ilə həsr olunmuş bayram şənliklərinə start verilmişdir. Saray ARDNŞ-nin Sosial İnkişaf İdarəsinin dəstəyi, “Azərikimya” İstehsalat Birliyinin təşkilatçılığı ilə öz qapılarını kimyaçı övladlarının, məktəbəqədər müəssisələrdə tərbiyə alan uşaqların və kiçik yaşlı məktəblilərin üzünə açmışdır. Mədəniyyət sarayında əzəmətli yolka qurulmuş, Şaxta Baba və Qar qız balacaların şənliyinə gəlmişlər. 3 gün davam edəcək bayram şənliklərinin ilk günündə balaca tamaşaçılara əyləncəli viktorinalar və maraqlı idman oyunları təqdim olunmuşdur. Köhnə və yeni ilin rəmzi olan Pələng və Dovşan, həmçinin nağıl qəhrəmanlarının duzlu-məzəli səhnəcikləri də tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanmışdır. Bayram şənliyində ARDNŞ-nin Sosial İnkişaf İdarəsinin Səttar Bəhlulzadə adına Mədəniyyət sarayının «Ayna», «İgidlər» və «Dəniz» rəqs kollektivlərinin və digər mədəniyyət saraylarının solistlərinin ifa etdikləri xalq və bəstəkar mahnıları, milli rəqslər tamaşaçılarda xoş ovqat, yüksək əhval-ruhiyyə yaratmışdır. Ümumilikdə 4 min nəfər azyaşlının iştirakı nəzərdə tutulan bayram şənliklərində hər bir iştirakçıya ARDNŞ tərəfindən yeni il hədiyyələri təqdim olunacaq. Bayram ərəfəsində “Kimyaçı” Mədəniyyət sarayının bədii özfəaliyyət kollektivlərinin kimyaçılar qarşısında “Xoş müjdəli yeni il” adlı rəngarəng konsert proqramı ilə çıxışı da nəzərdə tutulmuşdur.