«Azərikimya» İstehsalat Birliyinin akt zalında bütün müəssisə və idarə nümayəndələrinin iştirakı ilə Neftçilər günü münasibətilə geniş tədbir keçirilib.
Tədbirdə «Azərikimya» İB-nin Müşahidə Şurasının sədri Muxtar Babayev və digər çıxış edənlər neft strategiyasının ölkəmiz üçün və beynəlxalq əhəmiyyətindən danışmış və Neftçilər gününün öz tarixi başlanğıcını məhz 1994-cü ilin 20 sentyabrından – dahi rəhbərin təşəbbüsü ilə «Əsrin müqaviləsi»nin imzalandığı tarixi gündən götürüldüyünü xüsusi olaraq vurğulanıb.
Tədbirdə ölkə iqtisadiyyatının güclənməsində, neft-kimya sənayesinin, «Azərikimya» İB kollektivinin də mühüm xidmətləri qeyd olunaraq bildirilmişdir ki, son iki il yarım ərzində Birliyin müəssisə və idarələrində aparılan yeniləşmə, müasirləşmə işlərində həm veteranların, həm də gənc kimyaçıların böyük əməyi vardır.
Təsadüfi deyil ki, bayram tədbirində Birliyin Etilen-polietilen, «Üzvi sintez», Mexaniki-təmir zavodlarının, Təmir-tikinti, Nəqliyyat və xüsusi texnika idarələrinin uzun illər neft-kimya istehsalatında fədakarlıqla çalışaraq böyük əmək nailiyyətləri qazanmış, neft-kimya sənayesinin inkişafına mühüm töhfələr vermiş veteran kimyaçıların böyük bir qrupu «Əmək veteranı» adına layiq görülmüş, Azərbaycan Dövlət Neft Şirkətinin və «Azərikimya» İB-nin fəxri fərmanları və pul mükafatları, qiymətli hədiyyələrlə təltif edilmişlər.
Etilen-polietilen zavodunun növbə rəisi Elşən Hüseynov isə «İlin ən yaxşı kimyaçısı» nominasiyası üzrə qalib elan edilmişdir.