ARDNŞ-in “Azərikimya” İstehsalat Birliyində “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramı çərçivəsində talassemiyalı xəstələr üçün növbəti qanvermə aksiyası keçirilmişdir.
“Azərikimya” İB-nin dəvəti ilə B.Eyvazov adına Respublika Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş 12 nəfərdən ibarət xüsusi tibb briqadası tərəfindənaparılan və bir həftə davam edən budəfəki qanvermə aksiyasında Birliyin Etilen-polietilen, «Üzvi sintez», Mexaniki-təmir zavodlarının, Nəqliyyat və xüsusi texnika İdarəsinin, “Azərikimya” İB-nin Təmir-tikinti İdarəsinin və Anbar təsərrüfatının, həmçinin Birliyin Baş ofisinin və «Kimyalayihə» İnstitutunun 500-ə yaxın işçisi qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün qan vermişlər.
Kimyaçılar azyaşlı həmvətənlərimizə yardım məqsədi daşıyan, minlərlə insan üçün həyati əhəmiyyət kəsb edən bu könüllü hümanitar aksiyada yüksək fəallıqla iştirak etmişdir.
Artıq 3-cü dəfədir ki, “Azərikimya” İstehsalat Birliyində keçirilən qanvermə aksiyasından əvvəl hər bir könüllü donor-kimyaçının qan sağlamlığı yerindəcə təşkil olunmuş səyyar laboratoriyada yoxlanılmış, yalnız bundan sonra qan götürülmüşdür.