20 Yanvar ərəfəsində «Azərikimya» İstehsalat Birliyinin kollektivi Vətən şəhidlərinin xatirəsinə Sumqayıtın 9, 10 və 12-ci mikrorayonlarında yaradılmış abidə-kompleksləri ziyarət etmişlər.
Kimyaçılar Vətən torpaqlarının müdafiəsi uğrunda həlak olmuş şəhidlərimizin ruhunu böyük ehtiramla yad edərək, onların xatirə abidələrinin qarşısına gül dəstələri düzmüşlər. Azərikimya» İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatıMuxtar Babayevşəhidlərin valideynləri ilə görüşmüş, onların problem və qayğıları ilə maraqlanmışdır. Şəhidlərin xatirələrinin hər zaman ehtiramla yad edilməsi, böyüməkdə olan gənc nəsil üçün şəhid komplekslərinin daimi ziyarətgaha çevrilməsi üçün yaxın vaxtlarda həmin komplekslərin daha da abadlaşdırılması, axşamlar işıqlandırılması, bulaq çəkilməsi və s. tədbirlərin görülməsi qərara alınmışdır.
Sonra kimyaçılar 10-cu mikrorayonda yerləşən, Sumqayıtın ən qabaqcıl məktəblərindən sayılan 24 saylı məktəbdə olmuş, bu təhsil ocağının Qarabağ döyüşlərində həlak olmuş məzunlarının xatirə kompleksini müəllim-şagird kollektivi ilə birgə ziyarət edərək, onların mərmər lövhələrdəki şəkilləri önünə qərənfil dəstələri qoymuşlar. Vətənin qeyrətli, mərd və mübariz oğulları olan şəhidlərin müqəddəs ruhuna dualar oxunmuşdur.
Kimyaçılar məktəbin akt zalında 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş geniş tədbirdə də iştirak etmişlər. Məktəblilərin ifasında şəhidlərimizə həsr olunmuş, mübarizə və qələbəyə səsləyən şeirlər və mahnılar səsləndirilmişdir.
Məktəbin direktoru Mehriban Nəcəfovanın, «Azərikimya» İstehsalat Birliyinin Müşahidə Şurasının sədriMuxtar Babayevin, Sumqayıt şəhər Təhsil şöbəsinin müdiri Mahal Əliyevin və başqalarının çıxışında Azərbaycan Prezidenti, ölkənin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Vətən torpaqlarının tezliklə düşməndən azad olunacağına və ölkəmizin sürətlə inkişaf edərək, daha böyük sosial-iqtisadi nailiyyətlər əldə edəcəyinə böyük əminlik ifadə olunmuşdur.
Fotolar Vüqar Abdullayevindir