Sumqayıtda ARDNŞ-in “Azərikimya” İstehsalat Birliyinin təşəbbüsü ilə “Mərhəmətli olmağa tələsin!” devizi altında keçirilən xeyriyyə aksiyası davam etməkdədir. Kimyaçıların humanist təşəbbüsünə qoşulmuş müəssisə və idarələrin, şəhər ictimaiyyətinin nümayəndələri bu dəfə öz xeyirxahlıq missiyalarının ünvanı olaraq şəhərin Kimyaçılar qəsəbəsində yerləşən “Kimyaçılar-3” İcmasını seçmişlər. Aksiyanın növbəti mərhələsi ərzində toplanmış pal-paltar, isti qış geyimləri İcmanın akt zalında müxtəlif yaş qrupları üzrə 100-dən artıq ehtiyacı olan qəsəbə sakinlərinə paylanmışdır.
“Qızıl Aypara” Cəmiyyətinin Sumqayıt şəhər təşkilatının sədri Mətanət Məhərrəmova iki aydan bəri davam edən və bir neşə mərhələni əhatə edən xeyriyyə aksiyasının mütəşəkkil və uğurla keçirilməsinə görə “Azərikimya” İB-nin kollektivinə minnətdarlıq ifadə etmiş, ilk gündən kimyacıların xeyriyyə təşəbbüsünə həvəslə qoşulmuş və bu mühüm tədbirdə fəal iştirak etmiş digər şəhər təşkilatlarına təşəkkürünü bildirmişdir.
Təqdirəlayiqdir ki, aksiyanın ilk mərhələsində “Kimyaçı” Mədəniyyət sarayında toplanmış geyim vasitələri, məktəb ləvazimatları və digər əşyalar şəhərin müxtəlif məktəblərində təhsil alan, aztəminatlı ailələrdən olan 300-dən artıq şagird və kimsəsiz uşaqlar arasında paylanmışdır.
«Kimyaçılar-3» İcmasının akt zalında keçirilən tədbirin sonunda əsas məqsədi aztəminatlı ailələrə, əlil uşaqlara, tənha və yaşlı adamlara diqqət yetirmək, onlara maddi və mənəvi dayaq durmaq, yetişməkdə olan nəslin yaradıcılıq və intellektual qabiliyyətlərinin aşkar olunmasına və inkişaf etdirilməsinə vasitəçilik etmək olan xeyriyyə aksiyasının yeni – 2012-ci ildə də davam etdirilməsi nəzərdə tutulmuşdur.