Elcan Məmmədovla tanışlığımız 2009-cu ilə təsadüf edir. O zaman iqtisadçı dostum Kənan Aslanlı ilə birgə Sumqayıt şəhərində müxtəlif görüşlər təşkil edirdik. Görüşlərdən birini Elcan Məmmədovun iştirakı ilə çəkilən «Dirçəliş» sənədli filminin təqdimatına və müzakirəsinə həsr etdik. Elə o zamandan Elcan müəllimdən müsahibə götürmək istəsəm də hər dəfə deyirdi ki, nə vaxtsa onun zamanı gələcək. Nəhayət yaxın günlərdə yenidən söz verdiyi müsahibəni yadına saldım, gülümsəyərək dedi ki, söhbətləşməyimizin əsil zamanıdır.
Elcan müəllim, ilk sualım elə zamanla bağlı olacaq. Kinoya nə zaman gəldiniz?
Əslində kinoya gəlişim hardasa 5 yaşıma təsadüf edir,yəni yaddaşımda qalan odur ki, 5 yaşım olanda bizim evə televizor, yəni televiziya gəldi və onunla da təbii ki kino gəldi. Bu hadisə 1963-cü ilə təsadüf edirdi. Çox keçmədi ki, o zaman bizim darısqal mənzilimiz “kinomənzil”ə çevrildi. Çünki o vaxt Gəncədəki yaşadığımız binada yalnız bizim evdə televizor var idi və bütün qonşu uşaqlar axşam bizə televiziyada kinoya baxmağa gələrdilər, onların sayı bəzən 15-ə çatardı. Evimizdə hətta uzun skamyaya bənzər bir oturacaq da var idi. Bir sözlə mənzilimiz ev kinoteatrına çevrilmişdi. O zaman cəmiyyət daha çox icmalaşmışdı, yəni indi dəbdə olan “kommuniti” ifadəsi reallıqda mövcud idi, sadəcə bu sovet “kommunitisi” idi. Hərdən görürdük ki, rəhmətlik anam qonşu uşaqların əlindən dad edir, gileylənirdi. Amma o həm də rəhmli idi, eqoist deyildi, çünki sadə və həm də təhsilli bir kənd ailəsində böyümüşdü. Sevimli anam Almaz xanım və Allaha yalvarırdı ki, hamının evində televizor olsun, çünki uşaqların, bəzən də onların valideynlırinin gəlişindən evdə zaman- zaman qarışıqlıq yaranırdı. Mənzilimizdən nə isə itirdi, kinolar da olduğu kimi. O balaca televizorun adı indi də yadımdadır, sovet istehsalı olan Neman televizoru. Sonra qonşularımız da televizor aldılar, deyəsən kreditlə. Təkcə televizor yox, həm də soyuducu, paltaryuyan və sairə. Yaşadığımız binanın alt mərtəbəsində bir mağaza var idi. Ora nisyə mağazası deyirdilər, yəni kreditlə satıılan mallar mağazası, ixtisaslaşmış magaza idi. Son vaxtlara kimi həmin mağazaya elə köhnə adı ilə hələ də nisyə mağazası deyirdilər. Bizim evdə isə artıq yeni televizor gəlmişdi, daha iri ekranlı “Temp” televizoru. Beləliklə, mən artlq 12 yaşımda dünya kinosunun şedevrləri “Durnalar uçur” , “Əsgər haqqında ballada” və “Əsgər atası” filmlərinə həmin televizorda baxırdım. Evdə “Durnalar uçur” filmi ətrafında olan söbətlərdən anladım ki, stalinizm dünyanın ən qəddar rejimlərindən biri olub və onu da bildim ki, insanlarda hələ də stalinizm xofu qalmaqdadı, yəni qorxu. Anam həmişə deyərdi ki, nə qədər çətinlik olsa da, təki həmin dövr qayıtmasın və bir də müharibə olmasın. Çünki atamın da, anam da uşaqlıq və gənclik illəri həmin zamana düşmüşdü. Atamın atasını xalq düşmanı elan edib həbs edilmiş və həbsxanadaca dünyasını dəyişmişdi, anamın atası isə müharibədə həlak olmuşdu. Onlar bizə hərdən deyərdilər ki, biz hamımız yəqin indi Sovetin ən yaxşı dövrünü yaşayırıq. Biz isə razılaşmırdıq, deyirdik ki, kommunizmi gözləyirik, o cənnət dövrü, o nə zaman gələcək bəs?! Çünki, bizə məktəbdə deyirdilər ki, bəzi müvəqqəti çətinliklərə baxmayaraq, hardasa 80-ci illərdə kommunizm də olacağıq. Amma biz təəssüf ki, 80-ci illərin axırında müharibə ilə üzləşdik. İnsanlarımız qaçqına çevrildi, torpaqlarımız işğala məruz qaldı. O zaman bizə belə bir hadisələrin baş verə biləcəyini desəydilər, nə bilim, o adamı dəli hesab edərdik.
O zaman insanlar kinoteatrlara daha çox maraq göstərirdi, bu doğrudurmu?
Bəli, tək televizora kinosevgimiz yetərsiz idi, təbii ki, biz böyüdükcə kinoteatrlara getməyə can atırdıq. Çünki bir çox filmlər televiziyada göstərilmirdi, xüsusən də xarici filmlər, bəzən həmin filmlərə baxmağa pulumuz olmazdı və ya o qədər növbələr olurdu ki, biz biletsiz qalırdıq. Əldən bilet almaq isə daha baha idi. Xüsusən də Tarzan kimi filmlərə. Bir də bizi 16 yaşından yuxarı filmlərə baxmağa icazə verməzdilər, elə kassanın qabağından qovardılar. Həqiqqətən bu tələbə ciddi baxırdılar. Bzim evimiz şəhərin Toxucular qəsəbəsinə yaxin idi və o zaman bütün fəhlə qəsəbələrinin özünəməxsus bir muxtariyyəti var idi. Oz mədəniyyət evi və təbii ki, onun nəzdində kinoklubu. Xüsusən də yay ayları, məktəb tətil zamanı bizim üçün kino dövrü başlanırdı, yay kinoklubuna gedərdik və bizi çox zaman filmə bəyaq deyilən səbəbdən və ya pul olmadığından baxmağa buraxmazdilar. Onda biz yay klubunun ətrafindakı hündür şam agaclarına çıxıb kinoya oradan tamaşa edərdik, əslində o ağaclara beş altı uşağın dırmanıb baxması təhlükəli idi. Ağacların budaqları qırıla bilərdi, həm də bir də görürdün ki “uçastkovi” gəldi və ya onun köməkçiləri,yəni ictimai nəzarətçi olan “drujinniklər”. Bax onlardan lap qorxardıq, nəinki milisdən, niyəsini heç indi də bilmirəm(gülür). Amma o kino sevgisi o qədər güclü idi ki, hər dəfə kötək yesək də, yenə təkrar o şam agaclarına dırmanardıq. Sizə deyim ki, o dövrün uşaqları həqiqətən çox ekstrim idilər, indikilərdən daha fərqli idilər .
Nəyə görə belə fərqli idilər?
(gülür) İndiki zamanın uşaqları virtual aləmdə çox vaxt keçirirlər. O aləmə daha çox enerji sərf edirlər, nəticədə real aləmə yorğun qalırlar.
Siz o zaman düşünürdünüzmü ki, gələcəkdə kino aparatının arxasında dayanacaqsınız, yəni film çəkəcəksiniz?
İndi mənə elə gəlir ki, düşünürdüm. Yəni, uşaqlıqda kino sevgisi olan uşaqlar yəqin elə mənim kimi düşünüblər və bu təbii hissdir. Amma xəyal etmək hələ xəyala inanmaq deyil. Nə üçün inamağım gəlmirdi? Ona görə ki, mənə elə gəliridi ki, kino təhsili ancaq böyük şəhərlərdə Moskva, Bakı kimi şəhərdə yaşayan insanlara nəsib ola bilər. Çox sonralar mən bildim ki, bizim şəhərdən bir necə il ərzində arxa- arxaya 5 nəfər gənc Moskva Kinomatoqrafiya İnstitutuna daxil olublar. Yəni o zaman həmin təhsil ocağına daxil olmaq indikindən inanılmaz dərəcədə çətin idi. VQİK indi bildiyim qədər həmin dövrün VQİK-indən çox fərqlidir. Amma kinoya marağım və məlumatlılığım daim inkişafda idi. Sanki mənim üçün baxdığım filmlər və yaşadığım real həyat bir məcrada birləşmişdi.
Bir gün rəhmətlik atam , o zaman hardasa 12 yaşım olardı, kinoya həvəsimi görüb dedi:
Bax bu dəmir 1 manatlıq, yəni 1 rublu (sovet rublu) bu gün sənə verəcəm, ancaq bir sualım olacaq, bu pula neçə dondurma almaq olar?
Dedim hardasa beş. Dedi lap yaxşı, bəs neçə filmə baxmaq olar?
Dedim şəhərin mərkəzindəki kinoteatrlarda yəqin ki iki filmə.
İndi de görum, sən nəyi seçirsən, beş ədəd dondurmanı, yoxsa kinonu?
Kinonu seçdim.
Atam çox sevindi və dedi – sən uddun, doğrusunu seçdin.
Axşam evə gələndə baxdığım filmlər haqda məni sorğu sual etdi, amma xüsusi olaraq heç nə demədi.
Sonra böyüdükcə yeni filmlərə baxdiqca, xüsusən də onun özünün baxdıqları haqda danışdıqca, aramızda maraqlı polemikalar baş veriridi. Bu mənim üçün çox önəmli idi.
Bir gün özü mənə dedi ki, bəs Nizami kinoteatrında “Polis komissarının Respublika prokuroruna etirafı” (rejissor Damiano Damianinin filmi) italyan filminə baxdım, get sən də bax. Getdim baxdım və həmin seansda zalda cəmi 7 nəfər var idi, qonşu zalda isə hind filmi göstərirdilər, camaat qırğın edirdi biletə görə, belə paradokslar o zaman da var idi.
Onu da deyim ki, mafiya haqqında çoxlu italyan filmləri bizim ekranlarda yer alırdı. Düzdü dünya ekranına çıxdıqdan təxminən hardasa 5-7 il sonra SSRİ o filmləri alardı. Atam film haqqında məndən soruşanda dedim ki, o mafiyadan elə bizdə də var, o haqsızlıqdan elə bizdə də var, sadəcə İtaliyadakı kimi qəddarlıq yoxdur. Yəni demək istədim ki, o İtaliyadan bizdə də artıq var idi. Güldü və dedi ki, haqlısan, çünki o zaman artiq sovet quruluşu öz sosial müdafiə gücünü itirməkdə idi. Demek olar ki, adda qalmışdı quruluş. O çürümüşdü, sozdə bir, əməl də isə başqa idi.
Təxminən 5 il sonra həmin o İtalyan filmində baş verən bir epizodun oxşarını öz real gerçəkliyimizdə gördüm. Mən artıq tələbə idim və SSRİ təhsil sistemində yay tətillərində tələbələr mütləq məcburi inşaat dəstələri adlanan bir kampaniyada iştirak etməli idilər. Mən bir tikintidə fəhlə işləyirdim, suvaqçı köməkçisi idim. Gəc qarışdırırdım, briqadamızda 7 nəfər var idi. Məndən başqa hamısı daimi tikinti idarəsinin işçiləri idi. Hardasa son ayın maaşı çox gecikirdi, briqada qərara aldı ki, işi dayandsın. Bir sözlə fəhlə tətili baş verdi, bir gün işləmədik, sabahısı tikinti idarəsinin rəisi və müavinləri qəzəb dolu üstümüzə gəldilər. Bizi yığdılar bir yerə, amma söhbəti briqadirimiz Məliklə aparırdılar, bu söhbət çox qısa oldu. Sonda idarənin rəisi adı səhv etmirəmsə Qəşəm müəllim idi. Çox zəhmli birisi idi, bu sözləri dedi: “Məlik bu gündən, bu andan işə başlayırsınız, yoxsa bu ayağımın altındaki gördüyün çuxura səni diri-diri basdırıb üstündən də betonladaram”.
Biz bu sözlərdən sonra şokdaydıq. Məlikin dodaqları əsirdi. Həmin o İtalyan filmində mafiya bir həqiqət axtaranı bax beləcə öldürüb, sonra tikdirdiyi binanın beton arakəsməsinin içinə atması səhnəsi gözümün qabağına gəldi. Yəni, onlara maneə yaradan bir adamı tikdirdikləri binada bax beləcə izini itirdilər. Və mən bu hadisədən sonra anladım ki, kino əslində həyatı daban dabana izləyir və ya əksinə. Bu mənim özüm üçün birinci kəşfim idi. Sonralar 80-ci illərin sonunda həmin italyan filminə, elə həmin Nizami kinoteatrında təkrar bir də baxdım. Bu dəfə zal tamaşaçı ilə dolu idi və mən anladım ki, bəzən ədəbiyyatın, filmlərin toplum tərəfindən qəbul edilməsi zaman məsələsidi, bu mənim kino və həyatla bağlı ikinci kəşfim idi. Yəni zaman və tələb bir-birinə əks olan gerçəklikdi.
Gəlin bir az da bu günün gerçəkliyindən və kinoya munasibətdən danışaq
Təbii danışaq, amma indiyə qədər söylədiklərimə bir xatirəni də əlavə etmək istərdim, bu mənim üçün çox vacibdir,mənəvi borc məsələsidir.
Artiq 21 yaşımda idim və Gəncə Pedaqoji Universitetinin tarix fakultəsini bitirmək üzrə idim.
Mənim bir qəribə İlqar Əhmədov adlı dostum var idi, o rus məktəbində oxumuşdu, rusdilli idi. Özü də Moskvada Tarix-arxiv institutunda yarımçıq təhsil almışdı. Həmin təhsildən bezib oranı atmışdı, daha doğrusu qovmuşdular. O incəsənətlə bağlı adam idi və gələcəkdə Moskvada Kinomatoqrafiya institutuna qəbul olmaq arzusu ilə yaşayırdı və onun bu arzusu əbəs deyildi. Həmin institutda təhsil alan bir xnım dostu onu ümidləndirirdi. Həmin xanım da Gəncədən idi. İlqar tez-tez aldığı az maaşından onun təhsilinə dəstək olurdu. İlqar hələlik incəsənətdən ayrı düşməsin deyə Gəncə Dövlət Dram teatrında aktyor kimi fəaliyyət göstərirdi. Epizodik rolların aktyoru idi. Ona verilən rollarda cəmi iki cumlə deyərdi. Çünki azərbaycanca səlis təlıffüz edə bilmirdi. Adətən milis ya da prokuror rolunu oynayardı. Dediyi də bu idi: “Onu tutun” ya da “Qollarını burun”
Bir gün İlqar məndən soruşdu ki, nə tapmısan bu tarix elmində ,sənin o oxuduğun SSRİ tarixi boş bir şeydi. Saxta tarixdi, elə qurduğu quruluş da saxtadır, çürüyüb gedəcək. Mən də ona dedim ki, ele bilirsən SSRİ tarixi oxuyuram, mən Qumilyovu indiyə qədər bəlkə də beş dəfə oxumuşam. Qumilyovun o zaman rusca nəşr edilən Qədim türklər kitabı qadağan edilmişdi, həmin kitabdan bəlkə də şəhərimizdə tək-tük adam da var idi. İlqar yenə dedi ki, nə olsun ki, oxumusan. O sənə heç nə verməyəcək, yaxşısı budur ki, mənim kimi Soljenitsinin qadağan olunmuş Arxipelaq Qulaqını oxu, nə varsa ədəbiyyatda, kino da var. Biz özümüzü orada tapa bilərik. Dedim axı mənim kinoya bağlılığım yalnız bir tamaçaçı kimidi. O dedi ki, boş söhbətlərdi, özümüzü sınamalıyıq. Gəl bir yerdə kino üçün ssenari yazaq. Amma öncə mənə öz yazdığı ssenarini göstərdi. Qısa film üçün ssenari idi, mən indi də o ssenarini göz bəbəyim kimi qoruyuram. Ssenarinin adı “ Səmada rəsm” idi. Ssenarini oxuyandan sonra dedim ki İlqar səni bu ssenariyə görə tutarlar, sən Sovet quruluşunu çox sərt ironizə etmisən və bunu heç kimə göstərmə. Dedi boş şeydi, setiraltı üslubdadı. Heç nə sübut edə bilməzlər. İlqar Moskva mühitində bişmişdi, əyalət insanından fərqlənirdi. Daha azad idi, amma sonda söylədi ki, götür bu ssenarinin bir nüsxəsini sənə verirəm, möhkəm saxla. O deyidi ki, uzağı iki ilə yenidən Moskvaya, bu dəfə VQİK-ə oxumağa gedəcək. Orada Gəncədən Moskva Kinomatoqrafiya İnstitunda (VQİK-də) Talankin adlı o zaman məşhur bir rejissorun ustad kursunda oxuyan həmin o xanım dostu ilə bu ssenarinin əsasında film çəkəcəklər. O həm də VQİK-də oxumaq arzusunda idi. Bildiyim qədər İlqar həmin xanıma zaman -zaman maddi köməklik də edirdi. Amma İlqarın bəxti gətirmədi. Heç nə alınmadı, o xanım onu məyus etdi,sonra o dənizdə matros işləyəsi oldu, okeanları dolaşdı, yeni ölkələri gördü, kino arzusu sanki dunyanı görmək imkanı ilə əvəzləndi. 90-cı illərin əvvəllərində Amerikaya muhacirət etdi. Mən indiyə qədər onun ssenarisini qoruyub saxlamışam, nə vaxtsa film çəkmək və Ilqarın adını böyük hərflərlə yazmaq arzusu ilə. Onun mənim kinoya olan məhəbbətimdə xüsusi yeri var. Onun ən sevimli aktyoru böyük fransız Jan Qoben idi, otağı onun şəkilləri ilə bəzənmişdi.
Bele çıxır ki, sizin dostunuz İlqar bir az dissident idi?
Əlbəttə ki, yox (gülür). sadəcə o zamanı qabaqlayan bir adam idi, əslində gələcəyin adami idi. Hardasa indinin bir qrup gənclərinə daha çox bənzəyirdi. Hərdən düşünürəm ki, bizim nəslin bir qismi yəqin indiki zamanda doğulmalı idi. Yəni insanların zamanlarda hərdən yerləri dəyşik düşür. İlqarın taleyi mənim üçün maraqlı bir hekayədi. Yəqin ki, bu haqda nə zamansa ayrıca yazacam.
Onu bir zaman sosial şəbəkələrdə axtardım, amma tapa bilmədim. Bu yaxınlarda eşitdim ki, İlqar artıq dünyasını dəyişib və onu Amerikadan gətirib Azərbaycanda, Bakıda qardaşının yanında dəfn ediblər. Amma harada dəfn olunduğunu hələ də dəqiqləşdirə bilməmişəm. Allah ona rəhmət eləsin. Vətənindən nə qədər gileyli olsa da, sonda vətənə qardaşının yanına qayıtmaq istədi.
Bəs İlqar Əhmədovun sizə söylədiyi və ona ümid verən o xanımın kino karyerası necə oldu?
O xanımın adını çəkməyəcəm, o da çox istedadlı insan idi. Yüksək savadlı insanların təmsil olunduğu bir ailədə böyümüşdü. O xanımı tanıyanların deməyinə görə kino bilgiləri də yüksək səviyyədə olub, amma kino və həyat taleyi alınmadı. Sənətdən uzaqlaşdı, belə deyək mübarizəni dayandırdı, tamam qapalı bir həyat sürür.
Lap film kimi bir hekayədir
Bəli, o xanım haqqında film çəkmək istərdim və artıq müəyyən hazırlıq da aparırıq, amma onun razılıq verəcəyinə inamımız azdı, baxaq görək zaman nə deyəcək.
Bildiyim qədər siz kinoya, daha doğrusu kino çəkilişinə çox gec gəlmisiniz?
Bəli, İlqarla aramızda olan söhbətdən tam 25 il sonra, 46 yaşımda gəldim. Artıq sadəcə tamaşaçı dövrü bitdi. Bu mənim İnternyus İctimai Birliyində işlədyim dövrə təsadüf edir. Öncə mən təşkilatın mətbuatla bağlı layihələrində çalışırdım. Sonra ssenari müəllifi kimi özümü sınamaq şansı yarandı. Bəlkə də bu bir bəxt məsələsi idi və bu zaman mənə İnternyusda çalışan kinoşunas, rejissor Ayaz Salayevlə birgə işləmək nəsib oldu. Hardasa onunla 5 il bir yerdə sənədli filmlərə, sosial çarxlara imza atdiq. Sonra Ayaz müəllim getdi bədii filmlərini çəkməyə. Bizim onunla zaman-zaman yaradicilıqla bağlı mübahisələrimiz olsa da, biz dost kimi qaldiq. Bir az keçmiş mən də təşkilatdan ayrıldım və indiyə qədər müstəqil fəaliyyət göstərirəm.
İndi hazır olun, Sizə çətin suallarım olacaq.
Olsun, onsuz da çətinlik hər zaman var(gülür).
Bizim tanışlığımız hardasa 2009-cu ilə təsadüf edir və bir il sonra mən Sizə bir mövzu ilə bağlı müraciət etdim. Siz dərhal dediniz ki. bu söylədikləriniz hazır bir filmdir və biz təcili çəkilişə yollandıq. O zaman çəkiliş günündə mənə hərdən əsəbiləşirdiniz. O zamandan artıq 5 il keçib və indi sizdən soruşuram: O zaman mən nəyi səhv edirdim?
Əsabiləşmişəmsə sizin xeyrinizə əsəbiləşmişəm. Zəhmətinizi də halal edin. Səbəb odur ki, çəkiliş zamanı komanda üzvlərindən birinin darıxmağı və ya tələskənliyi hadisəni, mövzunu kino məcrasından çıxara bilər, bunu etmək olmaz. Bu təhlükəlidir. Xüsusən də real kino janrında çəkilən filmlərdə.
Nədir real kino janrı?
Çəkiliş qrupunun baş verəcək hadisələri, qəhrəman və ya qəhrəmanların müəyyən zaman axarında həyatlarını olduğu kimi görə bilməsi, onların fikirlərində, hərəkətlərində olduqları kimi qalmalarına imkan yaradılması. Qısaca bu qədər. Biz onları idarə etməməli, istəklərimizə uyğun başqalaşdırmamalıyıq.
Yəni Bataqlıq, Dəniz ve Elmanın arzuları filmindəki çəkilişlər də olduğu kimi?
Bəli Sizin də iştirak etdiyiniz həmin filmdəki kimi.
Sizin uçun sevdiyiniz xüsusi bağlandigınız filmləriniz varmı?
İndiyə kimi çəkdiyimiz 23 filmin hər biri. Çünki hərəsi bir mərhələdi,bütövlükdə hamısı bir ailədi,uğurlusu da,uğursuzu da
Nədən bizdə sənədli filmlər az çəkilir?
Bu zamanla bağlıdır. Birinci səbəb odur ki, sənədli film biznes məzmunundan uzaqdır. Amma bu həm də nisbi yanaşmadı. Sadəcə onu populyarlaşdırmaq lazımdır. Hələlik əksər tanıdığım rejissorlar, xüsusən də gənclər daha çox üstünlüyü reklam sahəsinə verirlər. Pul qazanmaq və gələcəkdə qısa bədii filmlər çəkmək üçün maliyyə toplamaq arzusu ilə yaşayırlar. Mən onların bu mövqeyini anlayışla qarşılayıram. Ümumiyyətlə düşünürəm ki, biznes sektorunda olanların bu sahəyə marağı yaranmalıdır. Əks təqdirdə vəziyyət olduğu kimi qalacaq.
Siz inanırsınızmı ki, bu baş verə bilər?
İnanmağım gəlir, amma hələlik o hadisəni sənədli filmə münasibətdə, ümumən kinoya münasibətdə görmürəm. Amma belə deyək, korporativ səviyyədə bu baş verir. Məsələn bu yaxınlarda bir nəfər mənə müraciət etdi ki, ona yaxşı bir montajçı məsləhət edim. Dedim nə məsələdir? Dedi ki, vaxtilə icra başçısı işləmiş bir şəxsin sahibkar övladları ataları haqqında film sifariş ediblər və mənə yaxşı montajçı lazimdır, qrafikanı yaxşı bilsin.
Dedim ki, sənədli filmə nə qrafika (gülür). Dedi ki effekt vermək üçün. Dedim axı qəhrəman təbii olmalıdır, özü, göründüyü kimi olmalıdır. Sonra dedi ki, iki kamera ilə işləyəcək, nə bilim çəkiliş kranı, arabası və başqa texnikalar da cəlb edecək. Dedim nədi fironun həyatından film çəkirsən?
Xətrinə dəydim deyəsən, axırda mənə dedi ki, Sizin çəkdikləriniz var ha, o çoxdan köhnəlib, biz isə müasir üslubda çəkirik. Dedim çox sağ ol millət!
Hal hazırda yeni film uzərində işləyirsiniz?
Bəli, Təmiz Dünya İctimai Birliyinin sədri Mehriban xanım Zeynalova ilə birgə erkən nigahlarla bağlı problemlər haqqında film üzərində çalışırıq. Bəzi çəkilişlərimizi artıq etmişik. Gərgin mövzudur, amma həm də aktualdır. Ümid edirəm ki, maraqlı bir hekayə alınacaq.
Siz öz yaradıcılığınızda bilidiyim qədər Qarabağ mövzusuna da az yer verməmisiniz.
Bəli, bu mövzu ətrafında biz 7 film çəkmişik. Sonuncu filmimiz “258 nömrıli PDM-in ekipajı” oldu. O filmi çəkməyə dəyərdi. Mən toplumun ruhunun güclü olduğunu bir daha müşahidə etdim.
Sizə deyim ki, doğrudan da Qarabağ bizim ağrılı yerimizdir. Bizim topluma çox ağrılar yaşatdı. Onu təhlükəli risklərə sürüklədi, deyərdim ki, toplumu zədələdi, bu oyunları quranlara dərin nifrətim var.
Siz filmllərə çoxmu baxırsız ?
Yox, fasilələrlə. Birdən elə olur ki, dalbadal beş-altı filmə baxıram. Sonra bir müddət fasilə götürürəm, bəzən daim filmə baxmaq yaradıcılığa mənfi təsir göstərir, o filmlər sənin zehninə hakim olur və sən yaradıcı azadlığını itirrisən. Amma bir film var ki, ona baxmaqdan doymuram. Bu Miloş Formanın “Ququ quşu yuvası üzərindən uçarkən” filmidir. Bu film şəxsiyyətin azadlıq probleminə münasibəti barədə hekayədir,möhtəşəm bir hekayədir.
Həyatınızda ən yadda qalan, heç vaxt silinməyən bir hadisə varmı?
Bəli var. Bir dəfə bir tamaşanın premyerasında idim. Tamaşa bitəndən sonra yaradıcı heyət və müəllif tamaşaçıların qarşısına çıxdılar və müəllif ona hədiyyə edilən gül dəstələrini, ön sırada əyləşmiş və artıq yaşa dolmuş anasının əyaqları altına atdı. Yəni demək istədi ki, nəyə nail olmuşamsa sənə görə nail olmuşam ana! Sənə borcluyam, sözlə ifadə edilməyən bir ehtiram, mən o epizodu ömrü boyu unutmaram.
Bəlkə də nə vaxtsa hansısa bir filmimizin təqdimatında mənə də kiçik bir gül dəstəsi veriləck. O zaman həmin gül dəstəsini götürüb gedəcəm Gəncəyə və anamın məzarı üstünə qoyub doyunca ağlayacam…
P.s Elcan Məmmədovla birgə çəkdiyimiz filmin treylerini təqdim edirik
Söhbətləşdi: Eyvaz Qocayev