Məşğul qadınların sayı məşğul kişilərə nisbətən kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, informasiya və rabitə sahəsində, təhsildə, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, istirahət, əyləncə və incəsənət sahəsində və digər sahələrdə daha çoxdur.
Azvision.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova “Azərbaycanda özəl sektorda qadınlar: imkanlar və çətinliklər” mövzusunda keçirilən tədbirdə deyib. O bildirib ki, qadın üçün ənənəvi olmayan və kişi peşəsi sayılan bir çox sahələrdə gənc qızlar işləyir:
“2005-ci ildə 4328 qadın maliyyə və sığorta fəaliyyəti ilə məşğul olurdusa, 2015-ci ildə onların sayı 9899 çatıb. Və ya 2005-ci ildə peşə, elmi və texniki fəaliyyət ilə 14 811 qadın məşğul olurdusa, 2015-ci ildə onların sayı 25 386-ı ötüb. Tikinti sahəsində fəaliyyət göstərən qadınların sayı 2005-ci ildə beş mindən çox , 2015-ci ildə isə yeddi mindən çox olub. Statistik məlumatlara görə, dünyada yeni biznes-strukturların 25 faizdən çoxunu qadınlar yaradıb. Azərbaycanda da qadınların iqtisadi təşəbbüskarlığının artması, onların kiçik və orta sahibkarlıqda geniş təmsilçiliyi sosial-iqtisadi inkişafın, o cümlədən, məşğulluğun təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Məsələn, 2017-ci ildə sahibkar qadınların sayı 143 090 nəfər idisə, 2018-ci ilin birinci rübündə sahibkar qadınların sayı 172 616-a qədər yüksəlib. Və ilin sonudur, inanırıq ki, bu say bir qədər də artıb. Bu göstəricilər qadın sahibkarlığının inkişafından xəbər verir. 2017- ci ildə Azərbaycan Ümumdünya İqtisadi Forumun metodikası əsasında gender bərabərsizliyi indeksi üzrə 96-cı yerdə qərarlaşıb. İqtisadi həyatımızda qadınların iştirakı kişilərə yaxınlaşır, bu alt indeksə görə dünyada 45-ci yerdəyik”.
H.Hüseynova bildirib ki, ölkədə qadınların özəl sektorda bərabər iştirakını dəstəkləyən bir sıra əsas amillər mövcuddur. Milli qanunvericilik qadın və kişilərin iqtisadi resurslara bərabər çıxışını təmin etmək üçün güclü hüquqi bazaya malikdir: “Biz qadınları özünə inamlı, heç kimdən asılı olmayan güclü şəxsiyyət kimi görmək istəyirik. Bilirsiniz ki, hazırda “Qadın və qızlara qarşı zorakılığın aradan qaldırılması” üçün 16 günlük kampaniya keçirilir. Qeyd etmək lazımdır ki, az təhsilli və iqtisadi asılılığı olan qadınlar daha çox zorakılığa məruz qalır. Belə qadınlar fiziki, psixoloji problemlərlə yanaşı, həm də iqtisadi problemlərlə üzləşirlər. Bu baxımdan, qadın sahibkarlığın inkişafı yoxsulluğun azaldılmasına, qadınların iqtisadi və sosial nüfuzunun artmasına və bir çox hallarda, cəmiyyətdə gender bərabərsizliyinin aradan qaldırılmasına yardım edir. Və əlbəttə, aktual məsələlərdən biri də, bölgələrdə yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakçılığının artırılmasıdır. Xüsusilə, nisbətən daha aztəminatlı, əlil, qaçqın və məcburi köçkün qadınların sahikarlıqla məşğul olmasında belə layihələr mühüm əhəmiyyətə malikdir”.
Komitə sədri qeyd edib ki, BMT-nin İnkişaf Proqramı ilə birgə reallaşan “Kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqatı” texniki yardım layihəsi çərçivəsində 6 rayonda onlarla qadın biznes fəaliyyətinə başlayıb. “Bu isə qadın sahibkarlığının inkişafı ilə yanaşı, əlavə iş yerlərinin yaranması deməkdir. Bu layihənin davamlı olması və daha çox qadınların cəlb edilməsi üçün Heydər Əliyev Mərkəzlərində Qadın Resurs Mərkəzləri yaradılıb. Ailə Biznesinə Dəstək Mərkəzlərinin (ABAD) yaradılması yeni iş yerlərinin açılmasını asanlaşdırmaqla yanaşı, kənd qadınları arasında kiçik və orta sahibkarlığı artırır. 2018-ci ildə qadın sahibkarların sayı artaraq 30% -ə çatıb. Son 15 ildə 4067 qadın sahibkara 72,5 milyon manat verilib, o cümlədən, qadın sahibkarlara verilmiş güzəştli kreditlər hesabına 6234 yeni iş yeri açılıb”.