Maraqlıdır ki, ali canlı olan insan “əkscins” uğrunda mübarizədə ibtidai canlını geridə qoyub
El arasında belə bir məsəl var, “Qısqanırsa, demək sevir”. Görəsən bu, həqiqətən belədirmi? Problemi çözməyə çalışaq.
Qalibin “pay”ı
Aydındır ki, heyvanlara “dişinin qayğısına necə qalmaq, ona necə qulluq etmək münasibdir?”, yaxud “nəsili davam etdirmək üçün layiqli dişini necə seçmək lazımdır?” mövzularında mühazirələr oxunmur. Sadəcə instinktiv olaraq nəsilartırma dövrü ərəfəsində erkəklər ciddi-cəhdlə özlərinə layiqli partnyor seçməyə girişir və özlərindən sonra layiqli, dözümlü varislər qoymağa çalışırlar. Bununla yanaşı, onlar öz xarici görkəmləri, qoxu və səsləri ilə nəinki potensial əkscinslərini cəlb edirlər, həm də münasibətlərin aydınlaşdırılması üçün – bu təkbətək ritual döyüşlər dişilərin hansı erkəklə gəldi əlaqəyə girməmələri üçün, nəticədə ən güclü, cəld və aqressiv erkəkləri seçmələri üçün çox vacibdir – digər erkəkləri qıcıqlandırırlar. Axı məhz ən güclü və mübariz erkək gələcək nəsillərə – varislərə daha sağlam, zəruri və dayanıqlı genləri verə biləcək; uğursuzluğa düçar olan nisbətən zəif erkək isə bundan kənar qalır, cəngəllik qanunlarına görə, nə qədər qəribə görünsə də, ona nəsil artırmağa imkan verilmir! Təbii seçmənin “prinsip”ləri sərt və qəddardır, lakin ədalətlidir. Dişi uğrunda turnirlər hətta ən nəhəng buynuzlu və iti dişli heyvanlarda belə çox sərt şəkildə keçir, əslində onların məqsədi rəqibini öldürmək, yaxud şikəst etmək yox, sadəcə onlar üzərində öz üstünlüyünü nümayiş etdirməkdir.
Əlbəttə ki, insanoğlu burada da onları qabaqlayıb. O, bəzən bu missiyasını yerinə yetirmək üçün həm silahdan, həm də yalançılıq və hiylədən istifadə edib. Yaxşı ki, artıq müasir dövrdə güclü cinsin nümayəndələri çox vaxt həmcinsləri ilə münasibətlərini yumruq, yaxud qılınc vasitəsilə ayırd etmir. Daha çox bu mübarizənin ağıl, intellekt, yaxud da “pul kisəsinin” köməyiylə aparıldığını müşahidə etmək olar.
Qadın üçün ən uğurlu sayılabiləcək kişini nəinki təkcə döyüşdə və dava-dalaşda, həm də xarici görünüşünə görə tanımaq olar – o cüssəli, ideal bədən ölçülü, gur, eyni zamanda sakitləşdirici səsli, bir sözlə, bu cinsə uyğun xüsusiyyətlərin yüksəksəviyyəli daşıyıcısı olur. Və bu kişiyə digər xanımların da maraq göstərməsi bir daha seçimin doğruluğunun (bəlkə də bir tərəfdən yanlışlığını, bu barədə bir qədər sonra) təsdiqidir. Odur ki, xanımların qabaritli bir hərbçi, yaxud da populyar müğənni kişi qazanmağı arzulaması onun kaprizi deyil, instinktinin tələbidir.
Təbiət insanlara daha bir üstünlük verib, nəinki kişilər bütün il boyu nəsil artırmağı bacarır və istəyir, həmçinin zərif cinsin nümayəndələri də onlara istənilən vaxt cavab verməyə, həmdəm olmağa hazırdır. Heyvanlarda isə bu proses dövri xarakter daşıyır.
Ömürlük mülkiyyət- özününküləşdirmə
Tutaq ki, arzuedilən nəticə əldə olundu, sevgi münasibətləri evlilik həddinədək davam etdirildi, nikah bağlandı, vağzalı çalındı…İndi rahat nəfəs almaq olar, dəhşətli qısqanclıq hisslərindən sakitləşməyin zamanıdır. Bu proses heyvanlar aləmində də demək olar ki, bu cür baş verir. Məsələn, toyuqlar cücələrinə yem arayıb gətirmirlər, bu yemi tək axtarmaq qabiliyyətini onlara öyrədirlər, üstəlik cücələr də hər şey yeyən olurlar ki, bu da valideynlərinin işini xeyli asanlaşdırır. Və belə bir nəticə çıxır ki, xoruz daha onlara lazım deyil və toyuq daha xoruzun “azadlığına” əhəmiyyət vermir. Nəslin yemlənməsində hər iki valideyn qüvvələrinin səfərbərliyi lazım gəldikdə isə partnyora qarşı münasibətlər ən yüksək səviyyədə, sanki, yenidən təzələnir, yada düşür. Və istənilən “solaxay addım” böyük qəzəb və sərtliklə qarşılanır.
Kişilər birtərəfli, birmənalı olaraq sevdiyi qadınlarının cismanı əldə olunmasına çalışırlar. Və qadının fiziki xəyanət imkanı haqda fikrin özü belə kişini qıcıqlandırır, bir qisim hallarda isə dözülməz olur.
Bəzi mütəxəssislər bunu belə izah edir ki, kişilər instinktiv olaraq qorxurlar ki, övladının genetik atası o yox (heyvanlar aləmində bəzi heyvanların erkəkləri ailədə onlardan olmayan balaları öldürürlər), başqası ola bilər. Qadınlar isə əksinə, kişilərə nisbətən sevdiklərinin bu cür səhvlərini bağışlaya bilirlər. Lakin onlar kişinin başqasına olan mənəvi-emosional bağlılığından daha çox qorxurlar. Yəni güman ki, qadınlar kişiyə gecəni bir neçə dəfə başqa yerdə keçirməyi bağışlayar, nəinki iş yoldaşıyla sıx dostluq münasibətini, yaxud keçmiş qrup yoldaşına olan platonik bağlılığını.
“Özününküləşdirmə instinkti”nin “qadın yarımnövü” elə nikah instinktidir. Yəni millətindən, təhsilindən və xarakterindən asılı olmayaraq zərif cinsin istənilən nümayəndəsi bəyəndiyi, seçilən kişini nəinki bütövlükdə əldə etməyə çalışır, həmçinin mütləq öz “qələbə”sini nikah sənədindəki möhürlə möhkəmləndirmək istəyir. Maraqlıdır ki, tez-tez sözügedən nikah instinkti ən güclü kişini seçmə prinsipi ilə təzad təşkil edir. Bu, o deməkdir ki, qadınlar həm də əksər həmcinslərinin diqqətini cəlb etmiş “qəhrəman”larla deyil, sıravi, öz həmcinslərindən müsbət tərəfdən fərqlənməyən kişilərlə də həvəslə nikaha girirlər. Bunun da səbəbləri aydındır. Maraqlı və qəribədir ki, bəzən qısqanc qadınlar xarici cəhətdən cəlbedici, yaraşıqlı ərlərinin görkəmcə eybəcərləşməsinə, tutaq ki, həddindən artıq arıqlaması, yaxud kökəlməsinə, saçlarının ağarmasına, yaxud tamamilə tökülməsinə, yüksək məvacib müqabilində belə qadınların üstünlük təşkil etdiyi kollektivdə çalışmamasına çox rahatlıqla razı olurlar. Səbəb yenə də özününküləşdirmə instinktidir.
Qısqanclıq xəstəlik deyil, elə xoşbəxtlik də sayılmır
Qısqanclıq hissi çoxşaxəli, roman və şeirlərdə “çeynənmiş” mövzudur. O, praktiki olaraq hər kəsə məxsusdur. İnsanların yalnız 5 %-i etiraf edir ki, bu hissi heç vaxt yaşamayıblar. Amma bu hiss onların 15-20 %-ində elə bir forma alır ki, belələrinin fikir və davranışları, az qala, ruhi cəhətdən xəstə insanı xatırladır. Qadınlar kişilərə nisbətən daha tez-tez və güclü qısqanırlar, amma maraqlıdır ki, onlar bu hisslərini kişilərə baxmış daha yaxşı gizlədə bilirlər. Ən qısqanc qadınlar nişanlı qızlar, gənc gəlinlər, xüsusən də aşiqini onun qanuni arvadına qısqanan məşuqələrin 90%-i olur. Lakin çox zaman yaşı 40-ı ötmüş anaları isə bu problem elə də narahat etmir. Onlar çox vaxt ərlərini sadəcə övladlarının atası, bir az da qabağa gedərək söyləyək ki, potensial övladlarının atası sayırlar və onların “kənardakı” səhvlərini bağışlaya bilirlər.
Kişilərdə yaranan qısqanclıq hissi isə çox kobud və asan sezilən olur. Və hətta psixoloji cəhətdən ən taraz kişilər belə özünü çox qeyri-adekvat apara bilər. Tez-tez kuliminasiya nöqtəsi kimi kişi, yaxud qadınların özlərinin səhvləri (nəinki real, həm də təxəyyüldəki), yaxud “keçmiş” barədə söhbətləri də rol oynayır. Bu, ən möhkən nikahı belə məhv edə biləcək qüvvədir. Ölkə mütəxəssislərinin məlumatlarına görə, məsələylə bağlı formal səbəblər tapılsa da, əslində boşanmaların 15-20%-i məhz qısqanclıq səbəbindən və bundan doğan fəsadlardan baş verir.
Psixoloqlar necə düşünür?
Gənc və yeniyetmələr üçün “Etimad” telefonunun rəhbəri, psixoloq Samirə Əhmədli hesab edir ki, “qısqanırsa, demək sevir” məsəli heç də düzgün sayılmamalıdır və bu, özünü praktikada çox zaman layiqincə doğrultmur. “Fikrimcə, qısqanclıq böyük ehtimalla artıq söz-söhbət, dava-dalaş, bir sözlə neqativ bir hissdir. Qarşısındakını təmiz qəlblə, inam və etibarla sevən insan qısqanmamalıdır. Qısqanan tərəf zəifliyini, çarəsizliyini göstərir. O, daim qorxur ki, məni atarlar, dəyişərlər, məndən imtina edərlər, mən tək qala bilərəm, məndən yaxşısı, layiqlisi peyda ola bilər… Mən güclü qısqanclıq hissini insan kompleksləri sırasına da daxil edərdim. Yəni problem qısqanan tərəfin özündədir. Qısqanan şəxs bu hissiylə seçimini, üstəlik öz hiss və duyğularını, demək elə müəyyən mənada özünü şübhə altına almış olur.”, – deyə Samirə Əhmədli bildirir. Psixoloqun fikrincə, qadın daha çox hissləri, kişi isə ağılı ilə yaşayır və seçim edir. Kişilərdə məntiqi düşüncə daha yüksək səviyyədə olur. S.Əhmədli: “Qadınlarda isə 6-cı hiss nisbətən güclü inkişaf edir. Məncə, qadınlar hisslərini, o cümlədən qısqanclıqlarını elə də gizlədə bilmirlər. Gizlədə bilənləri isə ağıllı qadın hesab edirəm. Çünki bununla onlar kişilərə öz acizliyini, çarəsizliyini nümayiş etdirmir, hər zaman onların gözündə əlçatmaz, yüksəkdə dayanırlar. Bu zaman kişilərin onlara olan maraqlarının itməsi, onları “dəyişmək” halları da nisbətən azalır.” Samirə Əhmədli hazırkı bir qisim gənc və yeniyetmələrin sevgi münasibətlərindən də tam razı deyil. Onun fikrincə, belə cütlüklərin əsas vaxtı çox zaman yersiz qısqanclıqlarından doğan problem, fəsad və hadisələrin çözülməsi, həll olunması, yaxud da sadəcə nəql olunmasına sərf olunur. “Daha çox kimlər qısqanır” sualına isə psixoloq belə cavab verir: ” Ən dəhşətli qısqanclar uşaqlıqda valideynləri tərəfindən elə də sevilməyən, öpülüb-əzizlənməyən, qucağa götürülməyən fərdlərdən çıxır. Yaxud da əksinə, həddindən ziyadə sevilib-əzizlənən, xüsusən 3-4 yaşlarından sonra daim “əl içi”ndə gəzdirilən, az qala, hər addım və nəfəsi nəzarətdə saxlanılan insanlardan yaranır. Həmçinin uşaqlıqda valideynlərinin boşanmasını yaşayan, qismətinə ögey valideyn yazılmış şəxslərdə də bu hisslər güclü olur.” Psixoloq tövsiyyə edir ki, insanlar ilk öncə özünəinam, özünüqiymətləndirmə kimi hisslərini artırmalıdırlar ki, bu problemlə bu və ya digər hallarda rastlaşmasınlar.
Digər psixoloq Esmira Ağayeva isə düşünür ki, qısqanclıq həddini aşmasa, yəni qədərində gözəl bir hissdir. “Qısqanclıq təbii bir hissdir. Bu çox zaman insanın özündən asılı olmur. İnsan seçiminə və özünə nə qədər əmin olsa, sevdiyi insana nə qədər inansa da, bu hiss istənilən, gözləmədiyin halda belə baş qaldıra bilər. Qısqanclıq qarşı tərəfin narahatlıq və acığına səbəb olmayacaq həddə olsa, bu sadəcə sevgiyə rəng qatır. Səbəbsiz, ifrat qısqanclıq isə yorucu və bezdirici olur. Sevən şəxs inanır və inanmalıdır da, əlbəttə ki, sevilən o inamı öldürməsə. bəli, bəzən yersiz qısqanclıqlar səbəbindən münasibətlərin pozulması, sevginin arxa plana keçməsi, ailənin dağılması hallarına da rast gəlinir. Odur ki, qısqanclıqla bağlı həm də ehtiyatlı olmaq lazımdır”, – deyə psixoloq söyləyir.
Elnur Ağayev
YAZARIN ÖNCƏKİ YAZILARI
Qızım, səni əcnəbiyə verim…
Övlаdınızın “mаmаuşаğı” kimi böyüməsini istəmirsinizsə…
Hansı kəlmələr boşanmaya səbəb olur?
Yаddаş prоblеminiz vаrsа…
Mənfi qarşıladığımız bəzi vərdişlər, sən demə, çox faydalı imiş
COX GOZEL MOVZUDUR.BILMIREK YA MEN QISQANC DEYILEM, YA DA QISQANMAMA HEC BIR SEBEB TAPMADIGIM UCUN QISQANMIRAM.EVLI OLANDAN BUGUNE QEDER YADIMA GELMIR KI,YOLDASIMI KIMESE,NEYESE QISQANIM.SEVGIYLE AIDIYYATI YOXDU OZDE BUNUN.ONUN OZU QISQANMAGIM CUN HEC BIR SERAIT YARATMAYIB.YOLDASIMIN DA MENI QISQANDIGINI QABARIQ SEKILDE GORMEMISEM.HETTA HERDEN ONDA MENI QISQANMA HISSLERIN GORENDE GULMEYIM GELIB.HEYAT YOLDASIM MENI DEHSETLI DERECEDE HER SEYE QISQANSAYDI BU MENIM UCUN DOZULMEZ OLARDI.MEN QISQANCLIGI SEVGI KIMI YOX,INAMSIZLIQ,GUVENSIZLIK KIMI BASA DUSUREM.HETTA DEYIM KI,SEVDIYI UCUN QISQANSA HERHALDE ONU QABARIQ SEKILDE BIRUZE VERMEZ INSAN.
Mənim fikrimcə qisqanan kişiler öz xanimlarina inanmirlar.Qisqancliqin sonu ayriliqdi.
salam.yaxshi ki bele bir movzuya toxunulub.hal hazirda cox aktual bir meseledir.yeqin i her kes menle razilashar ki, bu deqiqe qisqancliqla bagli o qeder aileler dagilir ki.mence genlerimiz aile munasibetlerinde yeni ekscinsleriyle qisqancliqlarinin hedd ve serhedini mueyyenleshdirmelidirler ki sonradan hansisa ciddi problemlerle uzleshmesinler…
Niye bu movzularda,yeni psixoloji temalarda yeni yazilar vermirsiz?