Komandalarımız yeni mövsümə necə hazırlaşacaq?
Mayın sonunda başa çatan futbol mövsümünün ardından istirahətdə olan elita təmsilçiləri artıq yeni “futbol ili”nin hazırlıqlarınna başlamaq ərəfəsindədir. Topaz Premyer Liqasının gümüş mükafatçısı “Qarabağ”la ölkə çempionatının bürünc medalçısı “İnter” bir müddət öncə hazırlığa başlasa da, digər klublar hələ ki, bir araya gəlməyib. Amma artıq “Sumqayıt” istisna olmaqla digər yüksək dəstə təmsilçilərinin də hazırlıq planı məlumdur. İndi isə gəlin, klublarımızın mövsümlərarası fasilədəki hazırlıq planı ilə tanış olaq.
“Neftçi”
Son mövsümü “qızıl dubl”la başa vuran “ağ-qaralar” iki gün sonra, iyunun 17-də paytaxtda bir araya gələcək. Elə həmin gün də Avrstriyaya yola düşəcək flaqman iyulun 12-nə qədər bu ölkədə təlim-məşq toplanışı keçəcək. Amma onu da qeyd edək ki, “xalq komandası” səfərə tam heyətlə çıxa bilməyəcək. Çünki komandanın legioner futbolçularının iyunun 20-də Avstriyada düşərgəyə qoşulması planlaşdırılır. Son çempionun Avstriyada olduğu müddətdə iki yoxlama görüşü keçirməsi nəzərdə tutulub. Rəqiblərdən birinin Çexiyanın “Slaviya” komandası olaağı rəsmiləşsə də, digər komandanın adına aydınlıq gəlməyib. Onu da xatırladaq ki, ilkin planda iyulun 12-də Avstriyadan vətənə dönməsi planlaşdırılan “Neftçi”nin həmin vaxt Bakıya dönməməsi mümkündür. Bu barədə yekun qərarın Çempionlar Liqasının püşkatmasından sonra verilməsi gözlənilir.
“Qarabağ”
Yeni mövsümün hazırlığına iyunun 8-də başlayan və beş gün paytaxtda hazırlıq keçdikdən sonra iki gün öncə Türkiyəyə yola düşən vitse-çempion cari ayın 27-nə kimi qardaş ölkədə hazırlıq keçəcək. Bu müddət ərzində Qızılcahamam bölgəsindəki “Patalya Thermal Resort” otelində məskunlaşacaq “köhlən atlar”ın iki yoldaşlıq matçı keçirməsi planlaşdırılır. Artıq Qurban Qurbanovun “drujinası”nın iyunun 22-də İran çempionu “Sepahan”, 5 gün sonra isə Rusiya Premyer-Liqasını yenicə tərk etmiş “Mordoviya” ilə qarşılaşacağı dəqiqləşib. Xatırladaq ki, “Qarabağ” Avroliqanın püşkünə qədər Türkiyədə məskunlaşacaq. Püşkə əsasən bölgə klubu ilk oyununu evdə keçirməli olsa iyunun 28-i Bakıya qayıtmağı planlaşdırır. Əks halda, Türkiyədən səfər oyununa yollanılacaq.
“İnter”
Hazırlıq mərhələsinə ən erkən start verən “İnter” artıq Türkiyənin Kocaeli şəhərinin Kartəpə qəsəbəsinədəki hazırlığına son qoyub. İyunun 2-dən etibarən “The Green Park Resort & Spa” otelində məskunlaşan və 9 günülük hazırlıq prosesi çərçivəsində Türkiyənin “Kartalspor” komandası ilə hazırlıq matçı keçirən və böyükhesablı qələbə qazanan (13:0) “bankirlər” dünən isə hazırlığın ikinci mərhələsini keçmək üçün Avstriyaya yola düşüb. İyunun 27-dək Zaltsburq şəhəri yaxınlığında toplanış keçəcək komandanın bu müddət ərzində 5 hazırlıq matçı keçirməsi planlaşdırılır. Komandanın Rusiyanın “Terek”, Çexiyanın “Slaviya” və Rumıniyanın “Dinamo” klubları ilə qarşılaşacağı məlum olsa da, “ağ-göylər”in digər 2 rəqibinin adına hələ ki, aydınlıq gəlməyib.
“Simurq”
İyun ayının 17-də paytaxta bir araya gələcək komanda tibbi müayinənin ardından 4 gün Bakıda hazırlıq keçəcək. Daha sonra 2 günlük istirahətin ardından ayın 23-də Türkiyənin Kartəpə bölgəsinə yollanacaq “Simurq” iyulun 8-nə qədər qalacağı qardaş ölkədə 3 hazırlıq matçı keçirəcək. Türkiyəədən qayıtdıqdan sonra 5 gün istirahət edəcək “sarı-qaralar” iyulun 13-də isə avropa ölkələrindən birinə yola düşəcək. Hazırlıq prosesinin sonuncu mərhələsinin hansı ölkədə keçiriləcəyi dəqiqləşməsə də, Georgi Çixradzenin komandasının iyulun 27-nə qədər ölkədən kənarda olacağı və bu zaman kəsiyində 4 yoldaşlıq görüşü keçirəcəyi məlumdur.
“Bakı”
Ötən mövsümü boşa verən paytaxtın eyniadlı komandasının yeni baş məşqçisi məlum olmasa da, artıq komandanın hazırlıq planı məlumdur. İki gün sonra klubun bazasında toplaşacaq “zolaqlılar” bundan üç gün sonra isə hazırlıq prosesinin ilkin mərhələsi üçün Türkiyənin İzmit şəhərinə üz tutacaq. İzmitdə “İzmit Otel Kartəpə” otelində məskunlaşacaq “Bakı” hazırlığın ikinci mərhələsini isə Avstriyada keçəcək. Komanda yoxlama görüşlərini də məhz sözügedən ölkədə keçirməyi planlaşdırır. Paytaxt təmsilçisinin hansı komandalarla qarşılaşacağı isə hələlik məlum deyil.
“Qəbələ”
Yeni mövsüm öncəsi Yuri Syominlə anlaşan bölgə təmsilçisinin gələn “futbol ili”nə ciddi hazırlaşdığı bəllidir. Hazırda istirahətdə olan “qırmızı-qaralar”ın mövsümə hazırlıq planı isə çoxdan məlumdur. İyunun 25-də Qəbələdə bir araya gələcək şimal təmsilçisi ölkə xaricindəki hazırlığa isə iyulun 1-də başlayacaq. İyulun ilk günündə Türkiyənin Sparta şəhərində hazırlığa start verəcək “Qəbələ” iyulun 14-nə qədər bu bölgədə olacaq. Toplanışın üçüncü mərhələsini isə iyulun 14-dən 28-nə qədər Avstriya və ya Almaniyada keçirəcək komandanın bir neçə hazırlıq matçı keçirməsi planlaşdırılsa da, rəqiblərin kimliyi hələlik məlum deyil.
“Xəzər Lənkəran”
Ölkəmizi Avropa Liqasında təmsil edəcək “Xəzər Lənkəran” hazırda əksər elita təmsilçiləri kimi istirahətdə olsa da, qısa zaman sonra hazırlıq prosesinə start verəcək. Iyun ayının 19-da Almaniyanın Münhen şəhərinə yolanacaq cənub klubu “Hotel Best Western Premier Bayerischer Hof Miesbach” otelində məskunlaşacaq. “Ağ-yaşıllar”ın hazırlıq prosesinin böyük hissəsini isə Almaniya paytaxtına yaxın olan qəsəbələrin birində keçməsi nəzərdə tutulub. Qeyd edək ki, Almaniya toplanışının müddəti iyunun 24-də atılacaq püşkatmadan asılıdır. Əgər ilk oyun səfərdə olarsa, bu zaman Cənub təmsilçisi Almaniyada bir müddət də qalıb, rəqibinin təmsil etdiyi ölkəyə birbaşa yollanacaq. Buna qədər isə “Xəzər Lənkəran”ın iki hazırlıq matçı keçirməsi gözlənilir. Amma “ağ-yaşıllar” təlim-məşq toplanışı zamanı güclü rəqiblərlə üz-üzə gəlməyəcəyi ehtimal olunur. Belə ki, uelsli baş məşqçi Con Toşak futbolçularını Avroliqa oyunu zamanı mümkün zədələrdən qorumaq istəyir. Buna görə də yoxlama oyunları üçün seçim zamanı orta səviyyəli komandalara üstünlük verilə bilər.
AZAL
Rəhbərliyin büdcəyə məhdudiyyət qoymasından sonra əsas oyunçularını itirən bakılıların yeni mövsümə hansı ölkədə hazırlaşacağı məlum olmasa da, hazırlıq planına böyük ölçüdə aydınlıq gəlib. İyunun 24-də paytaxtda bir araya gələcək və tibbi müayinədən kecəcək “təyyarəçilər” iki günlük müayinədən sonra məşqlərə başlayacaq. İyunun 26-dan iyulun 7-nə qədər Bakıda hazırlıq keçəcək Vaqif Sadıqovun komandası daha sonra isə iyulun 7-d’ iki həftəlik təlim-məşq toplanışı üçün ölkə xaricinə yollanacaq. Hazırlıq prosesini Türkiyədə keçməsi gözlənilən bakılıların qardaş ölkədə Rusiya,Türkiyə və Ukrayna komandaları ilə yoxlama oyunları keçirməsi planlaşdırılır.
“Rəvan”
May ayının sonlarında istirahətə buraxılan “Rəvan” ayun ayının 18-də paytaxta bir araya gələcək. Amma komanda həmin vaxtdan tam heyətlə məşq edə bilməyəcək. Belə ki, legionerler düşərgəyə bit az gec-ayın 23-də qoşulacaq. Hazırlığın ilkin mərhələsini Bakıda keçirəcək “uçan aslanlar” təxminən 20 gün paytaxtda hazırlıq keçəcək. Bundan sonra isə iyulun ortalarında Sloveniyaya yola düşəcək. Bu ölkədə 4 hazırlıq matçı keçirməyi planlaşdıran “sarı-qırmızılar”ın rəqiblərinin adı isə hələlik məlum deyil. Sloveniyadan qayıdandan sonra isə “Rəvan” hazırlığın son mərhələsini Bakıda keçirəcək.
Tural Məmmədov