Komitə sədri büdcəyə dəyişikliklərin əhəmiyyətini AÇIQLADI

263

“Prezident İlham Əliyev tərəfindən  “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsi Milli Məclisə təqdim olunub”.

“Unikal”xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

Komitə sədri bildirib ki, “Büdcə sistemi haqqında qanun”un 23.1-ci maddəsinə əsasən, dövlət büdcəsinin gəlirləri və xərcləri arasında tarazlığın təmin olunması onun tərtibinin və icrasının, həmçinin gəlir və xərclərin məbləğinin dəyişdirilməsi ilə bağlı dövlət büdcəsinə yenidən baxılmasının mühüm şərtidir.

“Qanun layihəsinə dair izahatda 2022-ci il ərzində dövlətin müdafiə və təhlükəsizliyinin daha da gücləndirilməsi, işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi və ərzaq təhlükəsizliyinin təmin edilməsi kimi bir sıra zəruri tədbirlərin dövlət büdcəsi qarşısında əlavə maliyyə tələbatını formalaşdırdığı, həmin tələbatın dövlət büdcəsinin əlavə gəlirləri və mövcud ehtiyatları hesabına maliyyələşdirilməsi üçün “Büdcə sistemi haqqında” qanunun 23.2-ci maddəsinə uyğun olaraq, dövlət büdcəsinə yenidən baxılması ehtiyacının yarandığı qeyd edilib. “Büdcə sistemi haqqında” qanunun 23.7-ci maddəsinə əsasən, dövlət büdcəsinə yenidən baxılarkən, onun gəlir və xərcləri üzrə məbləğinin büdcə gəlirləri təsnifatının, büdcə xərclərinin funksional, iqtisadi və inzibati təsnifatlarının paraqrafları səviyyəsində dəyişdirilməsi nəzərdə tutularsa, qanunvericilik təşəbbüsü qaydasında və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 2-ci bəndi nəzərə alınmaqla qanunda göstərilmiş 8 sənəd Milli Məclisə təqdim edilib”.

O qeyd edib ki, qanun layihələri haqqında Hesablama Palatasının rəyi də qısa müddətdə hazırlanaraq Milli Məclis üzvlərinə təqdim edilib:

“Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında hökumət üzvlərinin, Hesablama Palatasının və müvafiq dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə qanun layihələri geniş müzakirə olunub.
2022-ci ilin dövlət büdcəsi haqqınqa qanun layihəsi qəbul olunarkən dövlət büdcəsi gəlirlərinin 26.816 milyon, xəclərinin 29.879 milyon, kəsirinin isə 3.063 milyon manat olacağı planlaşdrılmışdı. Eyni zamanda 2022-ci ildə ÜDM-in real artım tempinin 3.9%, inflyasiyanın orta illik səviyyəsinin 4%, orta aylıq əmək haqqı artım tempinin isə 8.7% olacağı proqnozlaşdırılmış, dövlət büdcəsində hesablamalar neftin bir barelinin orta illik qiymətinin 50 dollar səviyyəsinə uyğun həyata keçirilib.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi və geo-iqtisadi siyasətin nəticəsi olaraq bu ilin 5 ayı ərzində Azərbaycan iqtisadiyyatı bütün sahələrdə mühüm iqtisadi artım nümayiş etdirib, ixracdan əldə edilən valyuta gəlirlərini əhəmiyyətli dərəcədə artırıb. Belə ki, 2022-ci ilin 5 ayı ərzində ÜDM 7.2%, qeyri-neft ÜDM-i 11% artım nümayiş etdirib, ÜDM-in həcmi 50.8 milyard, qeyri-neft-qaz ÜDM-in həcmi isə 25 milyard manatı keçmiş, qeyri-neft ixracı isə bu ilin 4 ayı ərzində 38,5% artıb. Bu ilin 5 ayı ərzində ilk dəfə olaraq qaz ixracından əldə edilən valyuta gəlirləri neft ixracından əldə edilən valyuta gəlirlərinə yaxınlaşıb. Belə ki, bu müddət ərzində neft ixracından 3.8 mlrd dollar, qaz ixracından isə 3.5 mlrd dollar valyuta gəlirləri əldə etmişik. Qeyd edim ki, bu artımar son 12 ilin ən böyük artımlarıdır. Eyni zamanda, göstərilən müddət ərzində orta aylıq əmək haqqları 14,2% artmış, inflyasiyasının orta illik göstəricisi 12.6%, “Azerlight” markalı neftin 1 barelinin qiyməti isə 106 dollar olub. Məhz belə makro-iqtisadi konyuktura çərçivəsində 2022-ci ilin beş ayı üzrə dövlət və icmal büdcələrinin operativ icra məlumatına əsasən dövlət büdcəsinin gəlirləri proqnozdan 1.2 mlrd manat və ya 10.8% artıq yerinə yetirilib. Həmçinin, 2022-ci ilin beş ayında dövlət büdcəsinin xərcləri proqnozdan 70 mln manat və ya 0.7% çox icra edilib. Hesabat dövründə dövlət büdcəsində 1.992,4 milyon manat profisit yaranıb ki, bu da proqnozdan 2,4 dəfə çoxdur.
Yuxarıda dediyim bütün bu rəqəmlər 2022-ci ilin dövlət büdcəsində dəyişikliklərin edilməsi üçün real zəmin və zərurət yaradıb”.

T.Mirkişili qeyd edib ki, təqdim edilmiş layihədə 2022-ci il dövlət büdcəsinin gəlirlərinin 2.381 mln manat, xərclərinin isə 2.424 mln manat artırılması təklif edilir:

“Layihələrin komitədə 1-ci oxunuşda müzakirəsi zamanı konseptual olaraq əsasən 3 istiqamətdə müzakirələr aparılıb. Dəyişikliklərlə təqdim edilmiş büdcə layihəsi büdcə qaydasında müəyyən edilmiş hədlərə cavab verirmi? Qeyd edim ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 mart tarixli Fərmanına əsasən, büdcə qaydasının 2 göstəricisi üzrə hədləri müəyyən edilib. İcmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin yuxarı həddi 2022-ci ilin sonuna isə 27,5% olmalı və dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisinin ortamüddətli dövr üzrə hədəflənən yuxarı həddi isə 20,0% olmalıdır. Aparılan təhlillər təqdim edilmiş layihənin hər iki həddi gözlədiyini təsdiq edir. Layihədə artırılmış dövlət büdcəsi gəlirləri bütün gəlir potensialını əhatə edirmi? Büdcə gəlirlərini artımının 65%-nin qeyri-neft, 35%-nin isə neft gəlirləri hesabına formalaşacağı planlaşdırılır. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi hesab edir ki, ilin sonuna büdcə gəlirlərinin göstəriləndən daha çox artması potensialı mövcuddur. Amma dövlət orqanlarının göstərilən rəqəmlərin hesablanması ilə bağlı verdiyi izahatları da qaneedici sayılıb. Artırılmış büdcə xərcləri dövlət başçısının iqtisadi və sosial siyasətinin strateji hədəflərinə xidmət edirmi?
Müzakirələr zaman təqdim edilən materiallar və suallara verilən cavablar xərclərin artırlan hissənin dövlət və cəmiyyət qarşısında duran mühüm çağırışların dəf edilməsinə, yarana biləcək problemlərin önlənməsinə xidmət edəcəyini deməyə əsas verib. Beləliklə, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanuna təklif edilən dəyişikliklər bağlı aparılan müzakirələri əhatəli və məhsuldar hesab edir. Hesab edirik ki, müzakirə etdiyimiz dövlət büdcəsinə dəyişikliklər layihəsi 2022-ci il üçün ölkəmiz qarşısında yaranacaq çağırışlara layiqli cavab vermək və bütün istiqamətlərdə dövlət siyasətini həyata keçirmək üçün mühüm maliyyə bazası yaradacaqdır”.

Anar Kəlbiyev

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər