Komitə sədri: “Müxtəlif məsələlərin sahibkarlarla müzakirəsi üçün 4 işçi qrup yaradılıb”

1179

“2020-ci il dünyada dövlət idarəetmə sistemləri üçün sınaq ili oldu. İndiyə qədər görünməmiş bir böhranla üz-üzə gələn ölkələr vətəndaşların sağlamlığı və iqtisadiyyatın qorunması üçün mümkün olan bütün vasitələrdən istifadə etməyə çalışdılar”.

Bu fikirləri Azərbaycan qəzetinə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.

Komitə sədri bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bu sınaqdan da üzüağ çıxdı. Dövlət başçısının güclü iradəsi və dövlətin gücü sayəsində böhrandan minimum itki ilə çıxmağı bacardıq. Qarabağın işğaldan azad edilməsi ilə möhtəşəm qələbə əldə edən Azərbaycan dünyaya öz gücünü və imkanlarını göstərdi.

VI çağırış Milli Məclis qarşısında da mühüm işlər dururdu. Ötən il mart ayının 10-da Milli Məclisin ilk iclasında çıxış edən Prezident İlham Əliyev parlamentin qarşısında olan çağırışları dəqiq təhlil etdi və müvafiq tövsiyələrini verdi. Dövlət başçısı fəaliyyətdə əsas istiqamətlər kimi kəmiyyətə deyil, keyfiyyətə üstünlük verilməsini, müasir dövrün tələblərinə uyğun fəaliyyət göstərməyi, mövcud qanunvericilik bazasını təhlil etməyi və təşəbbüskar olmağı göstərdi. Ötən 1 il ərzində Milli Məclis dövlət başçısının göstərdiyi bu istiqamətlərdə fəaliyyət göstərərək müsbət nəticələr əldə etməyə çalışmışdır.

COVID-19 pandemiyasının geniş yayılması kollektiv orqan olan Mili Məclisin də işinə xeyli təsir edib. Amma buna baxmayaraq, Milli Məclisin işində qısa müddətdə informasiya texnologiyalarının geniş tətbiq olunması işgüzarlığın artırılmasına müsbət təsir edib. Plenar iclaslarda konstruktiv müzakirələrin aparılması, komitə iclaslarında ictimai iştirakçılığın təmin olunması, qanun layihələrinin müzakirəsində üçüncü tərəflərin iştirak etməsi qəbul olunan qanunların keyfiyyətinin artırılmasına xidmət edib.

Ötən bir il ərzində İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində 65 qanun layihəsi müzakirə olunub və qəbul edilib. Müxtəlif məsələlərin sahibkarlarla müzakirəsi üçün 4 işçi qrup yaradılıb və geniş təhlillər aparılıb. Mövcud qanunvericilik aktlarının təhlili üçün xarici təcrübədən yararlanmaq məqsədilə geniş araşdırmalara başlanılıb.

2020-ci ildə Dünya Bankı Azərbaycanı ən çox islahat aparan 10 ölkədən biri elan edib. Dövlət başçısı tərəfindən aparılan sürətli islahatlar daim iqtisadi qanunvericiliyin də təkmilləşməsini və islahatlar üçün münbit hüquqi çərçivənin yaradılmasını özündə ehtiva edib. Aparılmış təhlillər bu istiqamətdə xeyli potensialın mövcudluğunu və bu potensialın reallaşdırılması üçün müvafiq işlərin görülməli olduğunu üzə çıxarıb.

Ötən bir ildə əldə edilmiş təcrübə və müsbət nəticələr qarşımızda duran müasir çağırışlara cavab vermək yönümündən yaxşı təcrübə olub. Əminəm ki, bu təcrübə önümüzdəki illərdə mövcud resurslarımızın səfərbər edilərək Prezident İlham Əliyev tərəfindən müəyyən edilən inkişaf kursunun daha sürətli həyata keçirilməsi üçün müvafiq qanunvericilik çərçıvəsinin inkişaf etdirilməsində xeyli faydalı olacaq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər