Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsinə 50 gündən də az zaman qalıb. Müxtəlif seçki illərində olduğu kimi, cari ildə də kommunal borcların bağışlanıb-bağışlanmayacağı məsələsi vətəndaşları düşündürür. Belə bir ehtimalın reallaşması mümkündürmü?
Sfera.az-a açıqlama verən iqtisadçı-ekspert Akif Nəsirli cari ildə də kommunal borcların bağışlanması ənənəsinin yenidən təkrarlana biləcəyini deyib:
“Uzun illərdir ki, Azərbaycanda belə bir təcrübə mövcuddur. Müxtəlif vaxtlarda əhalinin kommunal borcları bağışlanılıb. Əslində bu borcun silinməsi deyil. Sadəcə olaraq həmin vəsaitlər dövlət büdcəsi tərəfindən aidiyyəti qurumlara ödənilir. Bu təcrübənin cari ildə də təkrarlanması gözləniləndir”.
Ekspert bu təcrübənin bəzi mənfi cəhətlərinin də olduğunu istisna etməyib:
“Lakin bu təcrübəni həmişə faydalı hesab etmək olmaz. Vətəndaş düşünür ki, yığılan borcları nə zamansa, silinəcək. Bu səbəbdən müəyyən mənada məsuliyyətsizlik edərək kommunal borcunu ödəmir”.