Otüz ilə yaxın idi ki, milli musiqimizin beşiyi sayılan Şuşanın nisgili ilə yaşayırdıq. Bu yerlərin bənzərsiz təbiəti, yaddaşlara həkk olunmuş tarixi və mədəniyyət abidələri, qalaları, gəlimli-gedimli dünyamıza şahidlik etmiş füsunkar dağları, hər addımda çağlayan sərin bulaqları, laləli, xarıbülbüllü yamacları üçün çox darıxmışdıq. Çal-çağırlı, toy-büsatlı Cıdır düzü «Qarabağ bülbülləri»nin xoş avazla, cəh-cəhlə oxuduqları «Qarabağ Şikəstəsi»nə, «Bayatı-Şiraz»a həsrət qalmışdı. Qədim Şuşanın göz oxşayan dağları, dərələri, yaylaqları, meşələri xəyalımızda dolaşırdı. Ancaq o yerlərə əlimiz çatmırdı, ünümüz yetmirdi. Qəhərdən boğulurduq…
Nəhayət ki, 44 günlük Vətən müharibəsi milyonların arzusunu, istəyini gerçəkləşdirdi, gözəl Qarabağımızı, onun tacı olan Şuşanı özümüzə qaytardı. Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, diplomatik səriştəsi, əsgər və zabitlərimizin şücaəti, məğrurluğu sayəsində tarixi Zəfər qazandıq. 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğalçılardan təmizləndi. O gündən qədim Susa işıqlı həyatına döndü.
29 il yarımdan sonra Şuşanın daşında, torpağında, suyunda , meşəsində Azərbaycan ruhu dolaşırdı. Dahi Üzeyir bəyin, Cabbarın, Xanın, Bülbülün, Natəvanın yurdu indi azad nəfəs alır. Xalqımızın qürur yeri olan Cıdır düzü isə çal-çağırlı günlərinə qayıdıb.
Mayın 12 – 13-də burada möhtəşəm «Xarıbülbül» musiqi festivalı keçirildi. Festivalın keçirilməsi, bir növ, Qarabağın tarixi simasının, Şuşanın mədəniyyət mərkəzi statusunun bərpasını təcəssüm etdirir.
Bəli, 29 il yarımdan sonra Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa cənab İlham Əliyevin təşəbbüsü, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə «Xarıbülbül» festivalına ev sahibliyi etdi. Cıdır düzü öz iştirakçılarını könül xoşluğu ilə qarşıladı. Cənab İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva bu möhtəşəm musiqi bayramında iştirak etmələri tədbiri daha da dəyərləndirdi.
30 illik fasilədən sonra bu il birinci dəfə keçirilən musiqi festivalının şəhidlərimizin əziz xatirəsinə həsr olunması böyük əhəmiyyətə malikdir. Prezident İlham Əliyev açılış mərasimində vurğuladı: «Biz bu günü bizim qəhrəman hərbçilərimizə borcluyuq, Azərbaycan xalqına borcluyuq. Xalq birləşdi, xalq həmrəylik göstərdi, bir yumruq kimi birləşdi və bu Qələbəni Azərbaycan xalqı qazandı.»
Prezident İlham Əliyev hər il Şuşada “Xarıbülbül” musiqi festivalının keçiriləcəyini, eləcə də gələn il Şuşanın 270 illik yubileyi qeyd olunacağını dedi.
Bildirdi ki, Pənahəli xan 1752-ci ildə Şuşanın təməlini qoyub və o vaxtdan işğal dövrünə qədər bu şəhərdə azərbaycanlılar yaşayıblar.
Şuşa Azərbaycan xalqının milli sərvətidir. Bu yaxınlarda Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi bunu bir daha göstərir.
Ermənilər nə qədər çalışsalar da, Şuşadan Azərbaycan ruhunu silə bilmədilər.
30 ildən sonra bərpa edilən festival sözün əsl mənasında milli birlik, qürur, zəfər, ləyaqət bayramına çevrildi.
O da bəllidir ki, Ermənistanın rəsmi təbliğatı, xüsusi qurumları münaqişənin ilk günlərindən etibarən Azərbaycanda müxtəlif dini, etnik, linqvistik icmalar arasında təfriqə yaratmaq, Azərbaycan dövlətçiliyini zəiflətmək, parçalamaq üçün davamlı iş aparmış, bu məqsədlə mərkəzlər, təşkilatlar, KİV-lər qurulmuş, milyonlarla vəsait xərclənmişdir. Bu işdə xaricdəki erməni lobbisi, onların havadarları da kifayət qədər fəaliyyət göstərmişlər.
44 gün ərzində torpaqlarımızın işğaldan azad olunması üçün bütün etnik və dini icmaların nümayəndələri vahid amal, vahid bayraq altında birləşərək çiyin-çiyinə döyüşməklə bu təbliğatın, bu fəaliyyətin öz hədəfinə çatmadığını, mənasızlığını ortaya qoydu. Eyni zamanda, Azərbaycanda əsrlərlə mövcud olmuş tolerant mühitin, multikulturalizm ənənələrinin qorunmasına Prezident İlham Əliyevin hakimiyyəti illərində bu qədər diqqət ayrılmasının da nə qədər düzgün siyasət olmasını sübut etdi.
Qürur hissi ilə deməliyik ki, Vətən müharibəsindəki Qələbədə bütün icmaların payı, töhfəsi vardır. Ölkə başçısının tövsiyəsi ilə keçirilən builki “Xarıbülbül” festivalı həm də Azərbaycan multikulturalizm ənənələrinin simvoluna çevrildi.
Prezident İlham Əliyevin dediyi kimi, Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır, ölkəmizdə milli birlik, milli həmrəylik vardır. Bu, bütün dünyaya Şuşadan, qədim torpağımızdan verilən mesaj idi.
Cənab Prezident bir daha vurğuladı ki, ancaq çoxkonfessiyalı, çoxmillətli ölkələrdə, cəmiyyətlərdə inkişaf olur, birlik olur, milli həmrəylik olur, sülh olur.
“Xarıbülbül” festivalında, həqiqi mənada xoş və yaddaqalan anlar yaşandı. Gənc muğam ifaçısı Kənan Bayramlı tərəfindən “Bayatı-Şiraz” muğamı üstündə Abbas Səhhətin “Vətən” şeiri ifa olunmuşdur. Bu musiqi parçası illər əvvəl “Qarabağ bülbülləri” ansamblı tərəfindən hazırlanaraq ifa edilmiş, filmlərdə, tədbirlərdə dəfələrlə səsləndirilmişdir və işğal illərində azərbaycanlılar üçün xüsusi rəmzi əhəmiyyətə malik olmuşdur.
On dörd yaşlı Kənan Bayramlı Şuşada, Cıdır düzündə elə zəngulə vurdu ki, əks-sədası illərlə düşmən əsarətində qalan qayalardan, dağlardan eşidildi. Elə səs ki, hamını kövrəldib bütün diqqəti «Bayatı- Şiraz»a köklədi. Bu səsi eşitdikcə özümüzü Qarabağda, onun musiqi beşiyi Şuşada keçirilən «Xarıbülbül» festivalında hiss etdik.
Hər kəsi kövrəldən bu ifa Şuşaya Azərbaycan ruhunun, Azərbaycan mədəniyyətinin böyük qaydışının prelüdü də sayıla bilər.
Prezident İlham Əliyev Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələrinin Şuşaya qayıtmalarını böyük qürur hissi ilə dilə gətirdi: «Bu gün Azərbaycan mədəniyyəti, Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələri Şuşaya qayıdıblar və bu qayıdış reallıqdır, bu reallıqla hər kəs hesablaşmalıdır.»
Ölkə başçısı bu qayıdışın digər bir simvolik başlanğıcını Ramazan bayramı ilə də bağladı. Bu, Gövhərağa məscidində bayram namazının qılınmasıdır.
Erməni vandalları işğal etdikləri ərazilərimizdəki məscidləri, tarixi abidələri demək olar ki, viran qoymuşdular. Hər kəs Qarabağda, Şuşada azan səsləri eşitmək arzusundaydı. Bu arzumuz da reallığa çevrildi. Prezident İlham Əliyevin tapşırığı ilə məscidlərimizdə təmir-bərpa işlərinə başlandı.
İndi Şuşanın Yuxarı Gövhərağa məscidində, işğaldan azad olunmuş digər ərazilərimizdə azan səsləri ucalır. Artıq məscidlərdə bayram namazı qılınır.
Festivalın məhz Ramazan bayramı ərəfəsində təşkil edilməsi də böyük əhəmiyyət kəsb etmişdir. Şuşa Pənahəli xanın dövründən dini dəyərlərə xüsusi diqqət yetirilən məkan kimi tanınıb. Əfsuslar olsun ki, ermənilər həmişə tarixi-dini abidələrimizə qarşı vandalizm aktları ilə müşayiət olunub. İslamın Azərbaycan xalqının milli konsolidasiyasında, milli mədəniyyətinin qorunmasında müstəsna yeri var.
Prezident İlham Əliyev çıxışında dedi: «Biz öz dini, milli, mənəvi köklərimizə bağlı olan xalqıq. Əks-təqdirdə, biz heç vaxt işğala son qoya bilməzdik.»
Beş il bundan əvvəl Cocuq Mərcanlı işğaldan azad olunandan sonra orada Prezident İlham Əliyevin göstərişi ilə Şuşa məscidinin bənzəri olan məscid inşa edilmişdi və həmin məscidin açılışındakı çıxışında o demişdi ki,gün gələcək biz Şuşada məscidləri bərpa edəcəyik və yeni məscidlər tikiləcəkdir.
Təqdirəlayiq haldır ki, cənab İlham Əliyevin iştirakı ilə Ramazan bayramı ərəfəsində – mayın 12-də Şuşada yeni möhtəşəm məscidin təməli qoyuldu. Cənab Prezident «Xan qızı» bulağında olarkən dedi: «Ermənilər tərəfindən qurudulmuş “Xan qızı Natəvan” bulağından bu gün su gəldi. Bütün bunlar böyük rəmzi məna daşıyır. Bax, bizim qayıdışımız budur.»
Ümumiyyətlə, Şuşanın Cıdır düzündə təşkil olunmuş möhtəşəm musiqi festivalı bir çox özəllikləri ilə yadda qaldı. İncəsənət xadimlərinin, ölkəmizdə yaşayan xalqların nümayəndələrinin musiqi töhfələri alqışlarla qarşılandı, xalqımızın birliyini bir daha nümayiş etdirdi.
Konsert bitəndən sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva festivalda iştirak edən incəsənət xadimləri ilə görüşdülər. Cıdır düzündə hamı birlikdə
«Qarabağ Azərbaycandır!»
«Yaşasın Şuşa!»
«Yaşasın Azərbaycan!»
söylədilər.
Şuşanın Cıdır düzündə təşkil olunmuş «Xarıbülbül» musiqi festivalı böyük atəşfəşanlıqla başa çatdı və hər kəsdə yüksək əhval-ruhiyyə, xoş ovqat yaratdı.
Musiqiçilərimizin çıxışlarından çox qürurlandım. Bir vaxtlar mən də Cıdır düzündən Şuşanı, Şuşanın əsrarəngiz təbiətini seyr etmişdim. Festivalı izləyərkən istər-istəməz böyük şairimiz Səməd Vurğunun dillər əzbəri olan bu misralarını zümzümə etdim:
Könlüm keçir Qarabağdan,
Gah o dağdan, gah bu dağdan,
Axşam üstü qoy uzaqdan,
Havalansın Xanın səsi,
Qarabağın şikəstəsi.
Qoy, ruhumuza hopmuş bu misralar, muğam ustadlarımızın avazı ilə qovuşan Qarabağ şikəstəsi hər zaman ucadan səslənsin!
Sübhan QULİYEV,
«Sumqayıt» qəzetinin baş redaktoru