KÖNÜLLÜLÜK NƏDIR?

4848

Eyvaz QOCAYEV

Müasir dövrümüzdə mətbuatda, ictimai təşkilatlarda və eləcə də gündəlik həyatımızda könüllülük anlayışına tez-tez rast gəlirik. Bu yazıda çalışacağıq ki, könüllülük anlayışına qısa bir nəzər yetirək. İnsanlar nə üçün könüllü olaraq hər hansı bir işdə çalışırlar?, Könüllülük psixologiyası nədir? və bu anlayışla bağlı digər suallara cavab tapmağa çalışacağıq.
İlk öncə könüllülük anlayışına nə olduğuna nəzər yetirək. Qısa olaraq deyə bilərik ki, könüllülük insanların heç bir mənafe güdməyərək məlumat, bacarıq, zaman və eləcə də hər hansı bir sahədə təcrübələrini, öz istəkləri ilə, hər hansı bir ictimai təşəbbüs və yaxud ictimai təşkilatın məqsədi üçün istifadə etmələridir. Xarici ölkələrdə olduğu kimi ölkəmizdə də könüllülük Qeyri Hökümət Təşkilatlarının mövcudluğunun təməl ünsürlərindəndir.
Könüllülərlə çalışmaq qrumun daha geniş fəaliyyət göstərə bilməsi və geniş əlaqələr qura bilməsi baxımından çox önəmlidir.

KÖNÜLLÜLÜK PSIXOLOGIYASI
Ölkəmizdə daha çox könüllülük əsasında çalışan insanlara Qeyri Hökümət Təşkilatlarında rast gəlmək mümkündür. Çünki bu cür təşkilatların iş prinsipi könüllü olaraq, hər hansı maddi mənafe güdməyərək vətəndaş cəmiyyətinin inkişafına dəstək verməkdir. Zamanını, əməyini və bununla yanaşı olaraq mütəxəssis kimi bacarığını hər hansı bir layihədə sərf edən insanlar daha çox yardım etmək və başqaları üçün faydalı olmaq üçün könüllü çalışdıqlarını qeyd etsələr də bununla yanaşı bir sıra başqa istəklər də vardır ki, insanları könüllü olmağa sövq edir. Könüllülük psixologiyasını başa düşmək, könüllülərin çalışdığı qrumlarda iş prosesinin daha da effetivliyinə təsir göstərə bilər. Könüllülərin əməyindən istifadə edən, istər hər hansı bir qrum olsun, istərsə də fərdi şəxs könüllülük psixologiyasını yaxşı bilməlidir. Könüllülük psixologiyasını aşağıdakı suallar və cavablar ətrafında incələməyə çalışaq:
İNSANLAR NƏ ÜÇÜN KÖNÜLLÜ OLURLAR?
Ümumiyyətlə insanlar hər hansı bir qrumda və yaxud müəyyən təşəbbüslərdə uzunmüddətli və qısa zaman kəsiyində könüllü olaraq çalışırlar. Bu insanların şəxsi istəyindən və eləcə də boş vaxtından asılıdır. İnsan psixologiyasından asılı olaraq cavab axtaracağımız sualın cavablarına da müxtəlif aspektdən yanaşmaq olar. Bu psixoloji xüsusiyyətlər qrumun fəaliyyət isiqamətlərindən və eləcə də qeyd etdiyimiz fərdi təşəbbüslərin istiqamətindən asılı olaraq orada çalışan könüllülərin də istəkləri fərqli ola bilər. Uzun müddət öz şəxsi iş təcrübəmdən və eləcə də ətrafımdakı insanların könüllü olaraq çalışmasının səbəblərinə diqqət yetirmişəm. Ayrı-ayrılıqda insanlarda müşahidə etdiyim könüllülük psixologiyasını, yəni nə üçün könüllü olaraq çalışdıqlarını aşağıda sıralamağa çalışacağam:
• İnsanlar yaşadığı sosial çevrələrində önəmli və tanınmış biri olmaq istəyir;
• Könüllü olaraq çalışaraq özlərinə sosial bir əhatə qazanaraq tənhalıqdan və yaxud məyusluqdan özlərini qurtarmaq istəyirlər;
• İnandığı hər hansı bir işə dəstək olmaq istəyirlər;
• Könüllü olaraq çalışmaqla müəyyən təcrübə qazanmaq istəyi;
• Görülən işlər əyləncəli görünə bilər və dolaysı ilə orada olmaqdan insan zövq ala bilər;
• Müəyyən təcrübə və bacarıqları olan insanlar könüllü olaraq çalışmaqla öz biliklərini itirməmək istəyirlər;
• Könüllü olan şəxs özünü ehtiyac duyulan biri kimi görmək istəyir;
• Yeni dost qazanmaq istəyi;
• Özlərində olan qabliyyətləri başqaları ilə böıüşmək istəyi;

KÖNÜLLÜ OLMAMAĞIN SƏBƏBLƏRİ
Bu sualı hər kəs öz-özünə versə bu cavablardan fərqli cavablar verə bilər. Çünki hər bir insan eyni psixoloji xüsusiyyətlərə malik olmurlar. İnsanların nə üçün könüllü olmadığını bilmək, onların könüllü olmaq istədiyinə cavab tampaqdan daha önəmlidir. Çünki insanların heç bir səbəb olmadan, hər hansı bir gözləntiləri olmadan könüllü olaraq çalışdığını görürük, ancaq nə üçün könüllü olmadığını araşdırdıqda bir çox hallarda nəticələrdə önəmli səbəblərin şahidi oluruq. Müşahidə olunan və ən çox qarşılaşdığım səbəbləri aşağıdakı ardıcıllıqla diqqət yetirək:
• İnsanlar məsuliyyət altında olmaq və özünü hər hansı bir yerdən asılı kimi hiss etmək istəmir;
• Daha öncə könüllü olaraq çalışdığı müddətdə xoşagəməz hallarla rastlaşıb;
• Könüllü olaraq çalışdığı işin nəticəsi başqası tərəfindən mənimsənilmişdir, gözlədikləri nəticələr əldə olunmamışdır;
• Hal-hazırda cavabdehlik altındadırlar;
• Həyata keçirilən fəaliyyət istiqamətlərinin cansıxıcı olduğunu düşünürlər;
• Özlərinə güvənmədikləri üçün belə bir işə qoşulmurlar;
• İnsanlar “Könüllü olmaq” haqqında heç nə bilmir və ya belə bir ənənə ailəsində yoxdur;
• Hal-hazırda çalışdığı işinə maneə olacağını düşünürlər;
• Əlavə maliyyə itkisi ilə üzləşəcəyini düşünür və bu vəsaiti gözündə böyüdür;
• Heç kim onlara könüllü olub olmayacağını soruşmamışdır;

İNSANLAR NİYƏ KÖNÜLLÜ İŞLƏDİKLƏRİ QRUMU TƏRK EDİRLƏR?
Insanlar könüllü olaraq hər hansı bir işdə çalışarkən qarşılaşdığı hər hansı bir hallar var ki, bunun nəticəsəsində könüllü çalışan şəxs həmin qrumdan uzaqlaşmasına və umumiyyətlə bütün könüllü işlərdən kənarlaşmasına gətirib çıxardır. Qrum və ya layihə rəhbərləri könüllünün gözləntilərini-könüllü işləmə səbəblərini-bilmədikdə adətən bu cür hallar tez-tez müşahidə olunur. İnsanların nə üçün könüllü olduqlarını və nə üçün könüllü işləmədiklərini bilmək üçün bu sahədə müəyyən qədər təcrübəsi olan, yəni könüllü kimi bir müddət işləyən və sonradan könülülük işini yarımçıq qoymuş insanların göstərdikləri səbəbləri bilmək daha yaxşı olardı. Beləliklə insanların könülü olaraq işlədikləri qrumu tərk etmə səbəblərini qeyd edək:
• İnsanların çalışdığı işdə daha çox məsuliyyət daşıması və cavabdehlik səviyyəsinin öz istədiyi dərəcədə olmaması;
• Bacarmadığı iş tapşırıldıqda və bu işin öhdəsindən gələ bilmədiyini düşündükdə;
• İnsanlar bəzən ona tapşırılmış vəzifənin öhtəsindən gələ bilmədikdə daxilən əziyyət çəkirlər;
• İnsanların gözləntiləri ilə qrumun gözləntiləri uzlaşdırılmamışdır;
• Könüllünün işinə yersiz müdaxilələrin olması;
• Digər profisanal çalışanların könüllü ilə münasibətlərinin normal olmaması;
• İdarəçiliyin düzgün qurulmaması;
İlk öncə insanların könüllü olma səbəblərini qeyd etdik ki, əslində könüllü bu gözləntiləri hiss etməkdə işi yarımçıq qoymaq məcburiyyətində qalır.
GƏNC KÖNÜLLÜLƏR VƏ İCTİMAİ TƏŞKİLATLAR
Ölkəmizdə cəmiyyətin böyük bir kəsimini gənclər təşkil etməsini nəzərə alaraq gənclərin könüllü olaraq fəaliyyətini başqa bir başlıq altında araşdırmağa ehtiyac duyduq.
İşçi heyəti əsas etibarı ilə könüllülərdən ibarət olan qrumlarda gənc könüllülərin olmaması işin effektivliyinə mənfi təsir göstərdiyi kimi gənclərin də öz bacarıqlarını inkişaf etdirmə imkanlarını, liderlik və təmsil etmə bacarığı, sosial mühiti tanımaq, fərqli insanlarla tanış olmaq fürsətlərini qaçırmış olurlar.
Araşdırmalar zamanı məlum olur ki, gənclərin könüllü olaraq çalışmamalarının əsas səbəbləri onların bu tip qrumlardan məlumatsızlıqları və gənclərin bu qrumlara dəvət olunmamasıdır. Digər tərəfdən nə etsək də “Azərbaycanda heç bir şey dəyişməz” məntiqi, səylərin dəyərsiz görülməsi və “keçmişdə bu addımlar atıldı ancaq müvəffəqiyyətsiz oldu” məntiqi gənclərin könüllü olaraq ictimai təşkilatlarda çalışmalarına maneə olur. “Vaxtın boşuna istifadə olunması” kimi fikirlər də əsas səbəblərdəndir. Bir çox ailələrdə sosial çevrədə insanlar könüllü olaraq çalışanlara “vaxtını boş işlərə sərf etmə” deyə psixoloji təsirlər olur. Halbu ki, gənclərin könüllü olaraq hər hansı bir qrumda çalışması onun bilik və bacarıqlarının artırılmasına, hər hansı bir sahədə ixtisaslaşmasına, daha geniş əlaqələr qurmasına, sosial mühiti daha yaxından tanış olmasına gətirib çıxarda bilər.
Ardı var

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər