Şotlandiyalı alimlərin koronavirusa yoluxan şəxslərin ömürlərinin 10 il azalması barədə açıqlaması böyük narahatlıq doğurub. Araşdırmaya görə, heç bir xroniki xəstəliyi olmayan sağlam şəxslər də bu virusa yoluxsa, eyni hal müşahidə ediləcək.
Məsələ ilə bağlı Axar.az-a açıqlama verən professor Adil Qeybulla bildirib ki, koronavirus daha çox ağciyərlərə zərər verdiyi üçün insan ömrünün müddətinə təsir edir:
“Koronaviruslu xəstələrdə ağciyərin prosesə nə dərəcədə cəlb olunması və orada fibrozun necə inkişaf etməsindən asılı olaraq bu hal yaşana bilər. Yəni ağciyər nə qədər çox zədələnirsə, ömür də o qədər qısalır. Burada virusa yoluxanların ağciyərlərinin sağaldıqdan sonra əmək qabiliyyətinin nə dərəcədə aşağı düşməsi önəmli rol oynayır. Belə xəstələrdə oksigen bədənə normal daxil ola bilmədiyi üçün hopiksiya müşahidə olunur, orqan və toxumalar tez sıradan çıxır. Ona görə də bu xəstələrdə zədələnmədən asılı olaraq orta dərəcəli, ağır dərəcəli ağciyər çatışmazlığı inkişaf edə bilər. Bu səbəbdən bununla bağlı müxtəlif proqnozlar var. Xəstəliyi ağır keçirənlərdə, reanimasiyadan çıxanlarda bu və ya digər dərəcədə iz qalır”.
Qeyd edək ki, şotlandiyalı alimlərin araşdırmasına görə, koronavirusa yoluxan və heç bir xroniki xəstəliyi olmayan kişilər ömürlərindən 13, qadınlar isə 10 il itirirlər.