Koronavirus pandemiyası və vəkil etikası

1727

Hər bir cəmiyyətdə qanunun aliliyinə hörmətin aşılanması və hüquqi yardımın keyfiyyətinin yüksəldilməsi baxımından vəkillərin davranışı xüsusi əhəmiyyət kəsb edir. Çünki, vəkil təkcə qanunun yol verdiyi həddə ona həvalə olunmuş tapşırıqları vicdanla yerinə yetirmir, o, həm də ədalət mühakiməsinin maraqlarına xidmət edir. Vəkil ona etimad göstərən şəxslərin hüquq və azadlıqlarını müdafiə etməklə onların ən yaxın sirdaşına, məsləhətçisinə çevrilir. Vəkilin peşə davranışı qaydalarına əməl etməsi istənilən demokratik cəmiyyətdə zəruri təxirəsalınmaz sosial təlabatdır. Bu, həm də qanunun aliliyinin əsas şərtlərindən biridir.

Yüksək vəkil adını daşıyan hər kəs qanunun aliliyi, müstəqillik, demokratizm, humanizm, ədalət, aşkarlıq, konfidensiallıq prinsiplərini, insan hüquqlarını və davranış qaydalarını rəhbər tutmalı, vəkil andına sadiq qalmalı, peşə fəaliyyətində və peşə fəaliyyətindən kənar davranışında vəkillərin etik davranışı qaydalarını mütləq şəkildə nəzərə almalı, vəkilliyin nüfuzunun artırılmasına və ona olan etimadın yüksəldilməsinə səy göstərməli, peşə fəaliyyətindən kənar fəaliyyətinin vəkilliyin nüfuzuna xələl gətirməsinə imkan verməməlidir.

Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar elan edilmiş xüsusi karantin rejimində vəkillərin peşə fəaliyyətinə və hərəkət sərbəstliyinə heç bir məhdudiyyət tətbiq edilmir. Sevindirici haldır ki, ölkəmizdə vəkillik sosial izolyasiya qaydalarına riayət etmək üçün tələb olunan maddi-texniki imkanlara malikdir. Vəkillərin elektron məhkəmə sisteminə inteqrasiyası, elektron şəxsi kabinetlərin mövcudluğu, karantin dövründə müştərilərlə müqavilələri elektron qaydada bağlamaq imkanı, nağd ödəmələrdən imtina olunması və nağdsız ödəmə vasitələrindən istifadə və s. bu kimi diqqətəlayiq hallar bu gün bizim üçün adi həyat norması kimi görünsə də, təxminən iki il bundan əvvəl Azərbaycan vəkilliyi üçün xəyal idi. Koronavirus pandemiyasının indi yox, iki il bundan öncə yayılmış olsaydı, nəinki pandemiya dövründə vəkil etikasından, heç vəkillikdən söhbət gedə bilməzdi.

Koronavirus pandemiyası həyatın bütün sahələrində olduğu kimi, vəkillikdə də yeni-yeni suallar ortaya çıxarır. Böhran vəziyyətində nəzarət və məsuliyyət mühüm əhəmiyyət kəsb edir. Vəkillər və vəkil büroları son dərəcə mürəkkəb və yeni problemlərlə xarakterizə olunan bu dövrə uyğunlaşanadək qarşılaşa biləcəkləri potensial risklərə qarşı diqqətli olmalıdırlar: müştəri qəbulunda səhvlər, maraqların ziddiyyəti, iş yükünün düzgün idarə edilməməsi, mühakimə səhvləri, yanlış məsləhətlər, icraatda olan işlərə qeyri-adekvat nəzarət və s. bunların hamısı etik pozuntulara səbəb ola bilər.

Xüsusi karantin rejimində vəkillik fəaliyyəti hansı qaydada həyata keçirilməlidir? Vəkillər koronavirus böhranında hansı etik qaydalara riayət etməlidirlər? Pandemiya dövründə yüksək peşə standartları və etik davranış qaydaları tətbiq olunurmu? Dövlət tərəfindən fəaliyyətinə heç bir məhdudiyyət tətbiq edilməyən vəkil koronavirusa yoluxma təhlükəsinə məruz qalmamaq üçün özünə məhdudiyyət tətbiq edə bilərmi və bu zaman onun müştəriləri qarşısında hansı öhdəlikləri vardır? Vəkil yoluxma təhlükəsinə məruz qalmamaq üçün ona verilmiş tapşırığın icrasından imtina edə bilərmi? Koronavirusa yoluxduğu açıq-aşkar bəlli olan müştəri ilə müqavilə münasibətlərin davam etdirilməsindən birtərəfli qaydada imtina etmək olarmı? Koronavirusa yoluxmuş müştəri son iradəsini ifadə etmək üçün vəkili ilə məsləhətləşmək istəyərsə, səlahiyyətli qurumlar və vəkil necə davranmalı? Pandemiya dövründə istifadə olunan virtual əlaqə vasitələri konfidensiallıq şərtlərinə cavab verirmi?

Şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə vəkil öz vəzifələrini səmərəli yerinə yetirməyə borcludur. Bu, həm də koronavirus fəlakətindən sonra müştərilərə sürətlə dəyişən vəziyyət və hadisələr, onların müştərilərin işinə, əməliyyatlarına, maliyyə vəziyyətinə necə təsir edə biləcəyi barədə məlumat vermək öhdəliyini əhatə edə bilər. Çoxşaxəli əməkdaşlıq və komanda işi dəyişmiş iş şəraitində risklərin qarşısının alınması üçün effektiv üsuldur. Praktik nöqteyi-nəzərdən, pandemiya dövründə olduğu kimi, pandemiyadan sonra da vəkillər bir müddət müştərilər və üçüncü tərəflərlə sosial məsafə saxlamalı, ilk növbədə rəqəmsal texnologiya vasitələrindən istifadə etməklə, pandemiyanın növbəti dalğasına qarşı mübarizədə dövlət siyasətinə dəstək verməlidir. Pandemiya dövründə hər bir vəkilin üzərinə özünün çıxışlarında və yazışmalarında obyektivliyi qorumaq, karantin rejiminə dair operativ məlumatları (qərarları) çaşqınlıq yaratmadan obyektiv şəkildə şərh etmək, bununla da vəkilliyini nüfuzununu daha da artırmaq və möhkəmləndirmək vəzifəsi düşür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təbirincə desək, vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun həyata keçirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və ədalət mühakiməsinin səmərəli fəaliyyəti üçün güclü və nüfuzlu vəkillik təsisatının böyük əhəmiyyəti vardır.

Xüsusi karantin rejiminin şərtləri vəkillərdən peşə fəaliyyətini həyata keçirərkən və peşə fəaliyyətindən kənar bütün şəxslərlə münasibətdə mədəni, nəzakətli, diqqətli və səbirli olmağı tələb edir. Vəkil karantin rejimində malik olduğu peşənin yüksək statusundan irəli gələn məhdudiyyətsiz hərəkət etmə sərbəstliyi imkanından sui-istifadə etməməklə, vəkillik adına cəmiyyətə şəxsi nümunə göstərməli, hərəkət etmək azadlığı məhdudlaşdırılmış insanlarda mənfi psixoloji reaksiyaların yaranması ehtimalına zəmin yaratmamalıdır.

Vəkillərin davranışının etik minimumlarını müəyyən edən bütün beynəlxalq, milli, hətta təşkilatdaxili aktlar vəkillərdən vicdanlı davranış tələb edir. Vicdanlı davranış – vəkillərdən müştərilərə və digər şəxslərə, bütövlükdə cəmiyyətə, təmsil olunduğu vəkillik qurumuna, aidiyyəti dövlət və hüquq mühafizə orqanlarına münasibətdə dürüstlük və ləyaqətlilik, yalan danışmamaq, hədə-qorxu gəlməmək, təhdid etməmək, digər şəxslərin ağır maddi və sair vəziyyətindən yararlanmamaq, öz peşə və şəxsi məqsədlərinə çatmaq üçün qanunsuz vasitələrdən istifadə etməmək kimi nəcib keyfiyyətlər tələb edir. Pandemiyanın bütün dünyada iqtisadiyyata mənfi təsir göstərməsi danılmaz faktdır. İqtisadi baxımdan vəkillər də pandemiyanın qurbanlarına çevrilirlər: müştəri qıtlığı, gəlirlərin azalması, bəzən isə, yoxluğu, bundan əlavə, tətbiq olunan məhdudiyyətlərin yaratdığı psixoloji gərginlik vəkillərin bir qədər aqressiv davranışlarına, məsələnin iqtisadi və hüquqi tərəflərini nəzərə almadan özü üçün daha yaxşı şərtlər (güzəştlər) tələb etməsinə zəmin yaradır. Vəkil təkcə peşə fəaliyyətini həyata keçirməklə bağlı deyil, həm də koronavirus pandemiyası ilə mübarizədə, pandemiyanın yaratdığı fəsadların aradan qaldırılmasında hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır. Vicdanlı davranış prinsipi tələb edir ki, peşə etibarı ilə öz hüqularını digər peşə sahiblərindən daha yaxşı bilən vəkil yaranmış “fürsətdən” digər şəxslərin, öz həmkarlarının və təmsil olunduğu vəkillik təsisatının, cəmiyyətin və dövlətin maraqları ziddinə istifadə etmək niyyətinə düşməsin.

Hüquq praktikası son dövrlərdə mühüm dəyişikliklərə uğrayıb və daha çox kommersiya yönümlü yanaşma tətbiq olunur. Vəkillər müstəqil peşə nümayəndələridir. Lakin, unutmaq olmaz ki, vəkillər təkcə müştərilərinin maraqlarına deyil, həm də bütövlükdə ədalət mühakiməsinin maraqlarına xidmət etməlidirlər. Peşə etikası qaydaları vəkilin öz vəzifələrini icra etməsini təmin etmək məqsədilə, istənilən sivil cəmiyyətdə qəbul olunduğu kimi, həmin qaydaların şamil olunduğu şəxslər tərəfindən könüllü yerinə yetirilməsini nəzərdə tutur.

Anar Qasımlı

Azərbaycan Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional vəkil bürosunun rəhbəri

Trend.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər