Koronavirus repressiyaları. Avropada insanları küçəyə çıxmamağa necə məcbur edirlər?

1063

Avropa ölkələri koronavirus pandemiyasıyla mübarizə prosesində indiyə qədər görünməmiş tədbirlərə əl atırlar və hətta cəzalandırmaq təhdidiylə vətəndaşlara əmr edirlər ki, ancaq zəruri hallarda evlərindən çıxsınlar.

Əvvəlcə ölkələrin çoxunda hökumətlər vətəndaşlara mümkün qədər az yer dəyişməyi və başqlarıyla təmasa girməməyi məsləhət görürdülər, son həftələrdə və günlərdə isə dilətutmalardan təhdidlərə keçiblər.

Kütləvi tədbirləri təxirə salmaq və sərhədləri bağlamaq nisbətən asan olsa da, insanların davanışına aid qərarların (məsələn, Britaniya hökumətinin gəzinti üçün gün ərzində evdən ancaq bir dəfə çıxmaqla bağlı qərarının) icrasına nəzarət etmək faktiki olaraq mümkün deyil. Ona görə də rəsmilər (ən azı demokratik ölkələrdə) təkcə repressiyalara yox, insanların şüuruna və yoluxma qorxusuna bel bağlayırlar.

Gəzinti cəriməsi

İtaliya

“Biz “Xahiş edirik, toplaşmayın” kimi sadə çağırışlardan başlamışdıq, indi isə insanlar bayırda şübhəli birini görəndə polisə zəng vurub onun buraxılış vəsiqəsi olub-olmadığını yoxlamağı tələb edirlər. Küçələrdə polis və karabinyerlər var. Hamını yoxlayırlar” – peşəkarların qapalı “WhatsApp” qrupunun üzvü, Triyest şəhərindən olan Andrea Saule belə yazıb (Fərqli mənbə qeyd edilən hallar istisna olmaqla, sonrakı sitatlar da bu qrupun üzvlərinə aiddir).

Koronavirusun daha çox zərər vurduğu İtaliyada karantin şərtləri xeyli sərtdir. Ərzaq mağazalarından başqa, hər yer bağlıdır. Bir neçə gündür ki, böyük şəhərlərin küçələri boşalıb. Evlərindən çıxan şəxslərdə hara və nə üçün getdiklərini bildirən kağız olmalıdır. Karantin rejimini pozmağa görə 300-4000 avro cərimə cəzası nəzərdə tutulub. Koronavirus diaqnozu qoyulmuş şəxsin küçəyə çıxması isə 5 il həbslə nəticələnə bilər.

İspaniya

“Polis çoxlarını yoxlayır. Cərimə və hətta həbs cəzası var. İkincisi işə getmək üçün yazılı icazəsi olmayanlara tətbiq edilir” – ispaniyalı Ramon Vilaro Giralt belə yazıb.

İspaniyada hələ 14 martdan etibarən karantin tətbiq olunub. Polis dronları insanları çimərliklərdən, meydanlardan və digər qələbəlik yerlərdən dağılışmağa çağırıb. Hər gün ərzaq almağa hər evdən ancaq bir nəfər və cəmi bir dəfə çıxa bilər.

Bu ölkədə karantin rejimini pozanlar üçün sərt cəza tədbirləri nəzərdə tutulub: cərimənin məbləği 30 min avroya qədər yüksələ bilər, bəzi xüsusi hallarda isə iki illik həbs cəzası verilə bilər.

Məsələn, martın 23-də Kataloniyanın Tortos şəhərində yaşayan bir qadın internetdə tanış olduğu şəxslə görüşdən qayıdan zaman həbs olunub.

Almaniya

“Qonaqlıq təşkil edən və ya iki nəfərdən artıq qruplarda toplaşan şəxsləri təxminən 200 avro cərimələyirlər. Ancaq tualet kağızına tələbat hələ də yüksəkdir. Bir nəfərə bir bağlamadan artıq satmırlar” – bunu almaniyalı Ştefani Ştaynberger yazıb.

Almaniyada federal miqyaslı sərt qaydalar 23 martdan etibarən tətbiq edilir. Eyni evdə yaşamayan şəxslərin iki nəfərdən artıq qrupda toplaşması qadağan edilib. Buna əməl edilməsinə polis nəzarət edir.

“Spigel” qəzeti yazır ki, “Bütün Almaniyaya aid olan ümumi cərimə qaydaları yoxdur. Məsələni nizamlamağı torpaqların özlərinə həvalə ediblər. Məsələn, Şimali Reyn-Vestfaliya və Reynland-Pfalts hökumətləri 25 min avroya qədər cərimələyə bilərlər”.

Çexiya

Çexiyada fövqəladə vəziyyəti və sərt qaydaları martın 13-dən etibarən tətbiq edirlər. Küçəyə çox vacib hallarda və ancaq maskayla çıxmaq olar.

Sonuncusuna nəzarət etmək kifayət qədər asandır. Məsələn, martın 19-da çex polisi küçəyə maskasız çıxmış 1316 şəxsi saxlayıb. Onlardan ancaq 14-ü cərimələnəcək (məhkəməyə yoluyla), digərlərinə isə şifahi xəbərdarlıq olunub.

Martın 21-də Çexiya şəhərlərindən birində polis hər birini 10 min kron olmaqla, iki maskasız şəxsi cərimələyib. İctimai yerdə spirtli içki qəbul etmələri onların cəzasını ağırlaşdıran fakt kimi qeydə alınıb.

Bu ölkədə karantin qaydalarını pozmağın cəzası hətta 3 milyon kron da ola bilər – haqqında karantin qərarı verilən biri bu qərara əməl etməzsə.

Polşa

Polşa hökuməti martın 24-dən etibərən tövsiyələri qadağalarla əvəz edib – artıq bu ölkədə də gəzmək üçün küçəyə çıxmaq və iki nəfərdən artıq qruplarda toplaşmaq olmaz.

Hətta kilsələrdəki ibadət mərasimlərinə də eyni vaxtda 5 nəfərdən artıq adamın toplaşmasına icazə verilmir.

Qadağalar aprelin 11-nə qədər qüvvədə olacaq. Cərimələrsə 5000 zlota qədər müəyyənləşib.

Britaniya

Britaniya hökuməti tövsiyələrdən qadağalara 23 martda keçid edib. Həmin gündən etibarən vətəndaşlara evdən ancaq ərzaq, ilkin tələbat malları və dərman almaq üçün çıxmağa, bir də həyati əhəmiyyətli hesab olunan işlərə getməyə icazə verilib.

Bundan başqa, britaniyalılar gündə ancaq bir dəfə gəzmək üçün küçəyə çıxa bilərlər. Ancaq iki nəfərdən artıq şəxsin bir yerə toplaşması bu ölkədə də qadağandır.

Britaniya hökumətin mətbuat xidməti bu qaydaları pozanların martın 26-dan etibarən cərimələnəcəyini və cərimə məbləğinin 30 funt olacağını açıqlayıb.

Polis bildirir ki, ilk növbədə cərimələrə yox, insanların anlayışına və qanunlara tabe olmaq vərdişinə bel bağlayır. Gün ərzində ancaq bir dəfə gəzintiyə çıxmaq tələbinə gəlincə, polis işçiləri buna nəzarət etməyin qətiyyən mümkün olmadığını deyirlər.

“Əlbəttə, polis iki nəfərdən artıq qruplarda toplaşan şəxslərlə məşğul olacaq, ancaq bir şəxsin bir gündə neçə dəfə mağazaya getdiyini yoxlamaq real deyil” – İngiltərə və Uels polislərinin həmkarlar ittifaqının rəhbəri Con Apter BBC-yə müsahibəsində belə deyib.

Geri qalanlar

Avropa ölkələrinin çoxu koronavirusla mübarizənin insanları yumşaq ev həbsinə məhkum edən mərhələsinə hələ gəlib çıxmayıblar. Onların arasında Benilüks (Belçkia, Niderland, Lüksemburq) və Baltika (Litva, Latviya, Estoniya) ölkələri, o cümlədən, Finlandiya, Norveç və İsveçrə də var.

Bütün qonşuları kimi, bu ölkələr də sərhədlərini, məktəbləri və əyləncə mərkəzlərini bağlayıblar, kütləvi tədbirləri və yığıncaqları qadağan ediblər, ancaq zərurət olmadan küçəyə çıxmaq qadağasını hələ ki, tətbiq etməyiblər.

Ancaq bu da gözlənəndir.

“Bəzilərinə elə gəlir ki, karantin dostlarla yığışacaqları, ticarət mərkəzlərini boşaldacaqları şən bir məzuniyyətdir. Təəssüf ki, bütün xəbərdarlıqlar, xahişlər və nəsihətlər divara dəyib üstümüzə qayıdır” – bunu martın 23-də Litvanın baş naziri Saulyus Skvernyalis öz “Facebook” profilində yazıb.

Litva iki nəfərdən artıq qruplarda toplaşmamaq qadağasını martın 25-dən etibarən tətbiq edib.

Nöqtəvi karantin

Postsovet məkanındakı ölkələr koronavirusu müxtəlif variantlarda qarşılayıblar: hansısa ölkə ictimai nəqliyyatı qadağan edib, bir başqası bir həftəlik tətil elan edib.

Qazaxıstan hökuməti təkcə ərazi yox, həm də nöqtəvi karantin tətbiq etməsiylə fərqlənib.

Ölkənin iki paytaxtına – Nur-Sultan və Almatı şəhərlərinə giriş-çıxış qadağan olunub; mağazalar, ticarət mərkəzləri və restoranlar bağlanıb.

Bundan başqa, Qazaxıstanda virusa yoluxan və ya yoluxması şübhə doğuran şəxslərin yaşadığı ayrı-ayrı binalara da karantin tətbiq olunub.

“Martın 19-da əvvəl polis dəstələri, sonra da milli qvardiyaçılar gəldilər. Özləri üçün biotualet də gətirmişdilər. Giriş-çıxışları mühasirəyə alıb nə içəri girməyə, nə də çölə çıxmağa qoydular. Dedilər ki, karantin 15 gün davam edəcək,” – bunu BBC Rusiya xidmətinə Almatı sakini Polina deyib.

Polina bu 22 mərtəbəli binalardan birinin yaxınlığında yaşayır.

Almatı rəsmilərinin verdiyi məlumata görə, şəhərdə bu şəkildə blokadaya alınmış 15 bina var. Onlar həmin binaları “yoluxma ocaqları” adlandırırlar və vəd edirlər ki, martın sonlarından etibarən nöqtəvi karantinlərin ləğvinə başlanacaq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər