Səhiyyə Nazirliyində COVİD-19 virusu ilə mübarizə ilə əlaqədar fəaliyyət göstərən İşçi qrupunun üzvü Səbinə Babazadə verdiyi onlayn müsahibəsində COVİD-19 virusuna yoluxmuş şəxsləri yoluxma dərəcələrinə əsasən təsnifatlandırıb: COVİD-19 infeksiyasına yoluxmuş simptomsuz xəstələr, yüngül simptomlu xəstələr və ağır simptomlu xəstələr.
Səhiyyə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Səbinə Babazadə bildirib ki, simptomsuz xəstələr adından məlum olduğu kimi xəstələyin heç bir simptomunu yaşamır, yalnız virusun daşıyıcısıdır.
Simptomsuz xəstələrin yalnız COVİD-19 testini keçdikdən sonra yoluxduğu müəyyən olunur. Yüngül simptomlu xəstələrə gəldikdə isə, Səbinə Babazadənin dediyinə görə, bu xəstə ilk növbədə hərarətin yüksəlişini hiss edir. Hərarət 37 və 37.5 dərəcəyə qalxdığından sonra xəstədə baş ağrıları, halsızlıq, sümük-əzələ ağrıları, boğazda qıcıqlanma və ağrı müşahidə olunur. Bunlarla yanaşı burun axıntısı, dad və qoxu hissinin itməsi, ishal və ürək bulanması da yüngül simptomlu xəstələrdə müşahidə olunur.
Səbinə Babazadənin qeyd etdiyi kimi, ağır simptomlu xəstələrdə hərarətin 38 və daha yüksək dərəcəyə çatması, sinədə ağrıların hiss olunması, quru öskürək və təngnəfəslik simptomları ağır simptomlu xəstələrin əlamələtləridir. Bunlarla yanaşı 18 yaşadək və 18 yaşdan yuxarı xroniki xəstəliyi olan vətəndaşlarda yüngül simptomlar belə müşahidə olunarsa, onlar ağır simptomlu xəstələr kateqoriyasına aid edilir.
Simptomsuz və yüngül simptomlu xəstələr sahə poliklinikaları ilə əlaqə saxlayandan sonra onlar ev şəraitində sahə həkiminin nəzarətinə götürülür və 21 gün ərzində izolyasiya qaydalarına riayət edərək ev şəraitində müalicə olunurlar. Ağır simptomlu vətəndaşlar 103 qısa nömrəsi vasitəsilə təcili tibbi yardıma müraciət edəndən sonra stasionar müalicə üçün xəstəxanaya yerləşdirilirlər.
Səhiyyə Nazirliyinin İsçi Qrupunun üzvü Səbinə Babazadənin onlayn müsahibəsində həmçinin qeyd olundu ki, sahə həkimləri COVİD-19 virusuna yoluxmuş vətandaşlarla əlaqədə olan şəxslərlə gündə iki dəfə əlaqə saxlamaqla onların vəziyyətini müşahidə edir.