“Koronavirusla bağlı təşvişə əsas yoxdur, respublikanın ərazisində sakitlikdir”.
Bunu Lent.az -a Səhiyyə Nazirliyinin Baş epidimioloqu, professor İbadulla Ağayev deyib.
Ölkə ərazisində koronavirusa yoluxanın olmadığını vurğulayan professor, viruslardan qorunmaq üçün tövsiyələr də verib: “Əhali təşvişə düşməsin, xoflanmasın. Sosial şəbəkələrdə və digər mənbələrdə yayılan yalan məlumatlara qulaq asmasınlar. Koronavirusa yoluxma faktı olarsa biz, ona hazırıq. Əhali özünü qorusun. Əgər kimdəsə yüksək hərarət olarsa, poliklinikalara müraciət etsinlər. Getməyə imkanları olmadıqda sahə həkimlərini evə dəvət etsinlər”.
Professor özünü müalicə məsələsinə də toxunub: “İnsanlar özünü kortəbii müalicə etməsinlər. Kiminsə sözü ilə müalicə məqsədilə bilmədikləri dərmanları qəbul etməsinlər. Yalnız həkim təyinatından sonra özlərini müalicə etsinlər. Evdə qrip xəstəsi varsa, qulluq edənlər maskadan istifadə etsin. Qulluqdan sonra əllərini sabunlu su ilə yusunlar. Qab-qacağı qaynar su ilə, anti-bakterial vasitələrlə yusunlar. Sadəcə, bir otaqda yaşayırlarsa, xəstə ilə ortaya pərdə çəkilməlidir. İnsanlar rastlaşanda bir-biri ilə öpüşməsinlər. Adi virus infeksiyası, respirator xəstəliklərlə xəstələnən varsa, sağalana kimi işə buraxılmamalıdır”.